Məhkəmə qərarları › İş №2(036)-163/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-163/2021

28.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-163/2021 28.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdehnа qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 33412,82 manat məbləğində ziyanın və 30 manat məbləğində dövlət rümunun, həmçinin əldən çıxmış faydaya görə 20000 manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə və cavabdehin əməlində cinayət faktının araşdırılması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia rələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxx 2014-cü ildən İddiaçı ASC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Vəzifə təlimatlarına əsasən cavabdeh şirkətin mallarını iaşə obyektlərində satışını həyata keçirmişdir. Vəzifə təlimatlarına əsasən cavabdeh ona etibar edilmiş maddi dəyərləri qorumağı və şirkətə ziyan vurmamağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin tələblərini pozaraq iddiaçıya külli miqdarda maddi zərər vurmuşdur. Kontragent hesabına əsasən xx.xx.2020-ci il tarixinə Cavabdeh İddiaçı ASC-yə 33412,82 manatb məbləğində borcu vardır. Vurulmuş zərərin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamış, dəymiş ziyan ödənilməmişdir. Ona görə də göstərilən tələb ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı ASC-yə heç bir ziyan vurmamışdır, onun həmin şirkətə borcu yoxdur, ziyanla bağlı təqdim olunmuş sənədlər iddiaçı tərəfindən saxtalaşdırılmış, borcu etiraf etməsi ilə bağlı izahatı yazmağa məcbur edilib. Hesab edir ki, iddia tələbi tam şəkildə əsassızdır. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxx 2014-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh həmin tarixdən şirkətin təmizləyici vasitələrinin satış sahəsinə satış və dəstək üzrə ekspeditor vəzifəsinə təyin edilmişdir. İşçi Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işçi Cavabdeh həmin müqavilənin şərtlərinə uyğun olaraq şirkətə ziyan vurmamağı öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh fəaliyyəti dövrdə mağazada aparılmış İnventarizasiya sənədlərindən görünür ki, inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış mal qiymətlərinə dair faktiki məlumatlar üzrə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və inventarizasiyanın yekun nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh fəaliyyəti dövrdə 33412,82 manat məbləğində məhsulun ödənişini iaşə obyektlərindən götürmüş, lakin şirkətin xəzinəsinə ödəməyərək şirkətə 33412,82 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci hissəsinə görə ziyanın həqiqətən vurulduğu aşkar olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 194-cü maddəsinin 1-ci hissəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin maddənin 2-ci hissəsinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin 1-ci hissəsinin a) bəndinə görə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin maddənin 2-ci hissəsinə görə işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 205-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Həmin maddənin 2-ci hissəsinə görə əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 33412,85 manat və 30 mant məbləğində dövlət rüsumu, cəmi 33442,85 manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi əldən çıxmış faydaya görə 20000 manat məbləğində pulun tutulması hissəsində əsaslandırılmadığından və məhkəməyə heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 33412,85 manat və 30 mant məbləğində dövlət rüsumu, cəmi 33442,85 manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar