Məhkəmə qərarları › İş №2(106)-135/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-135/2024

11.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-135/2024 11.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X32 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X14 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçıların iştirakları ilə, İddiaçılar İddiaçı və X3 Cavabdeh qarşı evə köçürülmə və evdən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırlması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin (hakim Telman Quliyev) 17 avqust 2023-cü il tarixli, 2(036)-1803/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı və X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları X17 və X10 ilə birlikdə qeydiyyatda olduqları İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanında yerləşən yaşayış evinə köçürülmələrini, həmin evdən istifadə etmələrinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 2514/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Hüseynov Səbuhi Vəkil oğlunun tələbi təmin edilərək iddiaçıların və onların azyaşlı uşaqları X17 və X4 İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanında yerləşən yaşayış evinə istifadə hüquqlarına xitam verilmişdir. Lakin həmin mülki işdən heç bir xəbərləri olmamış və onlara məhkəmə bildirişləri gəlməmişdir. İmişli "ASAN xidmət” məkəzinə iş üçün müraciət etdiyi zaman orada bildirmişlər ki, İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanından qeydiyyatdan çıxarılmışlar. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)-2514/2020 saylı qətnaməsinin İddiaçı, X9, X17 və X5 aid hissədə ləğv edilmiş və iddiaçı Hüseynov Səbuhi Vəkil oğlunun iddia tələbi rədd edilmişdir. Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)- 1810/2022 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 2(036)-2514/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasına dönüş edilərək, İddiaçı, X19, X9, X17 və X4 İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı evə olan istifadə hüquqlarına xitam verilmədiyindən onların pasport qeydiyyatının bərpa edilməsi qərara alınmışdır. Həmçinin, Hüseynov Səbuhi Vəkil oğlu İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı evdə qeydiyyatda deyil, İmişli rayonu Çahar kəndində qeydiyyatdadır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən olur ki, Hüseynov Səbuhi Vəkil oğlu həmin evi Cavabdeh satıb və ev sonuncunun mülkiyyətindədir. Hal-hazırda onların İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı ünvana qeydiyyatları bərpa edildiyindən, həmin evdə yaşamaq hüquqları da bərpa olunmalıdır. Lakin cavabdeh onları həmin evə buraxmır və bu səbəbdən də müvəqqəti olaraq başqa yerdə yaşamağa məcbur olmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. İmişli Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(036)-1803/2023 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı və X3 Cavabdeh qarşı evə köçürülmə və evdən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırlması tələbinə dair iddiası təmin edilmiş, iddiaçılar İddiaçı və X3 övladları X17 və X10 ilə birlikdə İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanında yerləşən yaşayış evinə köçürülməsi və həmin evdən istifadə etmələrinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: b)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə cavabdeh kimi onun xüsusi mülkiyyətində olan İmişli şəhəri, M.Müşfiq küçəsi 210 nömrəli evə iddiaçılar İddiaçı Əkrəm oğlunun, X3, X8 və X1 və cavabdeh kimi ondan maneələrin aradan qaldırması barədə gəldiyi nəticə Azərbaycan Respublikası Konstitutsiyasının 13 və 29-cu maddələrinin, “ İnsan Hüqularının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri pozmaqla əsassız və qanunsuz olaraq xüsusi mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Məhkəmə tərəfindən cavabdeh kimi ona məxsus olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını pozmuş, həmçinin daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlməsi mövcud olduğu halda bu fakt araşdırılmamış, qeyd edilən yaşayış evini və 0,7 ha torpaq sahəsini vicdanlı əldə edən kimi ona münasibətdə qanun pozuntusuna yol vermişdir. Bu baxımdan məhkəmə cavabdeh kimi ona öz tələblərini və və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə imkan verməmiş, bununla da əsassız və qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə prosesində cavabdeh kimi onun xüsusi mülkiyyət hüququ ilə əldə etdiyi İmişli şəhəri, M.Müşfiq küçəsi 210 nömrəli evin də həyətyanı torpaq sahəsi ilə qonşu olan iddiaçılara məxsus yaşayış evi, həyətyanı torpaq sahəsində əkilmiş bağ evi, hətta həmin yerdə üzərində mişar daşı tökülmüş özbaşına olaraq zəbt etdiyi 0,11 ha torpaq sahəsinin olması barədə sübutları təqdim etmək imkanı tanınmamış, həmçinin iddiaçıların əsas məqsədinin əmisi oğlu Hüseynov Səbuhi Vəkil oğlu və qeyriləri ilə olmasına baxmayaraq xüsusi mülkiyyət hüququ ilə əldə etdiyi evə iddiaçıların və uşaqlarının köçürülməsi və maneələrin aradan qaldırılması kimi əsassız nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə ona öz tələblərinin və və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə imkan verməmişdir. Məhkəmə xüsusi mülkiyyət hüququ ilə əldə etdiyi İmişli şəhəri, M.Müşfiq küçəsi ev 210-a dair onda olan sənədləri əldə etmədən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən iddiaçının əmisi oğlu ilə bağlı qeydiyyatdan çıxarılma ilə əlaqədar mübahisəni onun qanun əsasında əldə etdiyi və xüsusi mülkiyyətində olan evi ilə əlaqədar müstəvidə qət etmiş, iddiaçının həmin evin yaxınlığında yaşayış evinin və həyətyanı torpaq sahəsinin olması kimi mühüm əhəmiyyət kəsb edən halları, o, cümlədən bu barədə onda olan foto şəkilləri, evin və həyətyanı torpaq sahəsinin video görüntüsü olan disketi və digər sübutları araşdırmadan məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq göstərmişdir ki, 1974-cü ildə qeyd edilən mübahisəli evdə doğulmuş və orada böyümüşdür. Evlənərək həyat yoldaşı X7 da həmin evə gəlin gətirmişdir. Uşaqları da həmin evdə doğulmuşdur. İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanında yerləşən yaşayış evi JN 337 KOD 90712028 saylı islahat nəticəsində verilmiş 0.22 ha torpaq sahəsində yerləşir. İslahat gedən zaman o, CÇM-də cəza çəkmişdir. 10 ildən artıqdır ki, o həmin evdə yaşamır. Həmin evə yaxın ərazidə ev tikdirərək ailəsi ilə həmin evdə yaşayır. İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanında yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsi İslahat nəticəsində Balabəyim Hüseynovaya əmisigilin ailəsinə verilmişdir. Əmisi oğlu Səbuhi həmin evi öz adına sənədləşdirərək evi hazırkı Cavabdeh satmışdır. Ev satılarkən o və ailəsi həmin evdə qeydiyyatda olmamışdır. Sonradan məhkəmə qətnaməsi və qərardadı ilə evə qeydiyyatları bərpa olunmuşdur. Hazırda evi yoxdur. Onun və ailəsinin həmin evə köçürülməsini istəyir. Cavabdeh məhkəməyə teleqram göndərərək, qardaşı X11 vəfatı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, buna görə də məhkəmə baxışının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. MM-nin 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəyə əsasən isə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1 -ci hissəsinə görə, "heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı ev paylı mülkiyyət hüququ əsasında - Hüseynov Səbuhi Vəkil oğlunun adına 5/18 hissədə, Nəsirova Şahnaz Vəkil qızının adına 5/18 hissədə, Nəsirova Sevinc Vəkil qızının adına 5/18 hissədə və X15 adına 3/18 hissədə xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Bu barədə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Hüseynov Səbuhi Vəkil oğlu xüsusi (paylı) mülkiyyətində olan İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı evdən İddiaçı, X9, X17, X10 və qeyrilərinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qisməncavabdehlər X23, X20, X30, X31, X18, X21, X12, X24, X22, X25 və X16 aid hissəədə ləğv edilmiş, həmin cavabdehlərə münasibətdə işin icraatına xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qalan hissədə- X19, İddiaçı, X9, X17, X5 aid hissədə apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə İddiaçı verdiyi kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İddiaçı apellyasiya şikayəti təmin edilərək İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2514/2020 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Hüseynov Səbuhi Vəkil oğlunun cavabdehlər X13, İddiaçı, X3, X8, X6 İmişli şəhəri, M.Müşfiq küçəsi, 210 saylı evə olan istifadə hüquqlarına xitam verilməsinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-1810/2022 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş İmişii Rayon Məhkəməsinin 2(036)-2514/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsinin icrasında dönüş edilmişdir. İddiaçı, X13, Hüseynova Vüsalə Rəhim qızının, X8 və X6 İmişli şəhəri M.Müşfiq küçəsi, 210 saylı evə olan istifadə hüquqlarına xitam verilmədiyindən onların pasport qeydiyyatı bərpa edilmişdir. 02 noyabr 2020-ci il tarixli, ******* saylı notariat qaydada bağlanmış daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə Hüseynov Səbuhi Vəkil oğlu, Hacıyeva Şahnaz Vəkil qızı, X26, Nəsirova Sevinc Vəkil qızı İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 210 ünvanında yerləşən, ümumi sahəsi 59.1 kv.metr, yaşayış sahəsi 32 kv.metr, yardımçı sahəsi 27.1 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini alıcı Cavabdeh satmışlar. Cavabdeh daşınmaz əmlaka mülkiyyət hüquqları çıxarış əsasında xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapdığı üçün apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəl hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. İşin hallarından müəyyən edilir ki, hazırda iddiaçılar cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə köçmək istəyirlər. İddiaçıların tələbi onunla əsaslandırılır ki, onların mübahisəli fərdi yaşayış evinə istifadə hüquqları vardır. Bu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunur. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək təmin etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayətini onunla əsaslandırmışdır ki, o, vicdanlı alıcıdır, həmin fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdehlərin həmin fərdi yaşayış evinə köçürülməsi əsassızdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Qeyd edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi barədə məhkəmə qətnaməsi qüvvədə olduğu vaxt alqı-satqı əsasında mübahisəli fərdi yaşayış evi cavabdehə satılmışdır. Sonradan həmin qətnamənin ləğv edilməsi və icrada dönüş edilməsi alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evini almış mülkiyyətçinin hüquqularının məhdudlaşdırmamalıdır. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Göründüyü kimi İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı fərdi yaşayış evi əvvəlki mülkiyyətçilər tərəfindən notarial alqı-satqı müqaviləsi əsasında hazırkı Cavabdeh satılmışdır. Alqı-satqı zamanı evin üzərində hər hansı yüklülük olmamış, həmçinin alqısatqının realizə olunması üçün başqa hər hansı məhdudiyyət də olmamışdır. Bununla da hazırkı Cavabdeh evi almış və mülkiyyətinə keçirməklə buna dair xx.xx.2020-ci il tarixdə DƏDRX-dən çıxarış da almışdır. Bununla da müəyyən edilir ki, cavabdeh qeyd edilən evi vicdanlı olaraq əldə etmişdir. MM-nin 158.4-cü maddəsinin tələbinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Belə olduğu halda kollegiya qeyd edir ki, iddiaçılar onlara vurulmuş bu və ya digər zərərlə bağlı əvvəlki mülkiyyətçilərə qarşı məhkəmədə iddia qaldıra bilər. Qeyd edilənlərə əsasən kollegiya belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv etmək və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat iddiaçılardan müştərək qaydada tutularaq cavabdehə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(036)-1803/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı və X3 Cavabdeh qarşı evə köçürülmə və evdən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırlması tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi- 50 (manat) məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı və X2 alınaraq Cavabdeh ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar