Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1748/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mənzilə köçürmə, Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb), qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızına (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə və evdən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şirvan Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-135/2024 nömrəli, 11 yanvar 2024-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı ev paylı mülkiyyət hüququ əsasında - X adına 5/18 hissədə, X adına 5/18 hissədə, X adına 5/18 hissədə və X5 adına 3/18 hissədə xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Bu barədə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir.
2. Hüseynov Səbuhi Vəkil oğlu xüsusi (paylı) mülkiyyətində olan İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı evdən İddiaçı1, İddiaçı2, X7, X3 və qeyrilərinin yaşayış sahəsindən istifadə hüquqlarına x itam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilərək İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2514/2020 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Hüseynov Səbuhi Vəkil oğlunun iddiası cavabdehlər X4, İddiaçı1, İddiaçı2, X2, X1 İmişli şəhəri, M.Müşfiq küçəsi, 210 saylı evə olan istifadə hüquqlarına xitam verilməsinə dair hissədə təmin edilməmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-1810/2022 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş İmişii Rayon Məhkəməsinin 2(036)-2514/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsinin icrasında dönüş edilmişdir. İddiaçı1, X4, İddiaçı2, X2 və X1 İmişli şəhəri M.Müşfiq küçəsi, 210 saylı evə olan istifadə hüquqlarına xitam verilmədiyindən onların pasport qeydiyyatı bərpa edilmişdir. 5. 02 noyabr 2020-ci il tarixli, ******* saylı notarial qaydada bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X, X, X9, X İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 210 ünvanında yerləşən, ümumi sahəsi 59.1 kv.metr, yaşayış sahəsi 32 kv.metr, yardımçı sahəsi 27.1 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini alıcı Cavabdeh satmış və alıcının daşınmaz əmlaka mülkiyyət hüquqları çıxarış əsasında xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları X7 və X3 ilə birlikdə qeydiyyatda olduqları İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanında yerləşən yaşayış evinə köçürülmələri, həmin evdən istifadə etmələrinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda onların İmişli şəhəri, M.Müşviq küçəsi 210 saylı ünvana qeydiyyatları bərpa edildiyindən, həmin evdə yaşamaq hüquqları da bərpa olunmalıdır. Lakin cavabdeh onları həmin evə buraxmır və bu səbəbdən də müvəqqəti olaraq başqa yerdə yaşamağa məcbur olmuşlar.
8. İmişli Rayon Məhkəməsinin 2(036)-1803/2023 nömrəli iş üzrə 17 avqust 2023- cü il tarixli qətnaməsi ilə (hakim Telman Quliyev) iddianın təmin edilməsi, iddiaçıların övladları X7 və X3 ilə birlikdə İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanında yerləşən yaşayış evinə köçürülmələri və həmin evdən istifadə etmələrinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı1 İmişli şəhəri, M.Müşfiq küçəsi, 210 saylı evdə doğulmuş, orada boya-başa çatmış, İddiaçı2 evlənərkən həmin evə gəlin gəlmiş, onların uşaqları həmin ünvanda doğulmuşdur. Mübahisəli yaşayış sahəsi iddiaçıların və ailə üzvlərinin yaşayış evi olmaqla hazırda başqa yaşayış evində müvəqqəti yaşayırlar.məhkəmə iclasında toplanmış sübutlarla iddiaçıların başqa yaşayiş sahəsinin olması halı, yaxud onların hazırki müb ahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxması halı müəyyən edilməmişdir. Hazırkı mülki iş üzrə iddiaçılar köçmək istədiyi evdə yaşamış, onlar yaşadıqları evdən məhrum edilmişdir və bu məhrum edilmə qanunsuzdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyala şdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bil məz.
11. Məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilib, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları X6 və X3 ilə birlikdə İmişli şəhəri M.Müşviq küçəsi 210 ünvanında yerləşən yaşayış evinə köçürülməli və həmin evdən istifadə etmələrinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra Mülki Məcəllə) 152.1, 152.3, 152.5, 153.4, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)-1803/2023 saylı, 17 avqust 2023cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsini n qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, vicdanlı alıcıdır, həmin fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdehlərin həmin fərdi yaşayış evinə köçürülməsi əsassızdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-135/2024 nömrəli mülki iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(036)-1803/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə və evdən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldı rılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi barədə məhkəmə qətnaməsi qüvvədə olduğu vaxt alğı-satqı əsasında mübahisəli fərdi yaşayış evi cavabdehə satılmışdır. Sonradan həmin qətnamənin ləğv edilməsi və icrada dönüş edilməsi alğı-satqı müqaviləsi əsasında fərdi yaşayış evini almış mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmamalıdır. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, b u şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, fərdi yaşayış evi əvvəlki mülkiyyətçilər tərəfindən notarial alğı-satqı müqaviləsi əsasında hazırkı Cavabdeh satılmışdır. Alğı-satqı zamanı evin üzərində hər hansı yüklülük olmamış, həmçinin alğı-satqının realizə olunması üçün başqa hər hansı məhdudiyyət də olmamışdır. Bununla da hazırkı Cavabdeh evi almış və mülkiyyətinə keçirməklə buna dair xx.xx.2020-ci il tarixdə DƏDRX-dən çıxarış da almışdır. Bununla da müəyyən edilmişdir ki, cavabdeh qeyd edilən evi vicdanlı olaraq əldə etmişdir. Mülki qanunvericiliyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Belə olduğu halda kollegiya q eyd etmişdir ki, iddiaçılar onlara vurulmuş bu və ya digər zərərlə bağlı əvvəlki mülkiyyətçilərə qarşı məhkəmədə iddia qaldıra bilər.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının ( bundan sonra Konstitusiya)13, 29-cu maddələrinə, 43-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 157.5, 157.6, 157.7, 157.8, 158.3, 158.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(106)-135/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, Konstitusiyaya əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İddiaçı1 və ailə üzvləri mənzil hüququndan məhrum edilmişlər. Məhkəmə nəinki mənzil hüququnu bərpa etməyib, əksinə, mənzil hüquqlarının pozulmasına rəvac vermişdir. Məhkəmə onu və ailə üzvlərini yaşayış yerindən məhrum etmək istəyir. İddiaçıya sözügedən evə yaşamaq üçün qeydiyyat-icazə verilib. Lakin onun iddiasını təmin etməyən məhkəmə tərəfindən bu hala heç bir münasibət bildirilməyib. Cavabdeh evi almamışdan əvvəl iddiaçı və ailə üzvləri həmin evdə qeydiyyatda olmuşdur. Birinci instansiya məhkəməsinin onları evdən qeydiyyatdan çıxarmaq barədə qətnaməsi yuxarı məhkəmə tərəfindən ləğv edilib, icranın dönüşü ilə evə qeydiyyata alınmışlar və həmin evə qanuni şəkildə köçürülməlidirlər. Bu hala məhkəmə tərəfindən heç bir münasibət bildirilməyib. Apellyasiya məhkəməsi yalnız cavabdehin təqdim etdiyi sübutları araşdırmış və qəbul etmişdir. İddiaçının sübutları əsaslı olsa da, məhkəmə tərəfindən qiymətləndirilməmiş və nəticədə iş üzrə iddiaçının hüquqları pozulmuşdur. Hesab edilir ki, mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməyib.
21. Kassasiya şikayəti Konstitusiyanın 43-cü maddəsinə, Mülki Məcəllənin 27.1, 157.8, 329.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 15.2, 77.1, 88-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının
23. Maddə 13. (Hissə 1.) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 24. (Maddə 29.(Hissə 1.) Hər kəsin mülkiyyət hüququ vardır. (Hissə 4.) Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərb aycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
35. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məc əllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
38. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmə nin gəldiyi nəticələr əsaslandırılmışdır.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli 2(106)-135/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.