Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1993/2024 28.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun və ödədiyi 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmyerlisi və qonşusu Cavabdeh Fətuila oğlu 2021-ci ilin dekabr ayında ondan 7000 (yeddi min) manat borc istəmişdir. Demişdir ki, 2022-ci ilin əvvəlindən başlayaraq ayda 500 (beş yüz) manat ödəməklə borcu qaytaracaqdır. O da onun vədinə inanıb 7000 (yeddi min) manat pulu ona borc vermişdir. 18 dekabr 2021-ci il tarixdə cavabdeh şəxsiyyət vəsiqəsinin surətini Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq etdirib həmin vərəqin arxasına öz xətti ilə ondan yeddi min manat borc aldığını və ayda 500 (beş yüz) manat ödəyəcəyini yazıb imza edərək ona vermişdir. Lakin cavabdeh bu günə kimi onu aldadaraq pulunu qaytarmamışdır. O, ona dəfələrlə xəbərdarlıq edib pulunu qaytarmasını xahiş etmişdir. Bununla belə, Taleh müxtəlif bəhanələrlə onu aldadır, pulunu qaytarmır. Ona yazılı xəbərdarlıq da göndərmişdir. O, pulun qaytarılmadığına görə maddi cəhətdən çox ağır vəziyyətə düşmüşdür. Cavabdeh Fətuila oğlu ondan 7000 (yeddi min) manat borc alıb qaytarmayaraq ona maddi zərər vurmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə mülki işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, iddianı qəbul etmir. Pensiyası kəsildiyi üçün başqa adama pul vermişdir. Həmin adama iddiaçının 2800 manatı da həmin adama vermişdir. Qzax Rayon Məhkəməsində onun barəsində cinayət işi gedir. Onu aldadıblarsa, iddiaçını da aldadıblar. İddiaçının pensiyasının düzəldilməsi üçün həkimlərə onun 3500 manat artıq xərc çıxıb. Notariat qaydada təsdiq edilən onun şəxsiyyət vəsiqəsinin surətidir. 20 nəfərin təzyiqi altında bu cür sənəd yazmışdır. O, da 3000 manat pulu öz işinə görə həmin şəxsə təqdim etmişdir. İddiaçı da onun kimi aldanıb. O yazı özü yazmışdır. Anası ondan xahiş eləmişdir ki, bu məsələni yoluna qoy, o da buna görə həmin yazını yazmışdır. Cavabeh xx.xx.2024-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, ilk iclasda məlum olmuşdur ki, onun haqqında yalan ifadə verilmişdir. Onu aldanıb 3000 manat verdiyi kimi, iddiaçı da 2800 manat vermişdir. 2800 manat verdiyi işində özünü günahkar sayır və nəzərə alınmasını xahiş etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, Cavabdeh 1S-13121 reestr №-li şəxsiyyət vəsiqəsinin 18 dekabr 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş surətinin arxa səhifəsində əl yazısı ilə qeyd edilmişdir ki, “Mən. Əkbərov X3 Zaur Yavər oğ- 7000( yeddi min man.) borca pul almışam. Ayda 500 (beş yüz) manat pay torpaq şərti ilə mənim tərəfimdən ödəniləcək. İmza. Cavabdeh” İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 31 iyul 2024-cü il tarixli pretenziyadan görünür ki, borclu olduğu 7000 (yeddi min) manat məbləğində pulu 15 (on beş) gün müddətində icra etmədiyi halda məhkəməyə veriləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, X1, X5, İddiaçı dayandırılmış pensiyalarının bərpası üçün Cavabdeh vasitəsi ilə İlqar Zülfüqarovdan 3400 manat, Elşən Əliyevdən 3000 manat, İddiaçı 2800 manat pul almış, həmin pul vəsaitlərindən Cavabdeh verməmiş, aldığı pul vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh əməlində dələduzluq hərəkətləri olduğu üçün barəsində cinayət işinin başlanılması xahiş olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 2021-ci ilin dekabr ayında iddiaçıdan 7000 (yeddi min) manat borcu 2022-ci ilin əvvəlindən başlayaraq ayda 500 (beş yüz) manat ödəməklə borcu qaytaracaqdır. 18 dekabr 2021-ci il tarixdə cavabdeh şəxsiyyət vəsiqəsinin surətini Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq etdirib həmin vərəqin arxasına öz xətti ilə ondan 7000 (yeddi min) manat borcu ayda 500 (beş yüz) manat ödəyəcəyini yazıb imza edərək almışdır. Həmin yazının ona məxsus olmasını cavabdeh məhkəmə icasında etiraf etmiş, lakin məcburiyyətdən bunu yazdığını bildirmişdir. Həmşinin cavabeh xx.xx.2024-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək və hazırlıq iclasında bildirmişdir ki, O özü aldanıb 3000 manat verdiyi kimi, iddiaçı da 2800 manat vermişdir. 2800 manat verdiyi hissə də özünü günahkar saymış və nəzərə alınmasını xahiş etmişdir. Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. İddiaçı əlyazısının ona məxsus olmasını etiraf etməsi, İzahatında və göndərdiyi ərizədə 2800 manat pul məbləğini almasını könüllü olaraq bildirməsi, 7000 (yeddi min) manat borcun alınması ilə bağlı yazılı qeydlərin onun iradə ifadə ifadəsi olmasını təsdiq edir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh yazılı qaydada borc aldığı 7000 manat pul vəsaiti iddiaçıya qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, 90 manat dövlət rüsumu cavabdehdən alınıb dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 90 (doxsan) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1993/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1993/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver