Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1951/2025 04.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Novruzzadə (Mustafazadə) Səidə Fədai qızına qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması, sübutların qiymətləndirilməsi (işdə iştirak edən şəxslərin izahatlarının qiymətləndirilməsi, səs yazıların qiymətləndirilməsi)) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Novruzzadə (Mustafazadə) Səidə Fədai qızına qarşı cavabdehlərdən müştərək qaydada 8200 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Müki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən müştərək qaydada 8200 manat məbləğində pulun və ödənilmiş 102 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan evi satıqdan sonra əlində olan pul vəsaiti ilə qızıl zinət əşyaları alıb evə qoymuşdur. Sonradan ehtiyac olduğu üçün həmin qızılları satmaq qərarına gəlmişdir. X1 şahidliyi ilə digər qonşuları olan X3, onun həyat yoldaşı Novruzzadə (Mustafazadə) Səidə Fədai qızı və onların bəzi qohumları iddiaçıdan 2023-cü ilin iyun ayından etibarən müxtəlif qram və əyarlarda qızıl zinət əşyaları almış və ilk aylarda normal şəkildə ödəniş edərək etibarını qazanmışlar. 2023-cü ilin sentyabr ayından X3 və həyat yoldaşı Novruzzadə (Mustafazadə) X5 şəhərindən köçərək Bakı şəhərinə yerləşmiş, orda yaşamağa başlamışlar. Aralarında olan etibardan sui-stifadə edərək 2023-cü ilin sentyabr və noyabr aylarında dələduzluq edərək öz aləmlərində uydurma qohumlar formalaşdırıb Aida (0***-***-**-**) və Gülnar (***-***-**- **) adlarıyla müxtəlif nömrədə vatsap vasitəsilə iddiaçı ilə yazışaraq, iddiaçıdan qızıl zinət əşyaları almışlar. Təbii ki, bunlar sonra bəlli olmuşdur ki, cavabdehlərin bu adlarda nə qohumları nə də, tanışları vardır. Qeyd olunan nömrələrdən elə cavabdehlərin özləri yazırmışlar. Belə ki, bundan sonra ödənişlərdə problemlər yaranmış və üzərlərinə götürdükləri aylıq ödənişlərdən dolayısıyla imtina etmişlər. Hər dəfə ödəniş etmələrini tələb etdikdə bu ay, gələn ay edəcəyik deyə iddiaçını aldadaraq ödənişi icra etməmişlər. Halhazırda cavabdehlərin iddiaçıya 8200 (səkkiz min iki yüz) manat məbləğində borcları vardır. Cavabdehlər bu borcu öz vatsaplarından göndərdiyi səsləri ilə də təsdiq edirlər. Artıq 2023-cü ilin dekabr ayından bu günədək sözu keçən pul məbləğindən heç bir ödəniş edilməmişdir. İddiaçı dəfələrlə cavabdehlərlə əlaqə saxlamış, cavabdehlər hər dəfə vaxt istəmişlər, lakin iddiaçı heç bir nəticə əldə etməmişdir. Cavabdehlər borcu ödəməkdən boyun qaçırdıqlarına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən etiraf edərək izahatında bildirmişdir ki, cavabdeh Novruzzadə (Mustafazadə) Səidə Fədai qızı onun həyat yoldaşıdır. Müxtəlif vaxtlarda iddiaçıdan qızıl zinət əşyaları almış, daha sonra pulunu ödəmişdir. Aldığı qızılın çəkisini bilməmiş, yalnız qiymət barədə cavabdehlə razılaşmışdır. Cavabdehdən qızıl saatı 5000 manata almış, 2500 manata satmışdır. Daha sonra işsiz olduğundan və imkanı olmadığından iddiaçının pulunu qaytara bilməmişdir. Aylıq 100 və ya 150 manat ödəniş edərək borcunun qaytarılmasını təklif etsə də cavabdeh onunla razılaşmamışdır. İddiaçıya ümumilikdə 7250 manat pul ödəmiş, hazırda iddiaçıya 1000 borcu qalmışdır. Sonda cavabdeh iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh Novruzzadə (Mustafazadə) Səidə Fədai qızı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehlərlə qiymət barədə razılığa gələrək onlara müxtəlif vaxtlarda qızıl zinət əşyalarını satmış, cavabdehlər həmin qızıl zinət əşyalarının dəyərini ilk vaxtlar ödəsələr də, sonradan yaranmış borcu ödəyə bilməmiş və borcları yaranmışdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində onun iştirakı ilə iddiaçının cavabdehlərə qızıl zinət əşyalarını verməsini göstərsə də, qızıl zinət əşyalarının dəyəri, çəkisi və tərəflər arasında yaranmış borcun məbləği barədə məlumatlı olmadığını bildirmişdir.
13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçının irəli sürdüyü faktiki hallar üzrə onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
14. Belə ki, tərəflər arasında alğı-satqı münasibətləri mövcud olmuş, iddiaçı əşyanı cavabdehlərin mülkiyyətinə vermiş, cavabdehlər isə razılaşdıqları pul məbləğini ödəməyi öhdələrinə götürmüşlər.
15. Məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını, habelə onun cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı araşdırmalı və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Bu (subyektiv) hüququn sahibi olmayan şəxsin iddiasına mahiyyəti üzrə baxılıb, iddianın əsaslılığına qiymət verilməsi mümkünsüzdür. Həmçinin, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Hazırkı iş üzrə iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir.
16. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Məhkəmə Novruzzadə (Mustafazadə) Səidə Fədai qızının əsl cavabdeh olub-olmaması ilə bağlı qeyd edir ki, Novruzzadə (Mustafazadə) Səidə Fədai qızının iddiaya etiraz etməməsi, iş üzrə şahid ifadəsi, həmçinin iş materialına əlavə edilmiş səs yazılarından cavabdeh Novruzzadə (Mustafazadə) Səidə Fədai qızının iddiaya cavab verməli şəxs olduğu aydın olur.
17. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alğı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Alğısatqı müqaviləsi iki tərəfin, alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
18. Hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından nisyə satılan əşyaların verildiyini və verilən əşyalara görə borcun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.
19. İşin müəyyən edilən və mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehlərə iddiaçı tərəfindən qızıl zinət əşyaları satılmışdır. Həmin hal iş materiallarına əlavə edilmiş qızıl zinət əşyalarının fotoşəkilləri, şahid ifadəsi və Cavabdeh2 izahatında öz təsdiqini tapmışdır. Həmin faktı təsdiq edən dəlillər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilir.
20. Qeyd olunmalıdır ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Hər hansı əqdin (o cümlədən alğısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işin mübahisə edilən halı tərəflər arasında qızıl zinət əşyalarının satılması nəticəsində yaranmış borcun məbləğindən ibarətdir. Belə ki, iddiaçı cavabdehlərin 8200 manat borcu qaldığını iddia etmiş, Cavabdeh2 isə iddia tələbini qismən etiraf edərək 7250 manat borcu ödədiyini və 1000 manat borcu qaldığını bildirmişdir.
22. Qanunvericiliyin normalarından aydın olur ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
23. Belə ki, məhkəmə iclasında Cavabdeh2 iddiaçıya 1000 manat borcu qaldığını bildirməsinə baxmayaraq onun tərəfindən cavabdehə həmin məbləğdə borcu qalmasını, həmçinin hansı məbləğdə ödəniş etdiyini təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
24. İş materialına iddiaçı tərəfindən əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş “USB flash yaddaş”da olan səs yazısında Cavabdeh2 özü etiraf etmişdir ki, “iddiaçıya 8000 manat borcu vardır, həmçinin uzun müddət borcu qaytarmadığı üçün cavabdehə əlavə olaraq 100 manat ödəyəcəkdir”.
25. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş səs yazısında qeyd olunan halları mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən məhkəmə iclasında borcun məbləği ilə bağlı izahatı inandırıcı qəbul edilə bilməz.
26. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən qızıl zinət əşyalarının satılmasından cavabdehlərin 8200 manat borcunun qaldığı iddia edilmiş, buna baxmayaraq iddiaçı tərəfindən məhkəməyə cavabdehlərin 8000 manat borcunun qalmasını təsdiq edən sübutlar təqdim olunsa da, 200 manat borcun qalması faktını təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmişdir.
27. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
29. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı qızıl zinət əşyalarını cavabdehlərin mülkiyyətinə vermiş, cavabdehlərin ödənişlər etdikdən sonra 8000 manat məbləğində borcları qalmışdır.
30. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, 8000 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir.
31. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
32. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 102 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin 100 manat hissəsi cavabdehlər Cavabdeh2 və Novruzzadə (Mustafazadə) Səidə Fədai qızından müştərək qaydada İddiaçı xeyrinə tutulmalı, məhkəmə xərcinin qalan 2 manat hissəsi iddiaçıya aid edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Novruzzadə (Mustafazadə) Səidə Fədai qızından 8000 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 102 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin 100 manat hissəsi cavabdehlər Cavabdeh2 və Novruzzadə (Mustafazadə) Səidə Fədai qızından müştərək qaydada tutularaq İddiaçı verilsin, məhkəmə xərcinin qalan 2 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.