Məhkəmə qərarları › İş №2(036)-1513/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1513/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1513/2021 25.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00871092 saylı, 26 avqust 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 8 (səkkiz) AZN məbləği olmaqla, 6 (altı) ay müddətinə ümumi dəyəri 530 (beş yüz otuz) AZN məbləği olan 1 (bir) ədəd «SAMSUNG GALAXY A30” markalı mobil telefon satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 1 (bir) “SAMSUNG GALAXY A30” markalı mobil telefonun dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 87 (səksən yeddi) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, “Nisyə alğı-satqı” müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq iddiaçı "xxxx" MMC ilə digər cavabdeh Zamin arasında 26 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən cavabdehlər Cavabdeh və Zamin cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini icra etməmişlər. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh və Zamin cəmiyyətə 04 may 2021-ci il tarixə 171 (yüz yetmiş bir) AZN məbləğində əsas borcu, 52 (əlli iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 223 (iki yüz iyirmi üç) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh və Zamin müştərək qaydada 171 (yüz yetmiş bir) AZN məbləğində əsas borcun, 52 (əlli iki) AZN məbləğində cərimə borcunun, ümumilikdə 223 (iki yüz iyirmi üç) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh və Zamin qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh və Zamin, o cümlədən, iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00871092 saylı, 26 avqust 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ilkin ödəniş 8 (səkkiz) AZN məbləği olmaqla, 6 (altı) ay müddətinə ümumi dəyəri 530 (beş yüz otuz) AZN məbləği olan 1 (bir) ədəd «SAMSUNG GALAXY A30” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 26 yanvar 2020-ci il tarixli “təhvil-təslim” aktından görünür ki, “alıcı” Cavabdeh 00871092 saylı, 26 avqust 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 530 (beş yüz otuz) AZN məbləği olan 1 (bir) ədəd «SAMSUNG GALAXY A30” markalı mobil telefonu təhvil almışdır. İş materillarında olan 00871092 saylı, 26 avqust 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 530 (beş yüz otuz) AZN məbləği olan 1 (bir) ədəd «SAMSUNG GALAXY A30” markalı mobil telefonun dəyərinə görə 6 (altı) ay müddətinə hər ay 87 (səksən yeddi) AZN məbləğində pulu hissə-hissə “satıcı” "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00871092 saylı, 26 avqust 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, cədvəlin 2-ci bəndinə əsasən “alıcı” ödənişləri gecikdirdikdə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həddində peniya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə cavabdeh Zamin arasında bağlanmış 00871092 saylı, 26 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Zamin cəmiyyət qarşısında “zamin” durmuşdur. İş materiallarında olan 02 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 may 2021-ci il tarixə cəmiyyətə 171 (yüz yetmiş bir) AZN məbləğində əsas borcu, 52 (əlli iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 223 (iki yüz iyirmi üç) AZN məbləğində borcu mövcudur. İş materiallarında olan 07 yanvar 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh və Zamin hər biri ayrı-ayrılıqda "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 05 may 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, iddiaçı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh və Zamin arasında bağlanmış 00871092 saylı, 26 avqust 2019-cu il tarixli “Nisyə alğı-satqı” və “Zaminlik” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin müştərək qaydada 171 (yüz yetmiş bir) AZN məbləğində əsas borc, 52 (əlli iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 223 (iki yüz iyirmi üç) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və Zamin müştərək qaydada 171 (yüz yetmiş bir) AZN məbləğində əsas borc, 52 (əlli iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 223 (iki yüz iyirmi üç) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar