Məhkəmə qərarları › İş №2(036)-1659/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1659/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1659/2021 27.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnа qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 ədəd 583 əyarlı 18 qram çəkidə boyunbağı, 1 ədəd 583 əyarlı 8 qram çəkidə qolbağı və 1 ədəd 585 əyarlı 12.5 qram çəkidə komplektdən ibarət qızıl-zinət əşyaları və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı yaranmış maddi problemləri səbəbindən özünə məxsus qızıl-zinət əşyalarını lombarda girov qoymaqla faizlə borc pul götürmək məcburiyyətində qalmış və buna görə İmişli rayonu, H.Əliyev prospekti 111 ünvanında qızıl girov saxlamaqla kredit verən, fiziki şəxs Cavabdeh müraciət etmişdir. Müraciəti əsasında kreditor Cavabdeh ona götürəcəyi məbləğə uyğun olaraq qızıl girov qoymalı olduğunu bildirmişdir. Belə ki, 24 noyabr 2018-ci il tarixdə onunla kreditor Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında ona aylıq 5% (illik 60%) olmaqla 1200 manat kredit verilmişdir. Bunun müqabilində də aralarında girov müqaviləsi hesab olunan, ona məxsus qızıl-zinət əşyalarının girov alınmasını və saxlanmasını sübut edən girov aktı tərtib olunmuşdur. Həmin akta əsasən o, kredit götürən zaman 1 ədəd 583 əyarlı 18 qram çəkidə boyunbağı, 1 ədəd 583 əyarlı 8 qram çəkidə qolbağı və 1 ədəd 585 əyarlı 12.5 qram çəkidə komplektdən ibarət qızıl-zinət əşyalarını girov qoymuşdur. Aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyini vaxtı-vaxtında yerinə yetirərək, hər ay gecikdirmədən kredit ödənişlərini icra etmişdir. Bu müddət ərzində kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 1200 manat müqabilində 1740 manat pul ödənilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə müəyyən olunmuş son ödəniş tarixində yəni, 23 yanvar 2020-ci il tarixində bütün borc öhdəliyini icra etməsinə və həmin vaxtdan artıq uzun müddət keçməsinə baxmayaraq, kreditor Cavabdeh müxtəlif bəhanələr gətirməklə girov saxladığı qızıl-zinət əşyalarını geri qaytarmır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş edir. İddiaçı sonradan 27 iyul 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinə girov qoymuş olduğu qızıl-zinət əşyaların qiymətləndirilməsi ilə bağlı sənəd daxil etməmişdir. Həmin qızılların, olmadıqda isə onların dəyəri olan 3465 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan kreditor Cavabdeh ilə borcalan İddiaçı arasında bağlanmış 24 noyabr 2018-ci il tarixli, kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən kreditor Cavabdeh tərəfindən İddiaçı aylıq 5% (illik 60%) olmaqla 1200 manat kredit verilmişdir. İşə əlavə olunmuş 24 noyabr 2018-ci il tarixli Lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil aktından görünür ki, 24 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq İddiaçı məxsus 1 ədəd 583 əyarlı, 18 qram çəkidə boyunbağı, 1 ədəd 583 əyarlı, 8 qram çəkidə qolbağı və 1 ədəd 585 əyarlı, 12.5 qram çəkidə komplektdən ibarət qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan girov qoyulmuş qızıl-zinət əşyalarının qiymətləndirilməsi cədvəlindən görünür ki, girov qoyulmuş qızıl-zinət əşyalarının ümumi dəyəri 3465 manat təşkil edir. İşdə olan kassa mədaxil orderlərinin surətindən görünür ki, borcalan İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. 294.2-ci maddəsinə görə Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. “Girov haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə girovqoyan və ya üçüncü şəxs saxlanc girovu ilə təmin olunmuş öhdəliyi icra etdikdən sonra saxlanc girovu predmetini təxirəsalmadan qaytarmaq girovsaxlayanın vəzifəsidir. Girovsaxlayan saxlanc girovu predmetinin itirilməsi, çatışmaması və ya zədələnməsi üçün bunda təqsiri olmadığını və ya qarşısıalınmaz qüvvə nəticəsində baş verməsini sübut etməzsə, qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanc girovunun predmetinin itirilmiş (çatışmayan) dəyəri miqdarında, saxlanc girovunun predmeti zədələndikdə isə zədələnmə nəticəsində saxlanc girovu predmetinin dəyərinin azaldığı miqdarda məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, borcalan İddiaçı kreditor Cavabdeh qarşısında girovla təmin edilmiş öhdəliyini tam icra etməsinə baxmayaraq girovsaxlayan Cavabdeh girov predmeti olan qızıl-zinət əşyalarından ibarət əmlakları girovqoyan İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu üzrə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 24 noyabr 2018-ci il tarixli müqavilə üzrə 1 ədəd 583 əyarlı, 18 qram çəkidə boyunbağı, 1 ədəd 583 əyarlı, 8 qram çəkidə qolbağı və 1 ədəd 585 əyarlı, 12.5 qram çəkidə komplektdən ibarət qızıl-zinət əşyaları, olmadıqda isə onların dəyəri və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24 noyabr 2018-ci il tarixli müqavilə üzrə 1 ədəd 583 əyarlı, 18 qram çəkidə boyunbağı, 1 ədəd 583 əyarlı, 8 qram çəkidə qolbağı və 1 ədəd 585 əyarlı, 12.5 qram çəkidə komplektdən ibarət qızıl-zinət əşyaları, olmadıqda isə onların dəyəri olan 3465 (üç min dörd yüz altmış beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar