Məhkəmə qərarları › İş №2(036)-179/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-179/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-179/2022 11.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2020-ci il tarixli, 4-Y-1-0-1476-20 saylı kredit müqaviləsi üzrə 2882.14 manat əsas borc, 281.64 manat faiz borcu, 104.26 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3268.04 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini və «İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2020-ci il tarixli, 4-Y-1-0-1476-20 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2020-ci il tarixli, 4-Y-1-0-1476-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə 3200 manat məbləğində kredit verilmişdir. 29 sentyabr 2021-dək Cavabdeh banka 23 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2882.14 manat əsas borc, 281.64 manat faiz borcu, 104.26 manat cərimə borcu olmaqla, ümumilikdə 3268.04 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Belə ki, işin materiallarında olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 23 noyabr 2020-ci il tarixli, 4-Y-1-0-1476-20 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə 18000 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan 29 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan əsas kredit borcu 2882.14 manat, kreditdən istifadəyə görə faiz borcu 281.64 manat və cərimə borcu 104.26 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, edərək Cavabdeh 23 noyabr 2020-ci il tarixli, 4-Y-1-0-1476-20 saylı kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişlər, nəticədə onların iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23 noyabr 2020-ci il tarixli, 4-Y-1-0-1476-20 saylı kredit müqaviləsi üzrə 2882.14 manat əsas borc, 281.64 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 3183.78 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2020-ci il tarixli, 4-Y-1-0-1476-20 saylı kredit müqaviləsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 187 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23 noyabr 2020-ci il tarixli, 4-Y-1-0-1476-20 saylı kredit müqaviləsi üzrə 2882.14 manat əsas borc, 281.64 manat faiz borcu, 20 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 3213.78 (üç min iki yüz on üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. «İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2020-ci il tarixli, 4-Y-1-0- 1476-20 saylı saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar