Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1867/2020 08.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, iddiaçının nümayəndəsi X7 və Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdehnа qarşı “pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək izahatında göstərdi ki, İmişli rayonu X4 xx xxxxxx 2003-cü il tarixli 08 saylı qərarı ilə atasıCavabdeh və cəmi 4 nəfər ailə üzvlərinə İmişli rayonunun Çaxırlı kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində 1.43 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Həmin 1.43 ha torpaq sahəsinə JN 0194 saylı 90710038 kodlu dövlət aktı verilmişdir. İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə JN 0194 saylı 90710038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi paylı mülkiyyətdə olan İmişli rayonunun Çaxırlı kəndində yerləşən 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 4/1 hissədə naturada ayrılıb iddiaçıya verilmişdir. Lakin xx xxxxxx 2003-cü idən bu günədək 17 il müddətində cavabdeh iddiaçının mülkiyyətində olan 35 sot torpaq sahəsindən hər il orta hesabla 500 manat gəlir götürmüşdür ki, həmin 500 manat gəlirdən özü tək başına istifadə etmiş və iddiaçıya 1 manatda olsun pul verməmişdir. Həmin 35 sot torpaq sahəsi məhsuldar torpaq olduğu üçün hər il azı 500 manat məbləğində gəlir götürmək mümkündür ki, buda 17 ildə 8500 manat məbləğində pul deməkdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbində göstərilən xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı onun qızı, iddiaçının nümayəndəsi isə onun oğludur. O, yenidən ailə qurduğu üçün övladları ilə aralarında narazılıq yaranmışdır. Bu narazılıq çərçivəsində övladları qərəzli şəkildə ona qarşı əsassız iddia qaldırmışlar. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Аzərbaycan Respublikası Konistitusiyasının 125-cimaddəsinin Vİİ bəndində göstərilmişdir ki,məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. X9 Məhkəməsi "X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X5 iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən, həmin hallar mövcud olmayan hallar kimi qiymətləndirilməli və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1867/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1867/2020
08.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver