Məhkəmə qərarları › İş №2(036)-1641/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1641/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1641/2024 29.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şıralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 600 (altı yüz) manat pulun, bank uçot dərəcəsinə görə 48 (qırx səkkiz) manat pulun və ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ildə heyvanlarını yemləmək üçün ot lazım olmuşdur. İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayan tanışı Cavabdeh2 demişdir ki, Xubyarlı kəndində ot satan Teymur adlı şəxs var, ona yaxındır, ona deyər, sənə ot satar. Onu Teymurla o, tanış etdi və onunla şifahi alqı-satqı müqaviləsi bağlamışdır. Şərtləşmişlər ki, 300 pres otun bir presi 2 manatdan ona satacaq. Teymur 2023-cü il mart ayının 12-də ondan İmişli rayonundan Biləsuvar rayonununa dönən yolda 200 manat, 1 ay sonra evinə gəlib ailə üzvlərinin yanında 400 manat pul alıb dedi ki, otu biçdirib, 600 manatlıq ot verəcək. Oda ona inanıb pul, vermişdir. Gedib otu biçdirdi, 4-5 gündən sonra gedib gətirməlidir. Lakin Teymur ondan xəbərsiz otu başqa adama satıb. Sonra dedi ki, arxayın ol, sənin otunu verəcək. O, Fərəhimə də dedi ki, dostun Teymur onu aldadıb. Dedi verməsə o, verəcək. Həmi vaxtdan Teymur onu aldadır, nə otu verir, nə də pulunu qaytarır. Uzun müddət keçməsinə baxmayaraq o, vədinə əməl etməyərək onu aldatmışdır. Müxtəlif bəhanələrlə tezliklə otu verəcəyini bildirsə də, sonra yalan danışdığını başa düşmüşdür. Bu barədə səs yazıları da vardır. Pulu ondan almasını və otu verməməsini şahidlər - həyat yoldaşı, oğlu təsdiq edə bilərlər. Dəfələrlə onun başqalarına ot satdığını öyrənmiş, lakin qapısına gedib pulunu tələb etsə də, bundan imtina etdi. Fərahim də ona zamin durduğu halda, 10 günə otu verəcək və verdirəcəm dediyi halda, heç bir hərəkət etmir. Hər ikisi telefon nömrələrini ona versələr də son vaxtlar zənglərinə cavab vermirlər. Onun da banka borcu var. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Polis şöbəsinə müraciət etmiş lakin, bildirirlər ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməlisən. İddiaçı eyni zamanda Cavabdeh2 heç bir pul vermədiyini, onun vasitəsi ilə Cavabdeh1 600 manat pul verdiyini bildrimişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, İddiaçı pul almamışdır. İddiaçı ot axtarmış və oda Teymur adlı şəxsin ot satdığını demişdir. Onlar həmin əraziyə gedib onunla görüşmüş və gedib ota baxmışlar. İddiaçı onun dostudur. Digər cavabdeh isə şəxsən tanımır. Digər şəxslərlə söhbət zamanı ot satdığını bilmişdir. Ota baxan zaman İddiaçı Teymur adlı şəxsə 200 (iki yüz) manat pul verdi. Bundan bir həftə sonra Teymur adlı şəxs İddiaçı 400 (dörd yüz) manat almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 575.1 Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh1 ot almaq məqsədilə 600 manat məbləğində pul vəsaitini verdiyini, lakin cavabdeh tərəfdindən pulu almasına baxmayraq heç bir məhsul vermədiyini iddia etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir k, iddiaçı tərəfindən Cavabdeh2 heç bir pul vəsaiti verilməmişdir. Bu həm iddiaçının, həm də Cavabdeh2 izahatı ilə öz təsdqini tapmışdır. İddiaçı digər Cavabdeh1 ilə aralarında hər hansı razılaşmanın, şifahi alqı-satqı müqaviləsi olması, onun 300 pres otun bir presi 2 manatdan olmasını və Teymur 2023-cü il mart ayının 12-də ondan İmişli rayonundan Biləsuvar rayonununa dönən yolda 200 manat, 1 ay sonra evinə gəlib ailə üzvlərinin yanında 400 manat pul alması, cavabdehin onun qarşısında pul öhdəliyinin olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 faktı təsdiqləyən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh2 izahatında iddiaçıilə dost olmasını, digər Cavabdeh1 əvvələr tanımadığını, yalnız ot satmasını eşitdiyini bildirməsi onun iddiaçının Cavabdeh1 pul verməsini təsdiq etməsini əsaslı şübhələr yaradır. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisənin həlinndə maraqlı olduğu üçün yalnız onu izahatına əsasən iddia təmin edilə bilməz. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

Qətetdi:

İddia təmin edilməsin. İddiaçı tərəfindən 30 (otuz) dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar