Məhkəmə qərarları › İş №2(036)-1629/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1629/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1629/2025 24.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pulun və ödədiyi dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli rayonu, Xubyarlı kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. 2019-cu ildə evinin üstünü vurmaq üçün dam örtüyü (şifer) almaq qərarına gəlmişdir. Bu məqsədlə İmişli rayonunda tikinti materialı satışı ilə məşğul olan Cavabdeh yaxınlaşmışdır. Cavabdeh ona bildirmişdir ki, Maqna şirkətinə məxsus dam örtüyü (şifer) var və çox kefiyyətlidir. O, ona demişdir ki, həmin dam örtüyü (şifer) tez sıradan çıxıb ağarmır ki, o, isə ona bildirmişdir ki, dam örtüyü (şifer) çox kefiyyətlidir, 7-8 il qarantiya vermişdir ki, ağarmayacaq. O da onunla razılaşmış və həmin dam örtüyünün (şifer) alınması üçün cavabdehə 5000 manat pul ödəmişdir. Bundan sonra o həmin dam örtüyünü (şifer) gətirib evinin üstünə vurmuşdur. Təxminən 3 il keçməmiş dam örtüyü (şifer) ağarmağa başlamışdır. O, cavabdehə bildirmişdir ki, o ona dam örtüyünün (şifer) 7- 8 il ağarmayacağını bildirmişdir. Amma heç 3 (üç) il keçməmiş dam örtüyü (şifer) ağarmışdır. Cavabdeh ona bildirmişdir ki, narahat olma yaxın vaxta sənin dam örtüyünü (şifer) dəyişib daha kefıyyətli şifer verəcəkdir. Lakin həmin vaxtdan xeyli müddət keçsə də cavabdeh hər dəfə bir bəhanə gətirərək nə dam örtüyünü (şifer) dəyişməmiş, nə də ki, verdiyi pulu qaytarmamışdır. O, məcbur olub İmişli Rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsində cavabdeh hər şeyi etiraf etmişdir. X1 bildirmişlər ki, iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 575.1 Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 583.1. Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. 583.2. Əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır, bu şərtlə ki, əşyanın qüsurları haqqında satıcıya bu Məcəllənin 595-1-ci maddəsində müəyyənləşdirilmiş qaydada bildiriş verilsin. 583.3. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, komplektləşdirici məmulat üçün qarantiya müddəti əsas məmulat üçün qarantiya müddətinə bərabər sayılır və əsas məmulat üçün qarantiya müddəti ilə eyni vaxtda başlanır. 583.4. Satıcının qarantiya müddəti ərzində qüsurları aşkar edilmiş əşyanın (komplektləşdirici məmulatın) əvəzinə verdiyi əşya (komplektləşdirici məmulat) üçün, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici məmulat) ilə eyni qarantiya müddəti müəyyənləşdirilir. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.4. Alğı-satqı müqaviləsində komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha qısa qarantiya müddəti müəyyənləşdirildikdə alıcı komplektləşdirici məmulatın qüsurları ilə bağlı tələbləri həmin qüsurları əsas məmulatın qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.5. Müqavilədə komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha uzun qarantiya müddəti müəyyənləşdirildikdə alıcı əşyanın qüsurları ilə bağlı tələbləri əsas məmulatın qarantiya müddətinin bitib-bitmədiyindən asılı olmayaraq komplektləşdirici məmulatın qüsurlarını onun qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı 2019-cu ildə cavabdehdən 5000 manat dəyərində dam örtüyü (şifer) aldığını, cavabdehin ona dam örtüyünün (şifer) çox kefiyyətlidir, 7-8 il qarantiya verərək, ağarmayacağını bildirdiyini iddia edərək, 3 il keçməmiş dam örtüyü (şifer) ağardığı üçün 5000 manat məbləğində pulun geri qaytarılmasını cavabdehdən tələb edir. İş materiallarında olan Azərbaycan Vətəndaşının AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Vətəndaşının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan İmişli rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti məlumat üçün maraqlı şəxslərə göndərilməklə, onlara qəbul edilmiş qərardan Azərbaycan Respublikası CPM-in 212-ci maddəsinə əsasən rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli rayon prokuroruna göndərilməsi və toplanmış materialın saxlanılması üçün RPŞ-nin katibliyinə verilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh verdiyi izahatında bildirmişdir ki, 2019-cu ildə hakimin evinin üstünə 115 ədəd hər biri 19 manat olan dam örtüyü (şifer) vermişdir. Həmin şiferi satarkən Hakimə dam örtüyünün (şifer) ağarmayacağını demişdir. Belə ki, həmin sözü ona “Magna” şirkətinin nümayəndəsi bildirmişdir. O, həmçinin Hakimə rəsmi qarant vermədiyini, “Magna” şirkətinin onu aldatdığını qeyd etmişdir. İddiaçı hər hansı hüququnun pozulduğu sübut edə bilmədiyi iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçının məhkəməyə sübut qismində tədqim etdiyi İmişli rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, cavabdehin izahatından onun iddiaçıya rəsmi qarant vermədiyini, “Magna” şirkətinin nümayəndəsinin dam örtüyünün (şifer) ağarmayacağını dediyini bildirməsi müəyyən olunur. Buna görə də, iddiaçının cavabdehin qarantiya verməsi ilə bağlı iddiası əsassızdır. Bundan başqa, iddiaçı məhsulu cavabdehdən 2019-cu ildə alsa da, ondan 6 il sonra cavabdehə qarşı hazırki iddia tələbi çıxış edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehin ona qüsurlu əşya satması, cavabdehin satdığı əşyaya qarantiya verməsi, qüsurların qarantiya müddətində aşkar edilməsi barədə məhkəməyə heç bir mötəbət sübut təqdim edilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 70 (yetmiş) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan 70 (yetmiş) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar