Məhkəmə qərarları › İş №2(036)-1323/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1323/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1323/2024 19.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 37000 manat məbləğində pulun və 201 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 37000 manat məbləğində pulun və 201 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2018-ci il tarixdə kommersiya işləri ilə əlaqdar tanış olmuşdur. Bir müddət sonra cavabdeh iddiaçıya bildirmişdir ki, qızıl-zinyət əşyalarının alışı və satışı ilə məşguldur. Bu səbəbdən ona borc pul verməsini xahiş etmişdir. İddiaçı cavabdehin səmimiliyinə inanaraq ona hissə-hissə borc pul vermişdir. Cavabdeh iddiaçıdan borcu alış verişdən sonra qaytarmağa söz vermişdir. 2022-ci il tarixində iddiaçı cavabdehdən borcu geri qaytarmağı xahiş etmişdir. Lakin cavabdeh qısa müddətdə borcu qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina edir. İddiaçı göstərilən səbəbdən ağır vəziyyətə düşmüşdür.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçıdan faizlə 8000 manat pul götürmüşdür. 3 il ərzində hər həftə 170 manat pul vermişdir. İddiaçı 10000 manat faizə pul verib əvəzində 15000 manat alırdı. Ondan başqa da iddiaçıdan faizlə pul götürənlər var. Onlar da onun dediklərini təsdiq edə bilərlər. Faizi ödədikcə iddiaçı yerdə qalan pula yeni qrafik açıb onların üstünə əlavə faiz gəlmişdir. Bir müddət sonra görmüşdür ki, iddiaçı onu həddindən artıq borc yükləmişdir. Həmin borcun məbləğini qaytarmaq hec cür mümkün deyildir. Bu səbəbdən stresə düşmüş, xəstəxanada yatmış, hətta intihara belə cəhd göstərmişdir. İddiaçı və əri ona hədə-qorxu gəlməklə pulu tələb edirmişlər. İddiaçı ondan evini dəyər dəyməzə satıb onun borcunu ödəməyi tələb edirdi. İddiaçıya borcu yoxdur. Birlikdə işlədiyləri vaxtda borclu olan şəxslərin siyahısını iddiaçıya vermişdir. Həmin şəxslər ona bildirmişlər ki, onun borcunu iddiaçıya ödəmişlər, lakin məhkəmə iclasında iştirak etmək istəmirlər. İddiaçının əri ona hədə qorxu gəldiyi üçün 37000 manat borcunun olmasına dair qəbz yazmışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, cavabdehin əridir. İddiaçı həm onunla, həm də arvadı ilə iş görmüşdür. İddiaçı onunla ev tikintisi, arvadı ilə qızıl alqısatqısı ilə məşğul olmuşlar. Cavabdehin qalan borcuna görə hər ay iddiaçıya 500 manat, cəmi 5000 manat pul ödəmişdir. 38000 manat borc var idi. Müxtəlif şəxslərdə olan borcları yığıb 28000 manat pulu iddiaçıya vermiş, 5000 manatı da özü ödəmişdir. Cavabdehin borcundan iddiaçı və onun ərinin təzyiqi ilə onlara məxsus maşında arvadı borc barədə qəbz vermişdir. Əslində iddiaçıya borc qalmamışdır.

8. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçını bacısıgildə görmüşdür. Bacısı ilə bir yerdə işləmişlər. İddiaçı pul verirdi, Elnur da ev tikib satırdı. İddiaçı bir yerdə görülən işlərlə bağlı ziyana şərik olmurdu. Ev tikintisi ilə bağlı pul verib, ona çatası xeyri əvvəlcədən alırdı. Dəfələrlə Elnura bu işin nəticəsinin yaxşı olmadığını, onun ziyana düşəcəyini demişdir. Bacısıgildə olanda iddiaçı və onun əri gəlib borcla bağlı mübahisə etmişlər. əfqan polis formasında gəlib hədə-qorxu gəlmişdir. Aralarında olan borc məbləğinin nə qədər olmasından məlumatı yoxdur.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. 01.12.2022-ci il tarixli Sadə yazılı qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 37000 manat pul borc almışdır və geri qaytarmağına söz vermişdir.

12. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə 37000 manat borc verilmiş, lakin cavabdeh tərəfindən həmin borc məbləği iddiaçıya qaytarılmamışdır.

13. Tərəflər arasında qəbz tərtib edilsə də, həmin qəbzin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir.

14. Məhkəmə qeyd edir ki, borc müqaviləsinə əsasən bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı, cavabdehin ona borclu olmasını aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borcun mövcud olmasına dair yazılı sənədə (əlyazma) istinad edir.

15. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş edilmiş qəbzdən, yəni borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir.

16. Həmçinin cavabdeh tərəfindən qeyd edilsə də ki, iddiaçıya borcu yoxdur və borc ödənilmişdir, bununla bağlı iş materiallarında və ya məhkəməyə heç bir sübut təqdim etməmişdir.

17. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 37000 manat məbləğində pul və 201 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar