Məhkəmə qərarları › İş №2(036)-1683/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1683/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1683/2024 06.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan avtomobillərə, “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə 5285 manat və “Chevrolet Cruze” markalı **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobilə vurduğu zərərə görə 435 manat pulun, cəmi 5720 manat pulun və ödənilmiş 79 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, İmişli rayonu, Qaradonlu kəndində yaşayan Cavabdeh ilə xalası 2016-cı ildə faktiki nikah münasibətinə girərək ailə həyatı qurmuşdur. Onların ailə daxili münasibətləri düz gəlmədiyinə görə 02 avqust 2021-ci il tarixdə Cavabdeh döyərək xalasını evdən qovmuş və həmin vaxtdan xalası bu və ya digər yerlərdə kirayədə azyaşlı uşağı ilə yaşayır. Cavabdehla evli olarkən xalasının xəstəliyinə görə o, özünə məxsus olan “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında ona idarə etməyə vermişdir. Cavabdeh xalasını evdən qovduqdan sonra etibarnamə ilə verdiyi avtomobili sonuncu qaytarmaqdan imtina etdi və bildirdi ki, həmin avtomobil ona məxsusdur. Bununla bağlı qaldırdığı iddia ərizəsinə sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsində xx.xx.2024-cü il tarixdə baxılaraq “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili əsl sahibi İddiaçı qaytarılması qət edilmişdir. Ali Məhkəmənin qərarından sonra İmişli rayon İcra və Probasiya Şöbəsi tərəfindən İmişli Rayon Polis şöbəsinin əməkdaşları vasitəsi ilə İddiaçı məxsus “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh hazırda yaşadığı və birgə nikah dövründə onun tikdirdiyi evin altında yerləşən qaraj hissəsindən götürülüb polis şöbəsinə dayanacağa gətirilmiş və bundan sonra həmin avtomobil İddiaçı təhvil verilmişdir. Təhvil vermə zamanı icraçıların və polis əməkdaşlarının iştirakı ilə mütəxəssis çağırılaraq həmin avtomobilin texniki vəziyyəti yoxlanıldı. "xxxx" MMC-nin mütəxəssisləri, ustaları “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinin sıradan çıxması nəticəsində cəmi 5285 manat dəyərində zərər vurması müəyyən edilmişdir. Bundan əlavə kirayədə qaldığı vaxt o, xalası X5 idarə etmək üçün “Chevrolet Cruze” 77- AD-178 dövlət qeydiyyat nömrəli avtomobili də idarə etmək üçün ona vermişdir. Cavabdeh 08 sentyabr 2023-cü ildə qovulduğu evə gedib uşağının və özünə aid olan əşyaları götürmək istəyərkən Cavabdeh xalasını döyüb idarə etdiyi həmin avtomobili təpiklə vurub müxtəlif hissələrini əzmişdir. "xxxx" MMC-nin mütəxəssisləri, ustaları “Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobilə 435 manat zərər vurmasını müəyyən etmişlər. Cavabdeh ona məxsus olan avtomobillərə vurduğu 5720 manat pulu ondan dəfələrlə tələb etmiş, lakin sonuncu vurduğu zərəri ödəməkdən imtina etməklə boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 305 nömrəli arayışından görünür ki, “Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobilin qabaq sol qanad əziyi, arxa sağ stopun sındırılması, sol yan güzgünün qırılması müəyyən edilmiş və bunun nəticəsində həmin avtomobilə 435 manat zərər müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 170 nömrəli arayışından görünür ki, “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq banperi, qabaq sağ qanadı, arxa sağ qanadı, arxa sol qanadı, qabaq sol qanadı, arxa stopları, qabaq kapotu, arxa sağ qapı, arxa kapotu, arxa sol qapı, beli, rulevoyu (sükan idarə etməsi), alt şarovoyu sağ və sol hissələri, 2 ədəd stabilizatoru, nakaneçni tyaqaları, arxa raboçi (işlədici), motorun arxa salniki və görüləcək işlərə boya və sürtgü materialları, dəmirçi, malyar, elektrik və çilingər işlərinə görə 5285 manat zərər müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, İddiaçı ona qarşı iddiada ona məxsus olan avtomobil “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə 5285 manat və “Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə 435 manat pulun, cəmi 5720 manat və ödənilmiş 79 manat dövlət rüsumunu ondan tələb edir. İddiaçının ona qarşı olan iddiası tam əsassızdır. Belə ki, o, “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili tam saz vəziyyətdə Məhkəmənin qərarı əsasında Polis Şöbəsinin dayanacağına gətirmiş və həmin avtomobil tam saz vəziyyətdə İddiaçı təhvil vermişdir. Onun iştirakı olmadan orada mütəxəsis tərəfindən rəy yazılıb ki, guya o, avtomobilə ziyan vurmuşdur. Həmin avtomobili o, işlək vəziyyətdə Polis şöbəsinə gətirib təhvil vermişdir. Həmin avtomobilə onun tərəfindən zərər dəysəydi onu işlək vəziyyətdə gətirib təhvil verə bilməzdir. Belə hesab edir ki, iddiaçının ona qarşı qərəzli mövqeyi tam əsassızdır. Bundan əlavə o, “Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili guya o, təpiklə əzmiş və 435 manat ziyan vurmuşdur. Həmin maşını o, heç vaxt təpiklə əzməmiş və 435 manat pul tələbi tam əsassızdır. İddiçının o, qaldırmış olduğu iddiası qərəzli və əsassızdır. Həmin məbləğlərdə dəymiş ziyan yalnız yol nəqliyyat hadisəsi zamanı baş verə bilərdi. Amma belə hal baş verməmişdir. Belə bir hadisə baş versəydi həmin məlumatlar iş materiallarına əlavə olunardı. Avtomobillər iddiaçının xalası X3 məxsusdur. Onun da X6 ilə ailə münasibətləri pozulub və o, ona qarşı Məhkəmədə əsassız ona yaxın iddia qaldırıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, maşını özü almış lakin banka kredit borcu olduğu üçün İddiaçı adına rəsmləşdirmişdir. Onun xalası X7 ilə yol gedə bilməmiş və ondan ayrılmışdır. Bundan sonra o, onu məhkəməyə verərək avtomobili “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ondan almışdır. Maşın ona məxsus olmuşdur. Nə cür istəmişdir o cür də sürmüşdür. Ona görə də təmir elətdirməmişdir. Buna görə də hazırda iddiaçı həmin maşına görə ondan ziyan tələb edə bilməz. “Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə heç bir ziyan vurmamışdır. Onun xalası X3 məxsusdur. Ondan ayrıldığı üçün onun evinə hücum çəkmişlər, video görüntüsü də mövcuddur. Həmin maşına o özü qapıya – darvazaya çırpmışdır. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, iddiaçı və digər şəxslərin “Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ona yaxınlaşaraq, maşından düşməsini tələb etmişlər. O qorxduğu üçün maşından düşməmişdir. Bundan sonra isə maşına həmin şəxslər tərəfindən ziyan vurulmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli AR İİ 630302 nömrəli etibarnamənin surətindən görünür ki, verilir İddiaçı tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan X2 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün o cümlədən almaq, satmaq bağışlamaq, hədiyə, qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) ssoi etmək haqqında əqdləri bağlamağı, bağlanan əqdiər üzrə haqq-hesab aparmağı, mirası qebut etməyi və yaxud ondan-imtina bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, notariat ofislərində, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə do sənədləri almağı, bütün bank əməliyyatları aparmağı, (mədaxil, məxaric, köçürmə), hesab açmağı, bağlamağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, bütün kartları, həmçinin pul kartı, pensiya kartı almağı, təhvil verməyi, pensiya işi ilə əlaqədar sənədləşmə işləri aparmağı, pul almağı, qoymağı, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, DYPİ-də nümayəndəsi olmağı, vəkillərlə müqavilə bağlamağı, sənədləşmə işləri aparmağı, sənədləri almağı, notariusa müraciət etməyi, notariat qaydasında, rəsmiləşdirilən sənədləri imzalamağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından arizə verməyi işləri aparmağı, çıxarış və texniki pasportları almağı, əmlakı və ya pulu almağu ƏRİZƏ YAZMAĞİ, imza etməyi, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar digər hərəkətləri etməyi etibar edir. Qeyd: notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağli mülkü qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələri etibar edən qismində ona ətraflı izah olundu. Bu etibarnamə "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinə əsasən təkrar dövlət qeydiyyatına alınması üçün əsas olmadığına görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1619/2024 saylı qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan “Mercedes Benz E220 CDİ minik“ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 150 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1376/2022 nömrəli qətnaməsi ilə (hakim Ü.O.Qənbərov) iddia təmin edilmiş, İddiaçı məxsus olan “Mercedes Benz E220 CDİ minik“ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 145 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - P.T.Əhmədov (sədrlik edən və məruzəçi) S.İ.Mayılov və T.S.Kərimov) 1 iyun 2023-cü il tarixli, 2(106)- 609/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Şamayev (məruzəçi), E.Vəliyeva və A.Abbasov) 11 oktyabr 2023-cü il tarixli, 2(102)- 3500/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2(103)-609/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – T.X.Heydərov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) 2(106)-1898/2023 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, İmişli Rayon Məhkəməsinin 2(036)1376/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir; İş materiallarında olan İmişli Vaz təmir stansiyası MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli zərər aktdan görünür ki, “Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobilə 435 (dörd yüz otuz beş) manat ziyan dəymişdir; İş materiallarında olan İmişli Vaz təmir stansiyası MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli zərər aktdan görünür ki, “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nömrəli avtomobilə 5285 (beş min iki yüz səksən beş) manat ziyan dəymişdir; İş materiallarında olan foto şəkillərdən görünür ki, “Mersedes E-220” markalı **-EP- *** qeydiyyat nömrəli avtomobilin xaricində müxtəlif yerlərdə zədələr mövcuddur; İş materiallarında olan adın, ata adının və soyadının dəyişdirilməsi haqqında AZ İ 033221 saylı şəhadətnamənin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X1 adı və soyadı “Əsədova Təranə”-dən “Əsədli Könül”-ə dəyişdirilmişdir; İş materiallarında olan DVD diskdəki audio-video yazıya baxış zamanı “Mersedes E- 220” markalı **-EP-*** və Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobillərə həmin zaman hər hansı zərərin vurulması müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobil üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Elekton Məhkəmə Sistemindən çıxarışdan görünür ki, “Mersedes E-220” markalı **- EP-*** dövlət qeydiyyat nömrəli avtomobil üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan “Mercedes Benz E220 CDİ minik“ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 150 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1376/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı məxsus olan “Mercedes Benz E220 CDİ minik“ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınıb iddiaçıya verilməsi qət edilmişdir. Həmin məhkəmə qərarı ilə müəyyən edilir ki, 25 iyun 2018-ci il tarixli avtomobilin alqı-satqı müqaviləsi əsasında İddiaçı ilə avtomobilin əvvəlki mülkiyyətçisi X8 arasında bağlanmış müqavilə əsasında İddiaçı hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdehə iddiaçı tərəfindən 09 fevral 2021-ci il tarixdə avtomobillə bağlı əqdləri bağlamağı və onu idarə etməyi ehtiva edən etibarnamə verilmişdir. 04 oktyabr 2021-ci ildə həmin etibarnaməyə xitam verilmişdir. Lakin buna baxmayaraq iddiaçı avtomobili təhvil ala bilməmişdir. Buna görə də iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Chevrolet Cruze” **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobili idarəetmək üçün iddiaçı X5 etibarnamə vermişdir. Hazırda iddiaçı həmin avtobilə cavabdeh tərəfindən zərər vurulduğunu iddia edərək həmin ziyanı tələb edir. Məhkəmə iddianın tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.6. Başqa şəxsə zərər vurulması. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə, iddianın “Mersedes E-220” markalı **-EP-*** və “Chevrolet Cruze” **-AD- *** dövlət qeydiyyat nömrəli avtomobillərin sahibi İddiaçı aid hissəsi üzrə avtomobilin istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar ona dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə daha sonra qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən vurulmuş 5285 manat məbləğində ziyanın iddiaçıya ödənilməsi hissəsində iddiaçının iddia tələbi qanuni və əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1619/2024 saylı qərarı ilə “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin sahibliyində 04 oktyabr 2021-ci il tarixdən qanunsuz olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda cavabdehin qanunsuz sahiblik nəticəsində “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismarı nəticəsində ziyan vurması istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə araşdırması zamanı həmin zərərin məhz cavabdeh tərəfindən vurulması həmçinin onun izahatı ilə öz təsdiqini tapmışdır. Belə cavabdeh həmin avtombilin onun sahibliyində qanuni olmasını, qanuni qüvvəyə minmiş məhkəmə qərarları razı olmadığını və maşını istədiyi kimi, yəni təmir etdirmədən istifadə etmək hüququ olduğunu bildirmişdir. Dəymiş ziyanın məbləği isə onun tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, “Chevrolet Cruze” markalı **-AD-*** dövlət qeydiyyat nömrəli avtomobilə vurulmuş 435 manat məbləğində ziyanın ödənilmə hissəsində iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı həmin avtomobilə məhz cavabdeh tərəfindən zərər vurulması göstərsə də, bunu təsdiq edən hər hansı sübut məhkəmə təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsinə isə məhkəmə təndiqi yaşanaraq, hesab edir ki, o, iddiaçı ilə həmin şəxs qohum olduğu və cavabdehlə ədavətləri olduğu üçün mübahisənin həllində maraqlıdır. Ona görə də, onun ifadəsi iddianın təmin edilməsini yeganə mötəbər sübutu kimi qiymətləndirilə bilməz. İş materiallarında olan DVD diskdəki audio-video yazıdan isə Chevrolet Cruze” **- AD-*** dövlət qeydiyyat nömrəli avtomobilə həmin zaman hər hansı zərərin vurulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. (maddə 9) Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 79 (yetmiş doqquz manat) manat dövlət rüsumunun 72,85 (yetmiş iki manat səksən beş qəpik) manat hissəsi tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 5285 (beş min iki yüz səksən beş) manat məbləğində pul vasaiti, ödənilmiş dövlət rüsumunun 72,85 (yetmiş iki manat səksən beş qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Mersedes E-220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 5285 (beş min iki yüz səksən beş) manat məbləğində pul vasaiti, ödənilmiş dövlət rüsumunun 72,85 (yetmiş iki manat səksən beş qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar