Məhkəmə qərarları › İş №2(036)-1608/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1608/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1608/2025 24.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 4200 (dörd min iki yüz) manat pulun və ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Saatlı rayonu Varxankənd kəndinin çöl sahəsində şəxsi ferması vardır. O, həmin fermada xırdabuynuzlu heyvan saxlayır. 2024-cü ildə o, farmasında olan heyvanlara baxmağa çoban axtarmışdır. 07 oktyabr 2024cü il tarixində cavabdeh X4 bir qadınla onun fermasına gələrək ona bildirmişdir ki, o, heyvanlara baxa bilər. O da cavabdehlə danışıb razılaşmış və bundan sonra o, 202 baş qoyun heyvanını, 8 baş quzu heyvanını və 18 baş keçi heyvanını sayıb cavabdehə təhfil vermişdir. Həmçinin o, həmin vaxt cavabdehə şəxsiyyət vəsiqəsini verməsini, əmək müqaviləsi bağlayacağanı bildirmiş, cavabdeh isə hər dəfə bir bəhanə gətirərək şəxsiyyət vəsiqəsini verməmiş və bu sabəbə görə də o onunla əmək müqaviləsi bağlaya bilməmişdir. xx.xx.2024-cü il tarixində cavabdeh ona zəng vuraraq 1 baş keçi heyvanının itdiyini bildirmişdir. O da cavabdehə keçini axtarıb tapmasını bildirmişdir. xx.xx.2024-cü il tarixində fermada heyvanları sayarkən 1 baş ana qoyun heyvanının yox olduğunu görmüş, bundan sonra o, cavabdehdən 1 baş qoyun heyvanın harada olduğunu soruşmüş, cavabdeh isə ona 1 baş qoyun itirməsini və həmin 1 baş qoyun heyvanının pulunu ödəyəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində o yenidən heyvanları sayarkən 7 baş qoyun heyvanının yerində olmadığını görmüş və o cavabdehdən 7 baş qoyun heyvanın harada olduğunu soruşmuş cavabdeh əvvəl onunla razılamasa da sonradan özü heyvanları sayandan sonra görmüşdür ki, heyvan 7 baş azdır və bundan sonra cavabdeh ona bildirmişdir ki, onun günahıdır, o onun ümumlikdə 8 baş qoyun heyvanının və 1 baş keçi heyvanının pulunu ödəyəcəyini bildirmişdir. O da cavabdehlə razılaşmış və gözləmişdir ki, o itirdiyi 8 baş qoyunun və 1 baş keçinin pulunu ödəsin. Bir müddət keçəndən sonra görmüşdür ki, cavabdeh heyvanlara yaxşı baxmır və buna görə də məcbur qalıb xx.xx.2024-cü il tarixində cavabdehi işdən çıxarmışdır. Cavabdeh fermadan çıxıb gedərkən ona bildirmişdir ki, onun 8 baş qoyun heyvanın və 1 baş keçi heyvanının pulunu yaxın vaxta ödəyəcək, lakin bildirir ki, üzərindən xeyli müddət keçsə də o heyvanların pulunu ödəməmişdir, o məcbur qalıb Saatlı rayon Polis Şöbəsinə müraciət etmiş, oradan ona məsələnin mülki xarakterli olması bildirilərək məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Hazırda cavabdeh ona hər biri 500 manat olmaqla 8 baş qoyuna görə 4000 manat pul və 1 baş keçiyə görə 200 manat olmaqla ümumilikdə 4200 manat pul borcludur. Əlavə olaraq qeyd edir ki, onun cavabdehə heyvanları sayıb verməyini və cavabdehin onun heyvanlarını itirməsini həmin zaman onun yanında olan şahidlərdə təstiq edə bilərlər. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh X5 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, iddiaçının Saatlı rayonu Varxankənd kəndinin çöl sahəsində şəxsi ferması vardır. O da iddiçının fermasına tez-tez gedib-gəlmişdir. X5 da iddiaçının fermasında işləyir. Günlərin birində bir sürü qoyunun itməsini və həmin qoyunu tapan zaman 1 keçinin əskik olmasını, bir neçə gün sonra isə 8 qoyunun əskik gəldiyini bildirmişdir. X6 qoyunların kim tərəfindən aparılmasını və necə itməsi haqqında heç bir məlumatı olmadığını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin istifadəsində olması.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdeh X1 4200 (dörd min iki yüz) manat pulun və ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi xahiş edir. İş materiallarında olan Azərbaycan Vətəndaşının AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Saatlı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti İddiaçı göndərilməklə, qərardan narazı qaldığı halda şikayət etmək hüququnun olmasının ona izah edilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Saatlı rayon prokurorluğuna göndərilməsi və material saxlanılması üçün Saatlı RPŞ-nin katibliyinə verilməsi qət edilmişdir. Qərardan müəyyən olunur ki, X5 ilə polis əməkdaşı əlaqə saxladığı zaman iddiaçının yanında çoban işlədiyini, heyvanların çöldə itdiyini, onun oğurlamadığını, deyinlərin şər və böhtan olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ona məxsus 8 baş qoyun heyvanın və 1 baş keçi heyvanın itməsində cavabdeh X2 təqsiri olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, İş materiallarında olan Saatlı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərardan müəyyən olunur ki, X5 ilə polis əməkdaşı əlaqə saxladığı zaman iddiaçının yanında çoban işlədiyini, heyvanların çöldə itdiyini, onun oğurlamadığını, deyinlərin şər və böhtan olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, qoyunların kim tərəfindən aparılmasını və necə itməsi haqqında heç bir məlumatı olmadığını bildirmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 63 (altmış üç) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan 63 (altmış üç) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 363 (altmış üç)-cı maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 63 (altmış üç) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar