Məhkəmə qərarları › İş №2(036)-2033/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2033/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2033/2021 14.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - BOKT "xxxx" QSC) Cavabdeh qarşı “faktorinq müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi tələbinə ARƏDƏ” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 arasında imzalanmış 24 iyul 2019-cu il tarixli, 01 saylı Faktorinq Müqaviləsinə və həmin müqaviləyə edilmiş 12 may 2020-ci il tarixli 6 saylı Əlavəyə əsasən Cavabdeh 319,71 manat əsas borc və 20,40 manat məbləğində dövlət rüsumunun tutularaq Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 Saatlı rayonunda yerləşən mağazasından mebel avadanlığı alması üçün 12 ay müddətinə qaytarılmaq şərti ilə 562 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 20 dekabr 2014-cü il tarixli, 094-EMB-1685-14 saylı kredit müqaviləsi bağlanmışdır. 05 oktyabr 2015-ci il Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 arasında imzalanmış Əmədaşlıq haqqında Müqavilənin 2.1.6-cı bəndinə əsasən “Satıcı” adlandırılan X2 avadanlıqların (istehlak mallarının) satışı zamanı 30 (otuz) gündən yuxarı gecikməsi olan müştərilərin borcunu ödəməyi “Kreditor” adlandırılan BOKT "xxxx" QSC qarşısında öhdəlik götürmüşdür. 20 dekabr 2014-cü il tarixli, 094-EMB-1685- 14 saylı Kredit müqaviləsi üzrə öhdəliklər borcalan Cavabdeh tərəfindən lazımınca icra edilmədiyi üçün BOKT "xxxx" QSC hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 arasında imzalanmış 05 oktyabr 2015-ci il tarixli Əməkdaşlıq haqqında Müqavilənin 2.1.6-cı bəndinə əsasən boralan Cavabdeh gecikdirilmiş 319,71 manat məbləğində kredit borcu hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 tərəfindən BOKT "xxxx" QSC-yə ödənilmişdir. BOKT "xxxx" QSC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 arasında imzalanmış 24 iyul 2019-cu il tarixli, 01 saylı Faktorinq Müqaviləsinə və həmin müqaviləyə edilmiş 12 may 2020-ci il tarixli 06 saylı Əlavəyə əsasən “Müştəri” adlandırılan X2 üçüncü şəxslərə qarşı olan tələb hüququnu “Faktor” adlandırılan BOKT "xxxx" QSC-yə güzəşt etməyi, “Faktor” isə “Müştəri”-dən aldığı tələb hüququnun dəyərini müqavilə şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcunu ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan 20 dekabr 2014-cü il tarixli, 094-EMB-1685-14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin istehsal etdiyi mebellər alması üçün 12 ay müddətinə qaytarmaq şərti ilə 562 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan 05 oktyabr 2015-ci il Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 arasında imzalanmış Əmədaşlıq haqqında Müqavilənin 2.1.6-cı bəndinə əsasən “Satıcı” adlandırılan X2 avadanlıqların (istehlak mallarının) satışı zamanı 30 (otuz) gündən yuxarı gecikməsi olan müştərilərin borcunu ödəməyi “Kreditor” adlandırılan BOKT "xxxx" QSC qarşısında öhdəlik götürmüşdür. İşin materiallarında olan 24 iyul 2019-cu il tarixli, 01 saylı faktorinq müqaviləsindən və 12 may 2020-ci il tarixli 06 saylı faktorinq müqaviləsinə əlavədən görünür ki, “Müştəri” adlandırılan X2 üçüncü şəxslərə qarşı olan tələb hüququnu “Faktor” adlandırılan BOKT "xxxx" QSC-yə güzəşt etməyi, “Faktor” isə “Müştəri”-dən aldığı tələb hüququnun dəyərini müqavilə şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan 23 iyul 2021-ci il tarixli, 310 saylı arayışdan görünür ki, Cavabdeh ilə BOKT "xxxx" QSC arasında bağlanmış 20 dekabr 2014-cü il tarixli, 094- EMB-1685-14 saylı kredit müqaviləsi üzrə, 31 avqust 2015-ci il tarixdə 90 manat, 31 oktyabr 2015-ci il tarixdə 117 manat və 28 dekabr 2015-ci il tarixdə 112,71 manat olmaqla, cəmi 319,71 manat məbləğ Əməkdaşlıq haqqında 21 yanvar 2013-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ödənilmişdir. İşdə olan 04 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 dekabr 2014-cü il tarixli, 094-EMB-1685-14 saylı kredit müqaviləsi üzrə BOKT "xxxx" QSCyə olan əsas borcu 0.00 manat, faiz borcu 0.00 manat, cərimə borcu 0.00 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 655.1-ci maddəsinə görə faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.3-cü maddəsinə görə müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 657.3-cü maddəsinə görə Faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 319,71 manat əsas borc və 20,40 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 319,71 manat əsas borc və 20,40 manat məbləğində dövlət rüsumu, cəmi 340,11 (üç yüz qırx manat on bir qəpik) manat məbləğində pul tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar