Məhkəmə qərarları › İş №2(036)-1688/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1688/2025

03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1688/2025 03.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənə vurulmuş 4990 (dörd min doqquz yüz doxsan) manat məbləğində ziyanın alınıb ona verilməsinə dair, eləcədə ödədiyi 70 (yetmiş) manat dövlət rüsumunun ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayonu, Yalavac kəndində yaşayan Cavabdeh tərəfindən ona 4990 (dörd min doqquz yüz doxsan) manat məbləğində xeyli miqdarda maddi ziyan vurulmuşdur. Beləki, Cavabdeh ilə o, 4 (dörd) il bir yerdə ailə olaraq yaşamışlar. Beləki, ilk tanışlığı da Polad (öz təkidi ilə ona Qara deməyini xahiş etmişdir) ona subay olduğunu bildirmiş, ailəli olmadığına onu müxtəlif söz, bəhanə və variantlarla inandırmışdır. O, özünə həyat yoldaşı kimi qəbul etmiş, yaşadığı İmişli rayonuna belə o, aparmış, valideynləri - atası İman və anası Hicranla və o, cümlədən bütün qohumları, yaxınları, qonşuları hətda dostları ilə də onu tanış edərək həyat yoldaşı kimi təqdim etmişdir. Bildirir ki, birgə yaşadığı dövrlərdə Polad hər dəfəsində bütün maddi xərclərini o, cümlədən ehtiyac meyarı yaranan alınasılara və gündəlik xərclərinə görə ondan xırda və iri məbləğlərdə pullar tələb etmiş və o da həyat yoldaşı olaraq ona hər dəfəsində müxtəlif məbləğlərdə pul vəsaitlərini həm nağd vermiş və həmdə onun kart hesabına (pul məbləğlərinin qəbzlərini maddi sübut kimi iddia ərizəsinə əlavə etmişdir) köçürtmüşdür. Hətta onun adına "xxxx" ASC-dən GTZK9334254B232 müqavilə nömrəsi üzrə kredit də götürüb avtomobil almaq adıyla həmin krediti xərcləmişdir. Günü bugünki, günədəkdə o, hər ay banka ayda 117.87 manat kredit ödəyir. Bildirir ki, birgə yaşadığı son dövrdə Polad ona dediki avtomobil almaq istəyir o, isə bundan qabaqkı, vəziyyətləri xatırladaraq razılıq verməməyini bildirsə də yenə də xeyri olmamış və ona kişi sözü verərək bu səfər sözünün üstündə duracağını bildirmiş və o da bir ailə kimi çox sevinib, razılıq vermişdir ki, narahat olma maddi cəhətdən həmişəki kimi sənə köməkliyini edəcək, imkanlarına, büdcələrinə uyğun avtomobil seçərsən Qara, əgər nağdı pula imkan çatmasa əlbəəl aylığ ödənişlədə olan maşınlardan seçərsən birlikdə aylıxlarını ödüyərlər. Polad sevinərək avtomobil axtarmağa başlamış və ayrı-ayrı adamlardan maşınlar seçib gətirmiş, az müddətdə (1 ay, 1 ay 20 gün) idarə edəndən sonra avtomobillərin nasaz olması bəhanəsi ilə avtomobil sahibləriylə dava-qırğın salaraq gətirdiyi avtomobilləri aldığı adamlara da geri qaytarmışdır. Ancaq qaytardığı avtomobillərə görə geri aldığı pullardan ona 1 manat belə verməmişdir. O, artıq tədricən Poladın avtomobil haqqında təcrübəsizliyini, avtomobilin texniki işlərində bilməməzliyini, anlayışsızlığını və təmirlə bağlı hər hansısa təmirçiyə və ya ustaya getməməsindən bu kimi hərəkətlərinə məəttəl qalmış və hər dəfəsində də o, bildirəndə ki, məsələn: Filan maşın salamat idi axı ay Qara niyə qaytarırsanki? Polad ağlagəlməz bəhanələrlə onu inandırmağa çalışmışdı ki: Sən qadınsan, sənin nə başın çıxır maşından və bu kimi bəhanəli, yalan və inandırıcı sözləri ilə onu aldatmışdır. O, artıq birgə yaşadığı 4 ilin son dövrləri ərzində Cavabdeh ondan bilərəkdən istifadə etməsini görərək anlayıb əmin oldu ki, Polad onun maddi imkanlarından, pulundan istifadə edir. Bütün bunları Poladın anasına Hicrana telefonla zəng edərək, hətda “Vatsap” sosial çarxı vasitəsiylə səs göndərərək oğlu Poladın ondan uzaq durmasını tələb etmişdir, hətta alış veriş etdiyi avtomobil sahiblərini yalandan əllərini göstərərək özünü fəhlə kimi təqdimatı qarşısında təkrarən avtomobilləri qaytararaq insanların haqqına girməsini bildirmişdir ki, valideyn kimi çağırın və ya zəng edin başa salın oğlunuzu. Hicran bu barədə xatırlayırki, Polada iradlar bildirsə də Polad yenə də bu haramzadə yolundan əl çəkməmişdir. Bütün bunlara əhəmiyyət verməyən Polad artıq ona aqressiya göstərməyə, onu incitməyə, zor tətbiq etməyə başlayanda onda vətəndaşlıq hüququnun pozulmaması üçün bu barədə bir neçə dəfə Daxili İşlər Nazirliyinin 102 qaynar xətdinə məlumat vermiş və hazırda da şikayət ərizəsi 102 xidmətindədir. Qeyd edir ki, Cavabdeh tam sonuncu yalanını və onu aldatmasını Gəncə şəhərindən alıb gətirdiyi qızılı rəngli “Opel” markalı avtomaşında görmüş və Poladı bu yalanlarına, ifşalarına, şər-böhtanına görə layiqincə biabır edib ondan kənarlaşmasını tələb etmişdir. Bildirir ki, avtomobil satış saytı olan “Turbo.az” saytındən “Opel” markalı avtomobili seçərək Polad ona göstərmiş, maşının rəngi, duruşu, xarici görkəmi onun tam xoşuna gəlmişdir və o da tam ürəklə həmin maşını bəyənmişdir. Bu maşın üçün də ona yalvar-yaxar edərək atomobilin ödənişi üçün pul verməyi bildirmişdir. Oda kredit götürərək avtomobil sahibinə 100 manat beh atmış və qalan 1100 manatıda Polad ondan nağd şəkildə götürüb Gəncə şəhərinə getmiş, maşın sahibi ilə maşına ilkin ödəniş 1200 manat nağd qaydada ödəniş edərək (dövlət qeydiyyat nişanıda səhf etmirsə **-LD-***, “Opel-Omeqa) həmin avtomobili ayda 300 AZN ödəməklə razılaşma əsasında alıb gətirmişdir. Bu avtomobilidə öz zövqlərinə görə çox bəyənmişlər, avtomobil ilinə, vəziyyətinə, əsasda qiymətinə görə Poladın ürəyincə olmuşdur və Polada dönə-dönə yalvarıb xahiş etmişdir ki, bu maşını saxla, sür və qaytarma. Onu əminliklə arxayın salan Polad təqribən 2 aydan sonra yəni 2024 cü ilin noyabr ayında ona yaşadığı İmişli rayonundan zəng edərək bildirdi ki, “Opel” maşınını da qaytarıb. Bunun üstündə çox bərk mübahisələri düşmüş və tələb etmişdir ki, ondan aldığı 1200 manat pulu geri qaytar o, kreditini bağlasın. Ancaq ki, həmişəki kimi onu bu Polad yenə də aldatmış, başı açıq qoymuş, hazırda da ondan aldığı bütün bu pul vəsaitlərindən geri qaytarma etməmiş, hər hansısa bir addım atmamış və ona ümumilikdə 4990 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, İddiaçı qız ilə 2020-2024-ci illər ərzində təxminən 4 il müddətində qeyri rəsmi olaraq birlikdə yaşamışlar. İddaçı ilə birlikdə yaşadığı müddət ərzində o, onun bütün ehtiyaclarını qarşılamış və dəfələrlə öz kart hesabından iddiaçıya müxtəlif məbləğlər göndərmişdir. Qeyd edilən müddət ərzində onlar qeyri rəsmi olaraq ər-arvad münasibətində yaşamış və ehtiyac olduqda bir – birilərinə müxtəlif məbləğdə pullar göndərmişlər. Aralarında heç bir borc öhdəliyi olmamışdır. İddiaçı onun ailəli və iki uşağının olduğunu bilirdi. O, onunla olan münasibətlərinin ailəsində narazılığa səbəb olduğunu və bu səbəbdən ondan ayrılmaq istədiyini bildirmişdir. İddiaçı bundan sonra ondan qisas alacağını bildirmiş və Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə zəng edərək guya o, onu incitməyi zorakılıq etməyi barədə məlumat versə araşdırma zamanı bütün bu məlumatların heç biri öz əksini tapmamışdır. Bir daha bildirmək istəyir ki, onlar qeyri rəsmi olaraq ər-arvad münasibətində yaşamış və ehtiyac olduqda bir – birilərinə müxtəlif məbləğdə pullar göndərmişlər. Aralarında heç bir borc öhdəliyi olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

İşə baxan məhkəmənin mövqeyi: İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı hesabına müəyyən məbləğlərdə pul ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh kart hesabına müəyyən məbləğlərdə pul ödənilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan “Vabcat” yazışmaları və səs yazıları dinlənilmiş, iddia tələbində göstərilənlər öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 4990 (dörd min doqquz yüz doxsan) manat pulu borc olaraq ödədiyini iddia edərək, geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh ilə aralarında hər hansı razılaşmanın və cavabdehin ona 4990 (dörd min doqquz yüz doxsan) manat məbləğində pul borcu olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə araşdırlması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlə birlikdə yaşamış və qarşılıqlı olaraq bir-birlərinə pul göndərmişlər. Lakin, bu münasibətlərin borc müqaviləsindən irəli gəlməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İddiaçı tərəfindən məhz 4990 manat məbləğində pul vəsaitinin borc olaraq cavabdehə verməsi faktı müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdəki səs yazılarından da Cavabdeh iddiaçıya 4990 (dörd min doqquz yüz doxsan) manat məbləğində pul borcu olması faktı öz təsdini tapmamışdır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 70 (yetmiş) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 70 (yetmiş) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar