Məhkəmə qərarları › İş №2(036)-1748/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1748/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1748/2025 07.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki mübahisə (açar sözlər: kredit) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən müştərək qaydada 7967,89 manat məbləğində əsas kredit borcunun, 1340,47 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 796,79 manat məbləğində penya borcunun, cəmi 10105,15 manat məbləğində borcun iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclulara qarşı borclulardan 7967,89 manat məbləğində əsas kredit borcunun, 1340,47 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 796,79 manat məbləğində penya borcunun, cəmi 10105,15 manat məbləğində borcun, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun kreditora ödənilməsi barədə əmr verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, 14035-/372246 saylı 31 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən kreditor "xxxx" ASC-nin İmişli filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 24% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 9700 AZN məbləğində kredit verilmişdir. 14035-/372246 saylı 31 iyul 2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 14035-/307037 Z saylı 31 iyul 2014-cü il tarixli və Cavabdeh3 arasında 14035-/382777 Z saylı 31 iyul 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Borclu şəxs Cavabdeh1 qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bununla bağlı onun özünə, eləcə də öhdəlik üzrə zaminləri Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq onlar müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmişlər. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh1 xx.xx.2015ci il tarixə "xxxx" ASC-yə 7967,89 AZN məbləğində əsas kredit borcunun, 1340,47 AZN məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 796,79 AZN məbləğində penya borcunun, cəmi 10105,15 AZN məbləğində borcu qalmaqdadır.

3. İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)-7225/2015 saylı məhkəmə əmrinə əsasən borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7967 manat 89 qəpik məbləğində əsas kredit borcunun, 1340 manat 47 qəpik məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 796 manat 79 qəpik məbləğində penya borcunun, cəmi 10105 manat 15 qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun tutulub tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçilməsi barədə əmr verilmişdir.

4. Borclu Cavabdeh1 xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)-7225/2015 saylı məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir.

5. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-1748/2025 saylı qərardadına əsasən İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(036)-7225/2015 saylı məhkəmə əmrinin ləğv edilməsi və işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır.

9. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 460.3-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəlliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə X3 şəxsində və borc alan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 14035-/372246 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borc alana 24 ay müddətinə illik 24% olmaqla 9700 manat məbləğində kredit verilməsi, borc alan tərəfindən isə kreditin müqavilədə nəzərdə tutulan qaydada qaytarılması müqavilənin predmetini təşkil etmişdir.

13. "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə X3 şəxsində və zamin Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 14035-/307037 Z saylı zaminlik müqaviləsindən görünür ki, borclunun kreditor qarşısında xx.xx.2014-cü il tarixli 14035-/372246 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün zamin və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıması müqavilənin predmetini təşkil etmişdir.

14. "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə X3 şəxsində və zamin Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 14035-/382777 Z saylı zaminlik müqaviləsindən görünür ki, borclunun kreditor qarşısında xx.xx.2014-cü il tarixli 14035-/372246 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün zamin və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıması müqavilənin predmetini təşkil etmişdir.

15. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İmişli filialının direktoru vəzifəsində işləmiş X3 və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-231/2018 saylı 15 noyabr 2018-ci il tarixli hökmündən görünür ki, sonuncu həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək tanışı X9 ilə əlbir olub cinayət əlaqəsinə girərək, "xxxx" ASC-nin ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talama məqsədilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin Samir İsmayılovla şəxsi məqsədləri üçün, yəni sonuncu ilə mobil telefonların alğı-satqısını həyata keçirərək gəliri aralarında bölüşdürəcəklərinə dair razılaşmaqla, Samir İsmayılovun köməkliyi ilə, yəni onun banka gətirdiyi ayrı-ayrı şəxslərin, o cümlədən hazırkı iş üzrə Cavabdeh1 adına xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 9700 manat məbləği kredit kimi götürüldüyünü rəsmiləşdirməklə müvafiq kredit və zaminlik müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş, cəmi 454365,85 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb Samir İsmayılovla aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə "xxxx" ASC-nin ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışlar. Hökmlə təqsirləndirilən şəxslər cinayət əməllərinin törədilməsində təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər, həmçinin "xxxx" ASC-nin mülki iddiası təmin olunaraq təqsirləndirilən şəxslər X2 165268 manat, X4 99824,3 manat, X5 13410 manat və X6 29434 manat alınaraq mülki iddiaçı "xxxx" ASC-nə ödənilməsi hökm edilmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

17. Baxılan iş üzrə Bank kredit müqaviləsi üzrə yaranmış borcun borcalandan və zaminlərdən birgə qaydada tutulmasını tələb edir.

18. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi- müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir.

19. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş və MPM-in 82.4-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan hallar Bankla borcalan arasında etibarlı kredit (borc) müqaviləsinin bağlandığını istisna edir.

20. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-231/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X1 İmişli filialının direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək, tanışı X9 ilə əlbir olub cinayət əlaqəsinə girərək, Bankın ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talama məqsədilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin Samir İsmayılovla şəxsi məqsədləri üçün, yəni sonuncu ilə mobil telefonların alğı-satqısını həyata keçirərək gəliri aralarında bölüşdürəcəklərinə dair razılaşmaqla, Samir İsmayılovun köməkliyi ilə, yəni onun Banka gətirdiyi ayrı-ayrı şəxslərin, o cümlədən hazırkı iş üzrə Cavabdeh1 adına xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 9700 manat məbləğin kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 454365,85 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb Samir İsmayılovla aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə iddiaçının ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışlar.

21. Qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar baxımından Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan X7 və qeyrilərinin cinayət əməlini həyata keçirməyə kömək məqsədilə yalnız görünüş üçün bağlanmışdır. Mülki Məcəllənin 337.3 və 340.1-ci maddələrinə əsasən həmin əqd uydurmadır və məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

22. Eyni zamanda baxılan iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən tələb olunan məbləğin etibarsız əqd üzrə alınanların digər tərəfə qaytarılması qaydasında tutulması da qeyri-mümkündür. Çünki istinad olunan cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış Bankın mülki iddiası təmin olunmuş, cinayət nəticəsində Bankın məhrum olduğu əmlakın həmin cinayətin törədilməsində təqsirli şəxslərdən tutularaq Banka ödənilməsi qərara alınmışdır.

23. Bununla yanaşı, Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığı səbəbindən Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən zaminlik öhdəlikləri də etibarsız olduğundan zaminlərə qarşı iddia da əsassızdır.

24. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

VI. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən müştərək qaydada 7967,89 manat məbləğində əsas kredit borcunun, 1340,47 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 796,79 manat məbləğində penya borcunun, cəmi 10105,15 manat məbləğində borcun, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar