Məhkəmə qərarları › İş №2(036)-1522/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1522/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1522/2021 16.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X8 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi ilə, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh X2 qarşı “nisyə alınmış malın dəyərinin ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 ondan nisyə alınmış malların dəyəri 4168 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İmişli şəhərində fərdi əməklə, plastik qapı-pəncərə düzəldib satmaqla məşğul olur. Cavabdeh X3 ona məxsus sexdən 4168 manat dəyərində plastik qapı-pəncərə düzəldilməsi üçün lazım olan materialları nisyə götürüb pulunu isə 2020-ci ilə kimi ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh bu vaxtadək onun pulunu qaytarmamışdır. Cavabdehdən dəfələrlə tələb etsə də, borcunu ödəməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, İddiaçı plastik qapı-pəncərə düzəldib satmaqla məşğul olur. Cavabdeh X3 dəfələrlə onun yanında Seymurdan nisyə mal götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X4 və X5 işin hallarına dair şahid X6 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə iddiaçını və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından olan, qaimələrindən görünür ki, cavabdeh X3 İddiaçı müxtəlif tarixlərdə nisyə mal-materiallar almışdır. İşdə olan 18 nömrəli qaimədən görünür ki, cavabdeh X3 İddiaçı plastik qapı-pəncərə düzəldilməsi üçün lazım olan üç adda materialları həmin qaiməni imzalamaqla təhvil almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 4168 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı oğluna verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 4168 (dörd min yüz altımış səkkiz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar