Məhkəmə qərarları › İş №2(036)-180/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-180/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-180/2022 19.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh1 arasında 09 avqust 2019-cu il tarixli, 038CASA192210008 saylı Güzəştli kredit müqaviləsinin ləğv edilməsini və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10147.66 manat əsas borcun, 59.22 manat faiz borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 09 avqust 2019-cu il tarixli, 038CASA192210008 saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% faiz dərəcəsi ilə 10147.66 manat məbləğində pul restrukturizasiya olunmuşdur. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 09 avqust 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışlar. Borcun ödənilməsinə dair cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC -yə 10147.66 manat məbləğində əsas borcu var, lakin maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. O, faiz borcunu qəbul etmir. Odur ki, iddianın qismən təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, Cavabdeh1 zamin durmuşdur. Bankdan pulu Cavabdeh1 götürmüş, ona görə də kredit borcu ondan tutulmalıdır. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 09 avqust 2019-cu il tarixli, 038CASA192210008 saylı kredit razılaşmasından görünür ki, həmin razılaşma əsasında İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik faiz dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10147.66 manat məbləğində kredit verilmişdir. İşdə olan 24 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan əsas kredit borcu 10147.66 manat, kreditdən istifadəyə görə faiz borcu 59.22 manat təşkil edir. İşdə olan 09 avqust 2019-cu il tarixli, 038FİZAM33285403 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 09 avqust 2019-cu il tarixli, 038CASA192210008 saylı Güzəştli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrası məqsədilə onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər üzərilərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmişlər, onların iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında 09 avqust 2019-cu il tarixli, 038CASA192210008 saylı Güzəştli kredit müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada 10147.66 manat əsas kredit borcu, 59.22 manat kreditdən istifadəyə görə faiz borcu, ümumilikdə, 10206.88 manat məbləğində pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında 09 avqust 2019-cu il tarixli, 038CASA192210008 saylı Güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada 10147.66 manat əsas kredit borcu, 59.22 manat kreditdən istifadəyə görə faiz borcu, ümumilikdə, 10206.88 (on min iki yüz altı manat, səksən səkkiz qəpik) manat məbləğində borc tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar