Məhkəmə qərarları › İş №2(036)-1776/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1776/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1776/2020 20.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1nа qarşı “pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 1020 manat məbləğində borcun, hüquqi yardım üçün ödədiyi 100 manatın və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində plastik qapı-pəncərə düzəltmək işi ilə məşğuldur. 2019-cu ilin noyabr ayında Cavabdeh2 oğlu onun yanına gələrək yeni tidirdiyi evi üçün 7 pəncərə 2 qapı və 2 nəfəslik düzəltməyi sifaiş etmiş və həmin işlərin ümumi dəyərini 1120 manat olaraq aralarında razılaşdırmışlar. Bundan başqa aralarında olan razılığa görə o, həmin qapı və pəncərələri aparıb cavabdehin evinə quraşdıranda cavabdeh onun pulunu verməli idi. O, razılaşdıqları kimi qapı və pəncərələri düzəldərək aparıb cavabdehin evinə quraşdırmış, bundan sonra Cavabdeh2 oğlu ona 100 manat pul verərək qalan 1020 manatı da yaxın günlərdə verəcəyini bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçsə də cavabdeh onun pulunu qaytarmamış və o məcbur qalıb pulunu cavabdehin atası Şəhadətdən istəmişdir. Cavabdehin atası şəhadət həmin borcu öz üzərinə götürmüş və yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdehlər müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Bundan sonra o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Gedib vəkilə yaxınlaşaraq hüquqi yardım istəmişdir. Hüquqi yardım göstərilməsinə və iddia ərizəsinin tərtib olunmasına görə vəkilə 100 manat pul vermişdir. Daha çox xərci çıxmaması üçün vəkillə rəsmi müqavilə bağlamamışdır. Məhkəmə iclasında Cavabdeh2 oğlu iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı 1120 manat dəyərində qapı-pəncərə düzəltməyi sifariş etmişdir. İddiaçı həmin qapı-pəncərələri gətirib onun evinə quraşdırsa da həmin vaxt onun maddi sıxıntısı yaranmış və iddiaçıya cəmi 100 manat pul qaytarmışdır. Hazırda onun iddiaçıya 1020 manat manat borcu vardır, maddi imkanı olduqda borcunu qaytaracaqdır. Odur ki, iddianı qəbul edir və təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddianı qəbul etdiyini və təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 1020 manat məbləğində borcun, hüquqi yardım üçün ödədiyi 100 manatın və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsini tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 müştərək qaydada 1020 manat məbləğində borc, hüquqi yardım xərci olaraq 100 manat və dövlət rüsumu olaraq 30 manat, cəmi 1150 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 müştərək qaydada 1020 manat məbləğində borc, hüquqi yardım xərci olaraq 100 manat və dövlət rüsumu olaraq 30 manat, cəmi 1150 (bir min yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar