Məhkəmə qərarları › İş №2(036)-1592/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1592/2020

23.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1592/2020 23.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 2(036)-1592/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ İmişli Rayon Məhkəməsi xx xxxx 2020-ci il İmişli şəhəri Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə, cəmiyyətdə “satıcı-kassir” vəzifəsinə işə götürülmüş və “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. xx xxxxxxx 2017-ci il tarixli əmr ilə Cavabdeh cəmiyyətdə “administrator” vəzifəsinə keçirilmiş və xx xxxx 2019-cu il tarixli əmr ilə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtında bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx xxxxxx 2018-ci il tarixdə “Oba-Nərimanov 11 filialı” mağazasında işlədiyi zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh İddiaçı MMC-yə maddi zərərin vurması müəyyən edilmişdir. Bu barədə xx xxxxxx 2018-ci il tarixli “İnventarizasiya nəticələrinə dair” akt tərtib edilmiş və dəymiş maddi zərərin məbləği 11408.49 (on bir min dörd yüz səkkiz, qırx doqquz) AZN məbləği həddində müəyyən edilmişdir. Cavabdeh tərəfindən 11408.49 (on bir min dörd yüz səkkiz, qırx doqquz) AZN məbləğində dəymiş maddi zərərdən İddiaçı MMC-nin xeyrinə ümumilikdə 1232.49 (on iki min iki yüz otuz iki, qırx doqquz) AZN məbləğində pul ödənişi həyata keçirilmişdir. Lakin Cavabdeh tərəfindən dəymiş maddi zərərin qalıq hissəsi yəni, 10176 (on min yüz yetmiş altı) AZN məbləğində pul ödənişi bu günədək cəmiyyətin xeyrinə ödənilməmişdir. Cavabdeh dəymiş maddi zərərin qalıq hissəsinin ödənilməsi barədə İddiaçı MMC tərəfindən bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bunun heç bir müsbət nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən, İddiaçı MMC dəymiş 10176 (on min yüz yetmiş altı) AZN məbləğində maddi zərərin əvəzinin və və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi teleqram və ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə, İddiaçı MMC-də “satıcıkassir” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC-nin 228-K saylı, xx xxx 2017-ci il tarixli əmrindən çıxarışın və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə, İddiaçı MMC-də “satıcı-kassir” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. (əsas tərəflər arasında bağlanmış əmək müqaviləsi) İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC-nin 465-K saylı, xx xxxxxxx 2017-ci il tarixli əmrindən çıxarışın və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də “administrator” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. (əsas tərəflər arasında bağlanmış əmək müqaviləsi) İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, müqavilənin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli və xx xxxxxxx 2017-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, “işçi”-Cavabdeh İddiaçı MMCdə “satıcı-kassir” və “administartor” vəzifələrində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən”-İddiaçı” MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli və xx xxxxxxx 2017-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, müqavilənin 2.2-ci bəndinə və 3cü bəndinə əsasən “işəgötürən” qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirilməlidir. “Maddi məsul şəxs”in təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərindən işəgötürənə dəymiş ziyanın məbləği a. faktiki itkilər üzrə və b. ...müvafiq aşınma normaları nəzərə alınmaqla, maddi qiymətli əşyaların balans dəyərindən müəyyən edilir; c. işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib edilir. İş materiallarında olan 269-K saylı, xx xxxx 2019-cu il tarixli əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı MMC-də “administartor” vəzifəsində işləyən işçi Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xx xxxx 2019-cu il tarixdən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (əsas işçinin ərizəsi) İş materiallarında olan 10 saylı, xx xxxxxx 2018-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı MMC tərəfindən “Əmlakın və öhdəliklərin” inventarizasiya Qaydalarına müvafiq olaraq, cəmiyyətdə aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etmək, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin yoxlanılmasını təmin etmək məqsədi ilə yeni mərkəzi inventarizasiya komissiyası yaradılmışdır. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli iltizamnamədən görünür ki, “maddi məsul şəxs”-Cavabdeh inventarizasiya şöbəsi tərəfindən aparılmış araşdırmada iştirak etmiş, mallar və müvafiq sənədlərlə tanış olmuş, araşdırmanın nəticələrinə dair heç bir narazılığı olmamışdır. İş materiallarında olan “OBA” Nərimanov 11 filialında aparılmış yoxlama nəticələrinə dair yekun” aktdan görünür ki, xx xxxxxx 2018-ci il tarixdə “OBA” Nərimanov 11 filialında yoxlama aparılmış və “maddi məsul şəxs”-Cavabdeh tərəfindən İddiaçı MMC-yə 11408.49 (on bir min dörd yüz səkkiz, qırx doqquz) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan DN-2850 saylı, xx xxxxxx 2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə dəymiş maddi zərərin ödənilməsi barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə dəymiş maddi zərərin qalıq hissəsi 10176 (on min yüz yetmiş altı) AZN məbləği təşkil edir. İş materiallarında olan ********* saylı, xx xxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə, İddiaçı MMC-də “satıcı-kassir” və administrator” vəzifələrinə işə təyin (qəbul) edilmişdir. (əsas tərəflər arasında bağlanmış əmək müqaviləsi) Bundan başqa, əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziya vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Bundan başqa, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli və xx xxxxxxx 2017-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən “işçi”- Cavabdeh İddiaçı MMC-də “satıcı-kassir” və “administartor” vəzifələrində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən”-İddiaçı MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xx xxxx 2019-cu il tarixdən “işçi”- Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, “maddi məsul şəxs”-Cavabdeh inventarizasiya şöbəsi tərəfindən aparılmış araşdırmada iştirak etmiş, mallar və müvafiq sənədlərlə tanış olmuş, araşdırmanın nəticələrinə dair heç bir narazılığı olmamış və onun tərəfindən İddiaçı MMC-yə 11408.49 (on bir min dörd yüz səkkiz, qırx doqquz) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. Bundan başqa, Cavabdeh tərəfindən 11408.49 (on bir min dörd yüz səkkiz, qırx doqquz) AZN məbləğində dəymiş maddi zərərdən İddiaçı MMC-nin xeyrinə ümumilikdə 1232.49 (on iki min iki yüz otuz iki, qırx doqquz) AZN məbləğində pul ödənişi həyata keçirilmiş, dəymiş maddi zərərin qalıq hissəsi yəni, 10176 (on min yüz yetmiş altı) AZN məbləğində pul ödənişi bu günədək cəmiyyətin xeyrinə ödənilməmiş və dəymiş maddi zərərin ödənilməsi barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İmişli meşəbəylinin 3 saylı dolayının 9-cu sahəsi dövlət meşə fonduna məxsus olduğu, eləcə də, mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X4 Təsərrüfatı Mərkəzinin cavabdeh X3 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ; 3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləmək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması,maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X6 Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X6 Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. İddiaçı MMC mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin şərtləri pozulduğu, yəni “maddi məsul şəxs” tərəfindən müqavilə öhdəlikləri icra edilmədiyi; 3. Cavabdeh mülki hüquq pozuntusuna (delikt) görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edildiyi; 4. Mülki hüquq pozuntusu (delikt) nəticəsində cəmiyyətə maddi zərərin dəyməsi və maddi zərərin məbləği məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı; 5. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bildiyi və eləcə də, bu hal məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 10176 (on min yüz yetmiş altı) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10176 (on min yüz yetmiş altı) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar