Məhkəmə qərarları › İş №2(036)-1497/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1497/2021

18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1497/2021 18.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə iddiasına dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 04.07.2012-ci il təvəllüdlü X2 və 28.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(036)- 1037/2018 saylı qətnaməsinə əsasən cavabdehdən hər ay onun xeyrinə tutulması müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(036)-1037/2018 saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş 04.07.2012-ci il təvəllüdlü X2 və 28.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən 3 ildən artıq müddət keçmişdir. Himayəsində olan uşaqlar böyüdükcə onlara çəkilməli olan xərclərinin miqdarı da artmışdır. Bundan əlavə, 04.07.2012-ci il təvəllüdlü X3 anadangəlmə autizm xəstəliyindən əziyyət çəkir və həmin xətəliklə əlaqədar tez-tez yerli ixtisaslı həkimlərin müalicə və müayinəsinə aparılır. Bu xərclər üçün 240 manat kifayət etmir. Cavabdeh isə ona əlavə maddi köməklik göstərmir. Hesab edir ki, alimentin artırılmasına dair məhkəmə qətnaməsi olmazsa, cavabdeh uşaqlarının maksimal dərəcədə saxlanılması üçün lazımi köməklik göstərməyəcəkdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(036)- 1037/2018 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 04.07.2012-ci il təvəllüdlü X2 və 28.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra-Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Nikakın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbi barədə işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 3217-cı il tarixli 8- 2/16 nömrəli qərarına əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanşacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallarla yanaşı uşağın əvvəlki təminatının səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(036)-1037/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə artırılmalı və 04.07.2012-ci il təvəllüdlü X2 və 28.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(036)-1037/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. 04.07.2012-ci il təvəllüdlü X2 və 28.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar