Məhkəmə qərarları › İş №2(036)-1970/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1970/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1970/2020 19.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli RBNPU-4311 saylı kredit müqaviləsi üzrə 3135.32 manat əsas borcun, 134.07 manat faiz borcunun, 304.41 manat cərimə borcunun cəmi 3573.8 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RBNPU-4311 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 4200 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcunu tam ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə teleqram ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, maddi imkanı olmadığından banka olan borcunu ödəyə bilməmişdir. Buna görə bank ona cərimə məbləği hesablamışdır. Lakin onun madi imkanı olsa idi banka olan borcunu ödəyərdi və bank ona qarşı məhkəmədə iddia qaldırmazdı. Odur ki, onun maddi imkanının nəzərə alınmasını və iddiada göstərilən cərimə məbləğinin azaldılmaqla iddianın qismən təmin olunması barədədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RBNPU-4311 saylı kredit müqaviləsindən görünür ki, müqavilə tərəfləri borcalana illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 4200 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 4200 manat məbləğində pul nağd olaraq verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli RBNPU-4311 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan əsas borcu 3135.32 manat, faiz borcu 134.07 manat və cərimə borcu 304.41 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 304.41 manat məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli RBNPU-4311 saylı kredit müqaviləsi üzrə 3135.32 manat əsas borc, 134.07 manat faiz borcu, 30 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu, cəmi 3329.39 manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli RBNPU-4311 saylı kredit müqaviləsi üzrə 3135.32 manat əsas borc, 134.07 manat faiz borcu, 30 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu, cəmi 3329.39 (üç min üç yüz iyirmi doqquz manat otuz doqquz qəpik) manat məbləğində pul tutulub İddiaçı ASC -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar