Məhkəmə qərarları › İş №2(036)-1661/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1661/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1661/2021 15.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Yalavac kəndində yaşayır. Özü 2-ci Qarabağ müharibəsinin veteranı və qazisidir. Cavabdeh onun tanışıdır. 2021-ci ilin aprel ayında Cavabdeh müəyyən məbləğ pul vəsaitinə ehtiyacı olduğunu bildirərək, ona 5000 (beş min) AZN məbləğində borc pul verməsini xahiş etmişdir. O da, Cavabdeh xahişini nəzərə alaraq, ona inanıb 05 aprel 2021-ci il tarixdə notarial qaydada bağlanmış borc (kredit) müqaviləsinə əsasən 5000 (beş min) AZN məbləğində borc pul vermişdir. Borc (kredit) müqaviləsinə əsasən Cavabdeh həmin borc pul məbləğini 05 iyun 2021-ci il tarixədək ona geri qaytarılması barədə öhdəlik götürmüşdür. Həmin tarixdən 3 (üç) gün sonra Cavabdeh müəyyən məbləğ pul vəsaitinə ehtiyacı olduğunu bildirərək, yenidən ona 5000 (beş min) AZN məbləğində borc pul verməsini xahiş etmişdir. O da, Cavabdeh xahişini nəzərə alaraq, ona inanıb aralarındakı qarşılıqlı şifahi razılığa əsasən 2021-ci ilin aprel ayı müddətində müxtəlif tarixlərdə dostlarının yanında İ dəfə “İmişli Rayon Olimpiya İdman Kompleksi”nin həyətində istirahət edən zaman 2000 (iki min) AZN məbləğində, İİ dəfə İmişli şəhəri ərazisində yerləşən “Elçin” çay evində 2000 (iki min) AZN məbləğində və İİİ dəfə isə “İmişli Rayon Mədəniyyət Evi”nin qarşısında 1000 (min) AZN məbləğində borc pul vermişdir. Beləliklə, o, 5000 (beş min) AZN məbləğində pulu 3 (üç) dəfəyə Cavabdeh borc vermişdir. Cavabdeh şifahi razılığa əsasən həmin borc pul məbləğini 2 (iki) ay müddət ərzində ona geri qaytarılması barədə öhdəlik götürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh həmin borc pul məbləğini bu günədək ona geri qaytarmamışdır. O, borc pul məbləğinin geri qaytarılması barədə dəfələrlə Cavabdeh müraciət etmişdir. Lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və ümumiyyətlə, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 10000 (on min) AZN məbləğində pulun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 05 aprel 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 5000 (beş min) AZN məbləğində pulu borc verməyi və Cavabdeh isə 5000 (beş min) AZN məbləğində pulu 05 iyun 2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəlik götürmüşdür. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 74024 saylı Vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Vətən Müharibəsi X3 üzvüdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı onun dostudur, Cavabdeh isə iş ilə əlaqədar olaraq, tanıyır. 2021-ci ilin aprel ayı müddətidə İ dəfə “İmişli Rayon Olimpiya İdman Kompleksi”nin həyətində istirahət edən zaman onun yanında İddiaçı Cavabdeh 2000 (iki min) AZN məbləğində, İİ dəfə İmişli şəhəri ərazisində yerləşən “Elçin” çay evində 2000 (iki min) AZN məbləğində və İİİ dəfə isə “İmişli Rayon Mədəniyyət Evi”nin qarşısında 1000 (min) AZN məbləğində borc pul vermişdir. Belə ki, İddiaçı 5000 (beş min) AZN məbləğində pulu 3 (üç) dəfəyə Cavabdeh borc vermişdir. Cavabdeh isə şifahi razılığa əsasən 5000 (beş min) AZN məbləğində borc pulu 2 (iki) ay müddət ərzində İddiaçı geri qaytaracağını bildirmişdir. Eyni zamanda bildirir ki, Nurlan Kamrana 5000 (beş min) AZN məbləğində borc pul verən zaman onların yanında digər dostları X6 da olmuşdur. Lakin dostu, İddiaçı deməsinə görə, Cavabdeh ümumilikdə aldığı 10000 (on min) AZN məbləğində borc pulu bu günədək ona geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 05 aprel 2021-ci il tarixli “borc” (kredit) müqaviləsinə əsasən 5000 (beş min) AZN məbləğində borc pul verilmişdir. Bundan başqa, Cavabdeh 5000 (beş min) AZN məbləğində borc pul məbləğini 05 iyun 2021-ci il tarixədək İddiaçı qaytarmağı öz üzərinə öhdəlik götürmüş və “borclu” Cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliyini icra etməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı tərəfindən qarşılıqlı şifahi razılığa əsasən 2021-ci ilin aprel ayı müddətində müxtəlif tarixlərdə yenidən 5000 (beş min) AZN məbləğində borc pulun verilib-verilməməsi kimi hal mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “borc” müqaviləsi təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsaən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bundan başqa, iddia tələbinin əsası kimi istinad edilən və işin mübahisəli faktiki halları məhkəmə iclasında məhz iddiaçı tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, pul vəsaiti alınması haqqında iddialarda dövlət rüsumunun miqdarı alınan məbləğ üzrə 30 (otuz) manat məbləğində müəyyən edilməli və iddiaçı müharibə veteranı olduğuna görə iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh tutularaq, dövlət gəlirlərinə alınmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. İddiaçı ilə Cavabdeh arasında notarial və şifahi qaydada bağlanmış borc (kredit) müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” Cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilmədiyi; 2. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, Cavabdeh 10000 (on min) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar