Məhkəmə qərarları › İş №2(036)-1858/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1858/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1858/2024 29.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu nisiyə aldığı qızıl əşyalarının dəyəri olan 1000 (bir min) manat pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli şəhərində zərgərlik malları mağazası işlədir. Əvvəldən tanıdığı Borclu 2022-ci ildə mağazadan 1 ədəd 1600 manat dəyərində 18.5 qram çəkidə qızıl boyunbağını nisiyə almış və bildirmişdir ki, pulunu tezliklə verəcək. Bundan sonra o, nisiyə aldığı malın pulundan 500 manat ödəmiş yerdə qalan 1100 manat pulu isə ödəməmişdir. Cavabdeh pulu qaytarmadığına görə o, İmişli RPŞ-nə ərizə vermiş. Borclu Polis Şöbəsində izahat yazmışdır ki, ona borclu olduğu 1100 manat pulu hər ay 200 manat olmaqla qaytaracaq, lakin qeyd edir ki, cavabdeh bu vədində əməl etməmişdir. Belə ki, o, cəmi 100 manat pul ödəmiş yerdə qalan 1000 manatı ödəməmişdir. Hazırda cavabdeh ona 1000 manat pul borcludur və cavabdehə dəfələrlə etdiyi müraciətlərə baxmayaraq borcu bu günədək tam olaraq ödəməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh Borclu məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan bir vərəqdən ibarət əlyazmasından görünür ki, əl yazısı ilə “mən Borclu təxminən 1 il bundan əvvəl İmişli şəhəri “Kalxoz” bazarında qızıl alveri ilə məşğul olan İddiaçı dəyəri 1600 (bir min altı yüz) manat olan 18.5 qram çəkidə 1 ədəd qızıl boyunbağı sep və 1 ədəd qızıl sepi satın almışdım. Həmin qızılın pulundan 500 AZN manat vermişəm, lakin 1100 AZN borclu qalmışam həmin qızılın pulunu ayda 200 AZN olmaqla verəcəyimə söz verirəm. Qızılın öulunu verməyəcəyim dəqdirdə məsuliyyətə cəlb olunmağıma ehtiraz etmirəm. İmza ____ Borclu. xx.xx.2023” yazısı yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 575.1 Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdeh Borclu ilə aralarında şifahi razılaşma olmasına, həmin razılaşmaya əsasən Borclu 2022-ci ildə mağazadan 1 ədəd 1600 manat dəyərində 18.5 qram çəkidə qızıl boyunbağını nisiyə almış və bildirmişdir ki, pulunu tezliklə verəcək. Bundan sonra o, nisiyə aldığı malın pulundan 500 manat ödəmiş yerdə qalan 1100 manat pulu isə ödəməmişdir. Cavabdeh pulu qaytarmadığına görə o, İmişli RPŞ-nə ərizə vermiş. Borclu Polis Şöbəsində izahat yazmışdır ki, ona borclu olduğu 1100 manat pulu hər ay 200 manat olmaqla qaytaracaq, lakin qeyd edir ki, cavabdeh bu vədində əməl etməmişdir. Belə ki, o, cəmi 100 manat pul ödəmiş yerdə qalan 1000 manatı ödəməmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı cavabdeh ilə aralarında hər hansı razılaşmanın olması, onun 2022-ci ildə ondan 1 ədəd 1600 manat dəyərində 18.5 qram çəkidə qızıl boyunbağını nisiyə almasını və cavabdehin onun qarşısında pul öhdəliyinin olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bir vərəqdən ibarət əlyazmasına münasibətdə məhkəmə bildirir ki, həmin əl yazısının həqiqətən cavabdehə məxsus olması, onun tərəfindən yazılması və onun həqiqi iradə ifadəsi olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İstinad olunan əl yazısında məhkəmə tərəfindən təhlil edilərək həmin əl yazısında iddiaçının istinad etdiyi halların həqiqiliyinə dəlalət edən faktı aşkar etmək mümkün olmamışdır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

Qətetdi:

İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar