Məhkəmə qərarları › İş №2(036)-1803/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1803/2023

17.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1803/2023 17.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, iddiaçılar İddiaçı və X1 iştirakları ilə, İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı evə köçürülmə və evdən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırlması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçılar İddiaçı və X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları X12 və X7 ilə birlikdə qeydiyyatda olduqları İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanında yerləşən yaşayış evinə köçürülmələrini, həmin evdən istifadə etmələrinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)-2514/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Hüseynov Səbuhi Vəkil oğlunun tələbi təmin edilərək iddiaçıların və onların azyaşlı uşaqları X12 və X2 İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanında yerləşən yaşayış evinə istifadə hüquqlarına xitam verilmişdir. Lakin həmin mülki işdən heç bir xəbərləri olmamış və onlara məhkəmə bildirişləri gəlməmişdir. İmişli “ASAN xidmət” məkəzinə iş üçün müraciət etdiyi zaman orada bildirmişlər ki, İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanından qeydiyyatdan çıxarılmışlar. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)- 2514/2020 saylı qətnaməsinin İddiaçı, X6, X12 və X3 aid hissədə ləğv edilmiş və iddiaçı Hüseynov Səbuhi Vəkil oğlunun iddia tələbi rədd edilmişdir. Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-1810/2022 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 2(036)- 2514/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasına dönüş edilərək, İddiaçı, X14, X6, X12 və X2 İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı evə olan istifadə hüquqlarına xitam verilmədiyindən onların pasport qeydiyyatının bərpa edilməsi qərara alınmışdır. Həmçinin, Hüseynov Səbuhi Vəkil oğlu İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı evdə qeydiyyatda deyil, İmişli rayonu Çahar kəndində qeydiyyatdadır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən olur ki, Hüseynov Səbuhi Vəkil oğlu həmin evi Cavabdeh satıb və ev sonuncunun mülkiyyətindədir. Hal-hazırda onların İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı ünvana qeydiyyatları bərpa edildiyindən, həmin evdə yaşamaq hüquqları da bərpa olunmalıdır. Lakin cavabdeh onları həmin evə buraxmır və bu səbəbdən də müvəqqəti olaraq başqa yerdə yaşamağa məcbur olmuşlar.

3. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

4. İddiaçılar İddiaçı və X6 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

7. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

8. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

9. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

10. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

11. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Mülki Prosessual Məcəllə

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

16. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

17. Məhkəmə iddiaçıların izahatnı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.

18. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı ev paylı mülkiyyət hüququ əsasında - Hüseynov Səbuhi Vəkil oğlunun adına 5/18 hissədə, Nəsirova Şahnaz Vəkil qızının adına 5/18 hissədə, Nəsirova Sevinc Vəkil qızının adına 5/18 hissədə və X10 adına 3/18 hissədə xüsusi mülkiyyət hüququ əsasında dövlət mülkiyyətinə alınmışdır. Bu barədə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Hüseynov Səbuhi Vəkil oğlu xüsusi (paylı) mülkyyətində olan İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı evdən İddiaçı, X6, X12, X7 və qeyrilərinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qisməncavabdehlər X19, X15, X25, X26, X13, X16, X8, X20, X17, X21 və X11 aid hissəədə ləğv edilmiş, həmin cavabdehlərə münasibətdə işin icraatına xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qalan hissədə- X14, İddiaçı, X6, X12, X3 aid hissədə apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə İddiaçı verdiyi kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İddiaçı apellyasiya şikayəti təmin edilərək İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)- 2514/2020 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Hüseynov Səbuhi Vəkil oğlunun cavabdehlər X9, İddiaçı, X1, X5, X4 İmişli şəhəri, M.Müşfiq küçəsi, 210 saylı evə olan istifadə hüquqlarına xitam verilməsinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-1810/2022 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş İmişii Rayon Məhkəməsinin 2(036)-2514/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsinin icrasında dönüş edilmişdir. İddiaçı, X9, Hüseynova Vüsalə Rəhim qızının, X5 və X4 İmişli şəhəri M.Müşfiq küçəsi, 210 saylı evə olan istifadə hüquqlarına xitam verilmədiyindən onların pasport qeydiyyatı bərpa edilmişdir.

19. İddiaçı İmişli şəhəri, M.Müşfiq küçəsi, 210 saylı evdə doğulmuş, orada boya-başa çatmış, X6 evlənərkən həmin evə gəlin gəlmiş, onların uşaqları həmin ünvanda doğulmuşlar, mübahisəli yaşayış sahəsi iddiaçıların və ailə üzvlərinin yaşayış evi olmaqla, hazırda başqa yaşayış evində müvəqqəti yaşayırlar.

20. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəl hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

22. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

24. Məhkəmə iclasında toplanmış sübutlarla iddiaçıların başqa yaşayiş sahəsinin olması halı, yaxud onların hazırki mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxması halı müəyyən edilməmişdir.

25. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

26. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

27. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir».

28. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.

29. Hazırkı mülki iş üzrə iddiaçılar köçmək istədiyi evdə yaşamış, onlar yaşadıqları evdən məhrum edilmiş və bu məhrum edilmə qanunsuzdur.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

31. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

33. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilib, iddiaçılar İddiaçı və X6 övladları X12 və X7 ilə birlikdə İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanında yerləşən yaşayış evinə köçürülməli və həmin evdən istifadə etmələrinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı evə köçürülmə və evdən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırlması tələbinə dair iddiası təmin edilsin. İddiaçılar İddiaçı və X6 övladları X12 və X7 ilə birlikdə İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanında yerləşən yaşayış evinə köçürülsün və həmin evdən istifadə etmələrinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar