Məhkəmə qərarları › İş №2(036)-1351/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1351/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1351/2025 28.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 2305 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Müki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 2305 manat məbləğində pulun və ödənilmiş 46 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2024-cü ilin may ayında İmişli şəhərində yaşayan tanışı X3 idarə etdiyi "Ford Fokus" markalı “30BM126” dövlət qeydiyyat nişanlı avtomobili görmüş, həmin avtomobili özünə almaq istəmişdir. Maşını almaq istədiyini Rəhmana demişdir. Nağd pulu olmadığına görə həmin avtomobili lizinqə salıb götürmək istəmiş, lakin nə iddiaçının, nə də oğlu Hacıyev Orxanın sürücülük vəsiqəsi olmamışdır. Lizinqə maşını salıb götürməkdən ötrü oğlu Orxan və Rəhmanla Bakı şəhərinə getmişdir. Lizinq idarəsində oğlu Orxanın sürücülük vəsiqəsi olmadığına görə Rəhman maşının alğı-satqısı ilə məşğul olan əmisi oğlu Cavabdeh lizinq idarəsinə çağırmış, maşının alğı-satqısını sənədləşdirməkdə onlara köməklik göstərməsini xahiş etmişdir. Rəhmanın özünün də sürücülük vəsiqəsi olmamış, bu səbəbdən də alıcı qismində "X13" MMC-nin timsalında X9 ilə satıcı qismində X7 arasında 1897 nömrəli 08 aprel 2024-cü il tarixli lizinq obyektinin alğı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra Rəhmanın etibarnaməsi əsasında əmisi oğlu Cavabdeh lizinq alan qismində çıxış etmişdir. Avtomobilin lizinqdə sənədləşdirilməsi zamanı 3000 manat nağd ödənmiş, 5 ay ərzində hər ay 525 manatdan aylıq ödəniş etmişdir. Avtomobilin alğı-satqısı rəsmiləşdirilərkən lizinq alan Cavabdeh, satıcı qismində isə iddiaçının oğlu Orxan olmuşdur. 5 ay ərzində iddiaçı cəmi lizinqə 2516 manat pul ödəmişdir. Sonra onun aylıq ödənişi etmək imkanı olmamışdır. Aradan 1 ay 15 gün keçdikdən sonra lizinq idarəsindən gəlib aldığı maşını aparmışlar. Lizing idarəsinə olan borcla bağlı Bank Sübhana bildiriş vermiş, bundan sonra Sübhan lizinq idarəsinə gedib vəziyyəti yerində öyrənmişdir. Lizinq idarəsindən Sübhana 2304 manat pul ödəsə maşını götürə biləcəyi bildirilmişdir. Bundan sonra Sübhan iddiaçıya zəng edib 2304 manat pul göndərsə maşının çıxacağını, əks halda maşını verməyəcəklərini demişdir. Buna görə o, birinci dəfə 28 oktyabr 2024-cü il tarixdə borca pul götürərək 1500 manat, 29 oktyabr 2024-cü il tarixdə 300 manat, 01 noyabr 2024-cü il tarixdə isə 505 manat olmaqla, tələb olunan 2305 manat pulu Sübhanın həyat yoldaşının adına olan baş hərfləri N.. G...Q... qızının adına olan kart hesabına köçürmüşdür. İddiaçı telefon əlaqəsi saxlayanda Sübhan 2305 manat pulu aldığını bildirmişdir. Sonradan cavabdehin 1500 manat pulu banka köçürdüyü, 805 manatı isə şəxsi ehtiyaclarına xərclədiyi ona məlum olmuşdur. Bank bu səbəbdən maşını ona qaytarmamışdır. Bu hesaba lizinqlə bağlı ödədiyi 3000 manat və aylıq ödənişə görə 2516 manat, cəmi 5516 manat ziyana düşmüşdür. Sübhan pulu tam ödəmədiyinə görə banka ödədiyi 1500 manat pulu ona qaytarmışlar. Bu ziyana düşməsinin səbəbkarı isə Cavabdehdur. Belə ki, iddiaçı cavabdehin təqdim etdiyi və həyat yoldaşının adına olan karta köçürdüyü 2305 manat pulu vaxtında tam ödəsəydi, aylıqları ödəmək hesabına maşını özünə qaytara bilərdi. Bununla bağlı İmişli Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, 17 fevral 2025-ci il tarixli qərar ilə toplanmış material üzrə cinayət tərkibi olmadığına görə cinayət təqibinin başlanılmasını rədd edilmiş, həmin qərardan narazı qaldığı halda məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. O, dəfələrlə Sübhana zəng edib ödədiyi 2305 manat pulu tələb etmiş, cavabdeh müxtəlif bəhanə ilə pulu geri qaytarmamışdır. Səbəb olaraq ödədiyi pulun 1500 manatının cavabdehdə, 805 manatının isə Rəhmanda olduğunu bildirmişdir. İddiaçı cavabdehə verdiyi 2305 manat pulu almaqdan ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, "Ford Fokus" markalı “30BM126” dövlət qeydiyyat nişanlı avtomobil əmisi oğlu X5 məxsusdur. X8 avtomobilin satışını ona həvalə etmişdir. Həmin avtomobili iddiaçı oğlu X6 almaq istəmiş, imkanı olmadığından lizinq müqaviləsi bağlamaq qərarına gəlmişdir. X1 vəsiqəsi olmadığından, iddiaçı ondan lizinq alan qismində iştirak etməsini xahiş etmişdir. Buna görə də lizinq müqaviləsində “X13” MMC lizinq verən, Cavabdeh lizinq alan, X2 qismində iştirak etmişlər. Avtomobili satdıqdan sonra X4 ona 3500 manat borcu qalmışdır. İddiaçı bir müddət müqavilə üzrə ödənişlər etmiş, lakin sonradan ödənişləri gecikdirdiyindən avtomobil lizinq verən tərəfindən götürülmüşdür. Həmin avtobilin qaytarılması üçün 2305 manat pulun ödənilməsi tələb edilmiş, iddiaçı həmin pulu ona göndərmiş, o da ödəniş etmişdir. Ödəniş etdikdən sonra lizinq verən iddiaçı onları təhqir etdiyindən avtomobili geri qaytamamışdır. Sonradan o, ödənilmiş 2305 manat məbləğində pulu geri qaytarmışdır. İddiaçı ondan həmin pulun qaytarılmasını tələb etmiş, lakin o, həmin pulu iddiaçının 3500 manat borclu olduğu puldan çıxmışdır. Sonda cavabdeh iddia əsassız olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh, “X13” MMC və X7 arasında lizinq müqaviləsi bağlanmış, cavabdeh lizinq alan qismində göstərilsə də, lizinq predmeti olan "Ford Fokus" minik markalı avtomobil X4 istifadəsində olmuş, ödənişlər isə iddiaçı tərəfindən cavabdeh vasitəsilə edilmişdir. Vaxtında ödəniş edilmədiyindən avtomobil lizinq verən tərəfindən geri alınmış, iddiaçı tərəfindən gecikdirilmiş 2305 manat məbləğində pul ödənilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh həmin pulu ödəsə də, sonradan həmin məbləği lizinq şirkətindən geri almış, özündə saxlamışdır. İddiaçı cavabdehdən pulun qaytarılmasını tələb etmiş, cavabdeh həmin pulu özündə saxlayaraq qaytarmaqdan imtina etmişdir.

8. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

9. Belə ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə uyğun olaraq məhrum olanın varlanmış şəxsdən əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ vardır.

10. İş materialında olan qəbzlərdən görünür ki, ayrı-ayrı vaxtlarda N*****G*****Q***** qızının 523915******7904 nömrəli kart hesabına iddiaçı tərəfindən 2305 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında cavabdeh 2305 manat məbləğində pulun onun tərəfindən qəbul edildiyini etiraf etmişdir.

11. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə ödənişin edilməsi üçün cavabdehə 2305 manat məbləğində pul verilmiş, həmin məbləğ nəticə etibarı ilə sonda cavabdehdə qalmışdır. Daha sonra iddiaçı həmin pulun qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytamayaraq əsassız varlanmışdır.

12. Məhkəmə iclasında cavabdeh iddiaçının ona borcu olduğunu və həmin borcun ödənilmədiyini əsas gətirərək tələb olunan pulu borcun bir hissəsi ilə əvəzləşdirdiyini bildirmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının ona borcu olduğunu təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

13. Belə ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

15. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh lizinq müqaviləsi üzrə ödənişin edilməsi üçün iddiaçının ödədiyi 2305 manat məbləğində pul vəsaitini əldə etməklə əsassız olaraq varlanmışdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır.

17. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 2305 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

18. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

19. Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən iddianın qiymətinə uyğun olaraq ödənilməli olan dövlət rüsumu 43,05 manat təşkil edir.

20. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 46 manat manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin 43,05 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qalan 2,95 manat hissəsi məhkəmə xərcinə daxil olmadığından iddiaçıya aid edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 2305 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. Ödənilmiş 43,05 manat dövlət rüsumundan ibarət məhkəmə xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar