Məhkəmə qərarları › İş №2(036)-1844/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1844/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1844/2024 24.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon Məhkəməsinin 2(036)-1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1297/2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Hal-hazırda uşaqlar böyüyüb və məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Hal-hazırda övladlarının tələbatlarını ödəməyə imkanı çatmır. Bu səbəbdən də İmişli Rayon Məhkəməsinin 2(036)- 1297/2022ci il tarixli qətnaməsinə nəzərən kəsilən 320 (üç yüz iyirmi) manat alimentin 470 (dörd yüz yetmiş) manata qədər artırılmasını xahiş edir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon Məhkəməsinin 2(036)-1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilən aliment məbləğinin dəyişdirilmədən 320 manat sabit pul məbləğidə saxlanmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində göstərilmişdir ki, İddiaçı İmişli Rayon Məhkəməsində mənə qarşı "Alimentin artırılması” barədə iddia qaldırmışdır. O, iddia ilə razı deyil. Cavabdeh halhazırda Rusiyada yaşayır. Artıq 1 il olarki, işsizdir və hal-hazırda mədə-bağırsaq problemi olduğu üçün müalicə alır. İmişli rayon Mənkəməsinin 2(036)1297/2022-ci il tarixli qətnaməsinə nəzərən övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment məbləği anasının pensiya kartından tutulur. Qeyd edir ki, anasının pensiyadan başqa gəliri yoxdur. Həmçinin kredet ödəyir. Cavabdeh işsiz və xəstə olduğu üçün aliment ödəməyə imkanı yoxdur. Bu səbəbdən də İmişli rayon Məhkəməsinin 2(036)1297/2022-ci il tarixli qətnaməsində qeyd edilən aliment məbləğinin deyişdirilmədən 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində olaraq qalmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, hazırda cavabdeh tərəfindən 320 manat ödənildiyini və bu məbləğin uşaqların saxlanması üçün kifayət etmədiyini bildirərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 11777385 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə İmişli şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 18498393 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə İmişli şəhərində anadan olmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilmişdir ki, birgə nikahdan doğulmuş xx.xx.2010cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər bir uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ayda 320 (üç yüz iyirmi) manat sabit məbləğdə aliment tutulsun. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin övladları xx.xx.2010-cu il təvəllüdü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 iddiaçının (anasının) himayəsindədir. İmişli rayon Məhkəməsinin 2(036)-1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ayda 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ödənilən aliment məbləği uşaqların saxlanması üçün kifayət etmir. İddiaçı (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon Məhkəməsinin 2(036)-1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini, Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon Məhkəməsinin 2(036)-1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilən aliment məbləğinin dəyişdirilmədən 320 manat sabit pul məbləğində saxlanmasını xahiş etmişdir. Məhkəmə hər iki iddia tələbinin mahiyyətini nəzərə alaraq onlara birlikdə münasibət bildirilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Alimentin miqdarını müəyyən edərkən məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşaları xx.xx.2010cu il təvəllüdü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) məbləğində alimentin tutulması məqsədə uyğundur. Odur ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)- 1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh aylıq qazancından 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində tutulan alimentin həcmi dəyişdirilərək 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməli, xx.xx.2010-cu il təvəllüdü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq uşaqlar yetkinlik yaşına çatanadək İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə, qarşlılıqlı iddia isə tam hissədə rədd edilməli, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 30 (otuz manat) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1297/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh aylıq qazancından 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində tutulan alimentin həcmi dəyişdirilərək 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2010-cu il təvəllüdü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq uşaqlar yetkinlik yaşına çatanadək İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz manat) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar