Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1540/2024 12.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “su yolunun açılması” tələbinə dair mülki mübahisə (açar sözlər: qonşuluq hüququ, su yolunun açılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçının nümayəndəsi Usubov Fizulinin, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz olaraq bağladığı İmişli rayonunun Cavadxanlı kəndində yerləşən həyətyanı torpaq sahəsinə gələn su yolunun öz hesabına açılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehin qanunsuz olaraq bağladığı İmişli rayonunun Cavadxanlı kəndində yerləşən həyətyanı torpaq sahəsinə gələn su yolunun öz hesabına açılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayonunun Cavadxanlı kəndində iddiaçının mülkiyyətində **********16 reyestr nömrəli Çıxarışla 0,24 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı həmin həyətyanı torpaq sahəsində tikdiyi evdə həyat yoldaşı X3 və uşaqları ilə birlikdə yaşayırlar. Həyətyanı torpaq sahəsinə 1970-ci ildən qonşusu Cavabdeh məxsus həyətyanı torpaq sahəsinin kənarından, onun evinin təxminən 60-70 metr aralıdan keçən su arxı gəlir. İddiaçı suya olan ehtiyaclarını bu su arxından gələn su ilə ödəyir, həyətini ağaclarını, əkinini suvarır. Lakin qonşu Cavabdeh son vaxtlar həyətə gələn su arxını doldurub bağlamış, suyun həyətinə gəlməsinə maneə yaratmışdır. Cavabdeh həyətinə yaxın yerdə balıqçılıq gölü yaratmışdır ki, bu da həyətinin şorlaşmasına səbəb olmuşdur. Nəticədə iddiaçı əkdiyi bitkiləri suvara bilmir, ağacları susuzluqdan məhv olur, ona böyük miqdarda ziyan vurmuşdur. Bu faktı fotoşəkillər də təsdiq edir. İddiaçı cavabdehdən qanunsuz hərəkətini aradan qaldırmağı tələb etsə də, heç kimi eşitmək istəmir. Cavabdeh, əksinə iddiaçını şərləmək üçün hər bir vasitədən istifadə edir, hətta ərindən polis şöbəsinə, qaynar xəttə şikayət etmişdir. İddiaçı, kənd bələdiyyəsinə, icra nümayəndəliyinə müraciət etmiş, bildirmişlər ki, həmin cavabdeh qanunsuz hərəkət edir, mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Vəzifəli şəxslər bildirmişlər ki, məhkəmə sorğu etsə, suyun kəsilməsi faktı barədə sənəd tərtib edib təqdim edə bilərlər. Ona görə cavabdehin bağladığı su arxı açılmalı, qanunazidd hərəkətlərinə son qoyulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Usubov Fizuli iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçı ilə qonşudur. İddiaçı əkinini suvarmaq üçün ondan su yolu istəmişdir. Su yolu olan hissədə heç vaxt su arxı olmamışdır. İddiaçı həmin yeri qohumundan almışdır. Uzun illər həmin yerdə yaşayış olmamışdır. İddiaçı da aldığı sahədən su yolu çəkmişdir. İddiaçının sahəsini suvarmaq üçün çəkdiyi su arxı onun təsərrüfatına ziyan vurmuşdur. Həyəti su içində qalır, inək və buzovu ölmüş, 800 ədəd ot presi suda islanıb yararsız vəziyyətə düşmüşdür. Kənd icra nümayəndəsi və təhqiqatçı həmin yerə baxış keçirib, ona bildirmişlər ki, arxı bağlasın. Dəfələrlə iddiaçıya su arxını bağlamasını xahiş etsə də, o, buna məhəl qoymamışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. 21.03.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İmişli rayonu, Cavadxanlı kəndində yerləşən 0,24 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquq növü üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı və cavabdeh İmişli rayonu, Cavadxanlı kənd sakinləri olmaqla, qonşu həyətyanı torpaq sahələrinin qanuni istifadəçiləridirlər. İddiaçıya məxsus torpaq sahəsinə gələn su yolu cavabdehin torpaq sahəsinin kənarından keçməklə, sonuncu tərəfindən yararsız hala salınmışdır.
11. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
12. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
13. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü onun torpaq sahəsinə gələn su yolunun cavabdeh tərəfindən bağlanması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçının torpaq sahəsinə gedən su yolu onun həyətyanı sahəsinə, heyvanlarına və ot presinə ziyan vurduğuna görə bağlamışdır. Başqa sözlə cavabdeh tərəf iddiaçının bildirdiklərini etiraf etmişdir.
15. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, su yolunun cavabdeh tərəfindən bağlanmasını sübut etməsi yükü iddiaçının üzərinə düşür, cavabdeh həmin halı etiraf etdiyi üçün isə əks tərəfi sübut etmə vəzifəsindən azad edir.
16. Etiraf edilən hal isə onu deməyə əsas verir ki, iddiaçının həyətinə gələn su axımına cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da onun əmlakdan istifadəsi məhdudlaşdırılmışdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.3-cü maddəsində sudan istifadə olunması və suyun təbii axımı ilə əlaqədar qonşunun vəzifələri müəyyən olunmuşdur. Həmin normanın tələblərinə əsasən qonşu suyun təbii axımını qonşunun zərərinə dəyişməyə haqlı deyildir. Göstərilən hərəkətlər nəticəsində qonşuya zərər dəydikdə, o, mənfi nəticələrin aradan qaldırılmasını tələb etməyə haqlıdır. Suyun təbii yolunun dəyişdirilməsi və bağlanması kimin hərəkətləri nəticəsində baş verərsə, bərpa xərcləri və ya əlavə xərclər onun hesabına ödənilməlidir.
18. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, iddiaçının izahatını və cavabdehin etirafını nəzərə alaraq, iddianın əsaslı olması qənaətinə gəlir və buna görə də iddia təmin edilməlidir.
19. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı su yolunun cavabdehin torpaq sahəsindən deyil, torpaq sahəsinin kənarından keçməsi müəyyən olunmuşdur ki, bu halda cavabdeh tərəf ona məxsus torpaq sahəsindən iradələrinə zidd şəkildə iddiaçıya su yolunun açılmasını mülkiyyət hüquqlarının pozuntusu kimi qiymətləndirə bilməz.
20. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh qanunsuz olaraq bağladığı İmişli rayonunun Cavadxanlı kəndində yerləşən İddiaçı həyətyanı torpaq sahəsinə gələn su yolu Cavabdeh hesabına açılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev