Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1417/2024 08.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı və nümayəndəsi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6180 manat məbləğində pul, vəkil xidmətinə görə ödənilmiş 350 manat pul və 82 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayonu, Boşçalılar kəndində yaşayır. İmişli rayonu, Qulubəyli kəndində yaşayan və İmişli şəhərində qəssablıq fəaliyyəti ilə məşğul olan Cavabdeh 2023-cü ilin oktyabr-noyabr aylarından tanıyır. Onunla münasibəti həmin vaxt mal-qara kəsimi satışı ilə yaranıbdır. Belə ki, o özünün həyətində mal-qara bəsləyib satmaqla məşğuldur. O, kəndlərində gedən söhbət zamanı eşitmişdir ki, İmişli şəhərində Qulubəyli kənd sakini Əziz (el araqsında ona Fəqan deyirlər) balası olmuş dişi malların kəsib satışı ilə məşğul olur. Onun də təsərrüfatında olan doğmuş bir neçə baş mal-qara olduğu üçün onu bazarda deyil, qəssabxanada kəsib satılmasına üstünlük vermişdir. Bu məqsədlə o Əzizin telefon nömrəsini almış və onunla telefonda doğmuş mallarının qəssabxanada kəsilib satılması barədə olan niyyətini ona bildirmişdir. Əziz ona demişdir ki, doğmuş mallarıın bir kiloqramını 11 manatdan, doğmamış malların bir kiloqramını isə 11 manat 50 qəpikdən alır. Telefonda Əzizin dediyi şərtlər əsasında mallarını ona satacağına razılaşmışdır. 2023-cü ilin axırlarından başlayaraq ona bir neçə doğmuş və doğmamış mallarını satmış və sonuncu satdığı heyvanlarının dəyərini cavabdeh ödəmişdir. Bu yolla onlar malların satışını həyata keçirmişlər. 2024-cü ilin əvvəllərində Əziz ondan aldığı 3 baş inəyin pullarını gecikdirmiş və səbəb kimi ona demişdir ki, inəyin ətini verdiyi şəxslər pulu gecikdirirlər, ona görə də onu gözləməyini xahiş etmişdir. Onunla aralarında olan münasibətə görə Əzizi gözləmişdir. Həmin vaxt Əzizdə onun 3700 manat pulu qalmışdır. Sonradan Əziz həmin puldan ona 500 manatını qaytarmışdır. Buna görə Əzizə heyvan satmağı dayandırmışdır. 2024-cü ilin mart ayının əvvəllərində Əziz ondan xahiş etmişdir ki, ona mal-qara gətirsin, pulunu nağd ödəyəcəyəckdir. Bu söhbətlərindən sonra Əzizə 3 baş mal-qara vermiş, bir-iki gün gecikmə ilə olsa da, həmin heyvanların pulunu ona ödəmiş, lakin əvvəldən olan borcundan ödəniş etməmişdir. 13 aprel 2024-cü il tarixdə o, Əzizin yanına getmişdir ki, köhnə borcdan alsın, çünki, o, söz vermişdi. Həmin vaxt Əziz ona demişdir ki, “sən narahat olma, sosial pensiya və yardım pulu ödənilərkən alacaqları var, pulu yığıb sənə 1000 manat qaytaracaq. Ancaq indi ona erkək dana lazımdır, sən mənə köməklik göstər.” Lakin bildirmişdir ki, erkək danası yoxdur, ancaq qardaşı Novruzov Zülfüqarın bəsləmədə bir baş erkək danası vardır. Həmin vaxt Əziz onun telefonu ilə qardaşı Zülfüqarla danışmışdır. Qardaşı Zülfüqar ona demişdir ki, “erkək danadır, bir yerdən həmin dananın bir kiloqramına görə səndən 12 manatdan pul alacam. Həftənin altıncı və bazar günü pulu tam alacam”. Əziz də Zülfüqarın şərti ilə razılaşmış və bu razılaşmanı onun yanında etmişdir. Zülfüqar erkək dananı ona vermiş, o da həmin dananı 15 aprel 2024-cü il tarixdə İmişli şəhərinə gətirib Əzizə işlətdiyi qəssabxanada vermişdir. Əziz onun yanında erkək dananı kəsmiş və həmin dananın təmiz çəkisi 152 kiloqram gəlsə də, iki kiloqramını ümumi çəkidən çıxmışdır. 150 kq ətə görə Əziz ona 1824 manat pul verməli idi ki, o da həmin pulu qardaşına çatdırsın. Verilmiş sözə əsasən həmin pul ona 2024-cü ilin 20 və ya 21 tarixlərində verilməli idi. 16 aprel 2024-cü il tarixdə Əziz ona zəng etmiş və bildirmişdir ki, bir doğmamış dişi danaya ehtiyacı vardır. O, Əzizə bildirmişdir ki, onda bir baş doğmamış dana var, ancaq pulu çox olacaqdır, ona görə də əvvəlki borcunu ödəməsə həmin heyvanı verməyəcəkdir. Əziz ona demişdir ki, borcların qaytarılması ilə bağlı aralarında danışıq olub, həmin vaxt pulları verəcək. Ona görə də 17 aprel 2024-cü il tarixdə 1 baş doğmamış dişi dananı Əzizin işlətdiyi qəssabxanada ona təhvil vermiş, yanında dana kəsilmiş, çəkisi 101 kiloqram olmuş, o, bir kiloqramı çıxmış, 100 kiloqram ətin pulunu hissə-hissə üç dəfəyə ödədi. Həftə sonu çatmamış Əziz yenə də ona zəng etmişdir ki, 1 baş doğmuş düyə lazımdır. Həmin heyvanın pulunu da həftə içində ödəyəcək. Həmin vaxt, o, Əzizə öz narazılığını bildirmişdir ki, borcları qaytarmamış ona mal verməyəcəyək. Əziz yenə xahiş etdi ki, gecikmə ilə olsa da, pulları ödəyir və gətirdiyi heyvanın da pulunu növbəti həftənin içərisində ödəyəcəkdir. Yenə də onun sözünə inanmış, ancaq özündə Əzizin istədiyi heyvan olmamış, lakin həmkəndlisi X1 bir baş doğmuş düyə heyvanı olduğunu bildirmişdir. Əzizə demişdir ki, “Ziyadla danışaram, razılaşsa, bir baş doğmuş düyəni gətirəcəyəm”. Ziyad onunla razılaşmış, anasının xəstə olmasına görə 1 baş düyəni aparıb qəssab Əzizə verməyi, pulunu da alıb çatdırmağını ona həvalə etmişdir. O da Əzizlə danışığının səhəri günü, Ziyadın bir baş doğmuş düyəsini maşınla İmişli şəhərinə gətirib Əzizə işlətdiyi qəssabxanada təhvil vermişdir. Əziz həmin düyəni yanında kəsmiş, çəkisi 108 kiloqram gəlmişdir. Düyənin hər kiloqramını Əziz 11 manatdan almış və bu hesaba ona 1188 manat pul verməli idi. Lakin Əziz vədinə əməl etməmiş, ona təhvil verdiyi qardaşı Zülfüqarın erkək danasının dəyəri olan 1824 manatı, Ziyadın bir baş düyəsinə görə 1188 manat pulu, o cümlədən ona borclu olduğu pulu qaytarmamış, hər gün onu aldatmışdır. Bu səbəbdən o, qardaşı Zülfüqar və həmkəndlisi Ziyad polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Araşdırma zamanı Əziz etiraf etmişdir ki, ona aldığı mal-qara ətinə görə borcu 6180 manatdır.
3. İş materialları ilə müəyyən olur ki, İddiaçı İmişli Rayon Polis Şöbəsinə müraciəti əsasında Cavabdeh izahatı alınmış və həmin izahatinda o, İddiaçı aldığı mal-qara ətinə görə 6180 manat borclu olduğunu etiraf etmişdir.
4. xx.xx.2024-cü il tarixli qəbzlə müəyyən olur ki, İddiaçı tərəfindən vəkil xidmətinə görə İmişli rayon vəkil bürosunun hesabına 350 manat pul ödənilmişdir.
5. İddiaçı tərəfindən iddia ərizəsi üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz əsasında X5 vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 82 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçı və nümayəndəsi İmişli rayon vəkil bürosunun vəkili X4 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdilər.
7. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul edərək təmin olunmasına etiraz etmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
8. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. Maddə. 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
11. Maddə. 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
12. Maddə. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
19. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.
21. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda heyvanlar almış və ümumilikdə 6180 manat məbləğində pul borcu yaranmışdır.
22. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (MM-nin 442, 443.1 və 445.2.1ci maddələri).
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
26. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
27. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas olmadığı üçün o, əldə etdiyini iddiaçıya qaytarmalıdır.
28. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 6180 manat məbləğində pul vəsaiti, vəkil xidmətinə görə ödənilmiş 350 manat pul və 82 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası təmin edilsin. Cavabdeh 6180 manat məbləğində pul vəsaiti, vəkil xidmətinə görə ödənilmiş 350 manat pul və 82 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev