Məhkəmə qərarları › İş №2(036)-1943/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1943/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1943/2025 15.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı Kredit İttifaqı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kredit İttifaqı MMC-nin – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı Kredit İttifaqı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6733 manat əsas borcun, 1750 manat əsas borca görə hesablanmış faizin və 151 manat cərimənin, 105 manat dövlət rüsumu üçün ödənilmiş pulun, ümumilikdə 8739 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli müqavilə əsasında İddiaçı Kredit İttifaqı MMC Cavabdeh1 illik 24% olmaqla 48 ay müddətin 8000.00 AZN kredit ayırmışdır. Qeyd edilən kredit müqaviləsinin təminatı kimi tərəflər arasında № DB 100 nömrəli, 09 sentyabr 2022-ci il tarixli girov müqaviləsi və Cavabdeh2 ilə № DB/100 nömrəli, 09 sentyabr 2022-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə əsasında üzərlərinə götürdükləri öhdəlikləri heç bir üzürlü səbəb olmadan yerinə yetirmədikləri üçün hazırki vaxtadək 6733 manat əsas borc, müqavilə üzrə əsas borca hesablanmış 1750 manat faiz borcu və gecikdirilmiş günlər üçün 151 manat məbləğində cərimə olmaqla ümumilikdə 8634 manat miqdarında vəsait borclu qalmışlar. Məhkəmə iclasına iştirak edən İddiaçı Kredit İttifaqı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 100 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında 12 sentyabr 2022-ci il tarixli 100 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 8000 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 24 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 48 ay müddətində İddiaçı Kredit İttifaqı MMCyə ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 100 nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinin təminatı olaraq 100 (bir yüz baş) xırdabuynuzlu heyvanı girov qoymuşdur. Xırdabuynuzlu heyvanın ümumi dəyəri 15000 (on beş min) manat qiymətləndirilmişdir. İş materiallarında olan ödəniş cədvəlinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Kredit İttifaqı MMC-dən aldığı 8000 manat kredit məbləğini 48 ay müddətində illik 2 faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüş, sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə qeyd edilmişdir. İş materiallarında olan İddiaçı Kredit İttifaqı MMC ilə Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 100 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2022-ci il tarixli 100 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Kredit İttifaqı MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli 100 saylı kredit müqaviləsi üzrə İddiaçı Kredit İttifaqı MMC-yə 6733.00 manat əsas, 1750.00 manat faiz 151.00 manat cərimə borcu olmaqla, cəmi 8634.00 manat borcu yaranmışdır. Həmin pretenziya məktubundan görünür ki, cavabdehlərə müqavilə üzrə bütün borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli müqavilə əsasında İddiaçı Kredit İttifaqı MMC Cavabdeh1 illik 24% olmaqla 48 ay müddətin 8000.00 AZN kredit ayırmışdır. Qeyd edilən kredit müqaviləsinin təminatı kimi tərəflər arasında № DB 100 nömrəli, 09 sentyabr 2022-ci il tarixli girov müqaviləsi və Cavabdeh2 ilə № DB/100 nömrəli, 09 sentyabr 2022-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə əsasında üzərlərinə götürdükləri öhdəlikləri heç bir üzürlü səbəb olmadan yerinə yetirmədikləri üçün hazırki vaxtadək 6733 manat əsas borc, müqavilə üzrə əsas borca hesablanmış 1750 manat faiz borcu və gecikdirlimiş günlər üçün 151 manat məbləğində cərimə olmaqla ümumilikdə 8634 manat miqdarında vəsait borclu qalmışlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) - 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. - 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən İddiaçı Kredit İttifaqı MMC-yə 6733 manat əsas, 1750 manat faiz borcu, 151 manat cərimə borcu olmaqla, cəmi 8634 manat borcu, pretenziya məktubuna əsasən isə 12 sentyabr 2022-ci il tarixli 100 saylı kredit müqaviləsi üzrə İddiaçı Kredit İttifaqı MMC-yə 6733 manat əsas, 1750 manat faiz borcu və 151 manat cərimə borcu olmaqla, cəmi 8634 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə 12 sentyabr 2022-ci il tarixli 100 saylı kredit müqaviləsinə əsasən əsas və faiz borcu cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 12 sentyabr 2022-ci il tarixli 100 saylı kredit müqaviləsi üzrə 151 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, o, iş üzrə Cavabdeh1 ilə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Bundan başqa məhkəmə həmçinin tələbin girov predmetinə yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, 09 sentyabr 2022-ci il tarixli 100 nömrəli girov müqaviləsində göstərilən 100 (bir yüz baş) xırdabuynuzlu heyvanın ümumi dəyəri 15000 manat məbləğində müəyyən edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girov ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin girov ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin girov yüklü edilmiş əşyaya yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin girov göstərilən daşınar əmlaka yönəldilməsi yüklü edilmiş əşyaların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi göstərilən daşınar əşyaya yönəldilməli və əşya açıq hərracdan satılmalıdır. Məhkəmə hesab edir ki, girov predmeti açıq hərracda satılmalı və həmin əşyaların satılmasından əldə edilən vəsaitdən borc ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddianın verilməsi ilə bağlı İddiaçı Kredit İttifaqı MMC tərəfindən 105 (bir yüz beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6733 manat əsas borcun, 1750 manat əsas borca görə hesablanmış faiz və 151 manat cərimə və 105 manat ödnilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 8739 (səkkiz min yeddi yüz otuz doqquz) manat pul vəsaiti tutularaq iddiaçı Sevinc” Kredit İttifaqı MMC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6733 manat əsas borc, 1750 manat əsas borca görə hesablanmış faiz və 151 manat cərimə və 105 manat ödnilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 8739 (səkkiz min yeddi yüz otuz doqquz) manat pul vəsaiti tutularaq iddiaçı Sevinc” Kredit İttifaqı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar