Məhkəmə qərarları › İş №2(036)-170/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-170/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-170/2025 11.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şıralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3850 manat pulun, sənədləşmə üçün ödənilmiş 700 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə cavabdehlər ona xüsusi mülkiyətlərində olan 2.1354 ha pay torpaq sahəsini satmaq istədiklərini və o da həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Bundan sonra o, həmin torpaq sahəsini almaq üçün ümumilikdə 3850 manat pulu cavabdehlərə ödəmişdir. O, pulu ödədikdən sonra cavabdeh 12 noyabr 2020-ci ildə həmin torpağı öz adına sənədləşdirə bilmədiyi üçün onun bacanağı X3 notariusda etibarnəmə vermiş və cavabdeh etibarnamə verəndən sonra o, ümumilikdə 700 manat xərc çəkərək həmin torpaq sahəsinə çıxarış almışdır. Cavabdehlərlə razılaşmaya əsasən o, çıxarışı aldıqdan sonra onlar toraq sahəsini onunla notariusda alqı-satqı etməli idilər. Lakin, cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədilər, yəni toraq sahəsini notariusda onunla alqı-satqı etmədilər. Buna görədə o, məcbur olub cavabdehlərə verdiyi pulu geri tələb etmək qararına gəlmişdir. Hazırda o, dəfələrlə cavabdehlərdən onlara verdiyi pulu tələb etsə də, onlar hər dəfə bir bəhanə gətirərək pulunu vermirlər. Hazırda cavabdehlər ona torpağı almaq üçün ödənilmiş 3850 manat pul və sözü gedən torpağı sənədləşdirmək üçün ödənilmiş 700 manat pul borcludurlar. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehlərə pul ödəməyini təsdiq edən şahidlərdə vardır və məhkəmə zamanı həmin şahidlərdə təsdiq edəcəklər. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, Cavabdeh1 2100 manat pulun, Cavabdeh2 1750 manat pulun, sənədləşmə üçün ödənilmiş 700 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, həmçinin, bildirmişdir ki, Cavabdeh2 deyil, pul vəsaitini onun ərinə vermişdir. Lakin, adın bilmədiyi üçün cavabdeh qismində Cavabdeh2nı göstərmişdir. Hazırda iddia tələbinə bu formada baxılmasını xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddiaçı tərəfindən ona heç bir pul vəsaiti verilmədiyini bildirmişdir. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildrimişdir ki, iddiaçı onun yanında torpaq almaq məqsədi ilə Saatlı şəhərində 1750 manatı Samir adlı şəxsə vermişdir. Cavabdeh2 pul verməsi barədə onun heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildrimişdir ki, iddiaçı onun dayısıdır. torpaq almaq məqsədi ilə İmişli şəhərin 2100 manatı Cavabdeh1 vermişdir. Orada başqa heç kəs olmamışdır. Aralarında hər hansı müqavilə bağlanmamışdır. Sonrakı hadisələrdən xəbəri yoxdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin yaranması əsaslarından biri də əsassız varlanmadır. Nə qədər ki, məhkəmədə cavabdeh X1 əsassız varlanma faktı müəyyən edilmişdir, onun bu günə iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin istifadəsində olması.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə Cavabdeh1 2100 manat pulun, Cavabdeh2 1750 manat pulun, sənədləşmə üçün ödənilmiş 700 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi xahiş edir. İş materiallarında olan Azərbaycan Vətəndaşının AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə İmişli rayonu, Hacırüstəmli kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2nın ümumi birgə mülkiyyətlərində olan İmişli rayonu, Hacırüstəmli kəndində yerləşən 2.1354 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh1 verilmiş 03/1243 saylı arayışdan görünür ki, İmişli rayonu, Hacırüstəmli kəndində yerləşən 2.1354 ha torpaq sahəsinin 24 noyabr 2016-cı il tarixinə bazar dəyəri 2100 manat təşkil edir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə arasında hər hansı razılaşmanın olması, cavabdehlərin onun qarşısında pul öhdəliklərinin olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Həmçinin, iddiaçı məhkəmə iclasında Cavabdeh2 heç bir pul vəsaiti vermədiyini, pulu onun ərinə verdiyini bildirmiş, lakin iddia tələbinə bu formada baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 onun yanında iddiaçının 1750 manatı Samir adlı şəxsə verdiyini, Cavabdeh2 pul verməsi barədə onun heç bir məlumatı olmadığını bildirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı özü və şahid də Cavabdeh2 heç bir pul vəsaiti verilmədiyi bildirdiyi üçün iddia tələbi ona qarşı hissədə təmin edilə bilməz. İddiaçı tərəfindən Cavabdeh1 pul vəsaiti verilməsi faktı öz təsdini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 iddiaçının bacısı oğlunu bildirdiyi üçün məhkəmə onun ifadəsinə tənqidi yaşanır. Məhkəmə hesab edir ki, iddiaçının qohumu olan X2 ifadəsi digər mötəbər sübutlarla təsdiq edilmədiyi və iddianın tələbinin yeganə sübutu olduğu üçün iddia təmin edilməsinin əsası kimi çıxış edə bilməz. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 60 (altmış) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan 60 (altmış) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar