Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-207/2025 10.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən ümumilikdə 1373.19 manat (1134.49 manat borc və 238.70 manat icra xərci) məbləğində pulun və ödədiyi 35 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən ümumilikdə 1373.19 manat (1134.49 manat borc və 238.70 manat icra xərci) məbləğində pulun və ödədiyi 35 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X2 Azərkredit MMC-dən kredit götürürmüş və həmin vaxtı iddiaçıdan ona zamin durmağı xahiş etmişdir. İddiaçı cavabdehi tanıdığı üçün ona zamin durmağa razılaşmış, bundan sonra həmin vaxtı bankla iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Sonradan cavabdeh krediti ödəmədiyindən X2 Azərkredit MMC məhkəmədə pul tələbi barədə iddia qaldırmış, İmişli rayon məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 2(036)-3678/2015 saylı məhkəmə əmrinə əsasən bankın tələbi təmin edilmişdir. Cavabdehin banka olan borcunun ödənilməsi zamin olduğu üçün icra məmuru tərəfindən iddiaçının əmək haqqına yönəldilmişdir. İddiaçının əmək haqqından ümumilikdə 1373.19 manat (1134.49 manat borc və 238.70 manat icra xərci) tutularaq X2 Azərkredit MMC-nə köçürülmüşdür. Bundan sonra iddiaçı cavabdehdən onun borcuna görə əmək haqqından tutulan pulu istəsə də cavabdeh iddiaçının pulunu verməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, Bankdan götürdüyü krediti iddiaçının ərinə vermişdir, iddiaçının da bundan məlumatı vardır. İddiaçının əri mərhum oğlu ilə qoyun alveri edirdilər. Oğlu ilə birlikdə fermadan onların həyətinə qoyun gətirmişlər. Kredit götürüləndən sonra oğlu vəfat etmişdir. İddiaçının əri 1-ci dəfə gəlib qapıdan qoyunların bir hissəsini aparmış, bir müddət sonra təkrar Qürbət adlı şəxslə gəlib qalanlarını aparmışdır. Daha sonra gəlib iddiaçının əmək haqqından 500 manat pul tutulduğunu bildirmişdir. Gəlini bildirmişdir ki, oğlu vəfat etməmişdən əvvəl 6-7 ay pul ödəmişdir. İddiaçının ərinə 600 manat pul vermişdir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. İmişli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(036)-3678/2015 saylı məhkəmə əmrindən görünür ki, borclular Cavabdeh və İddiaçı müştərək qaydada 2499,91 manat əsas borc, 739,98 manat faiz borcu, 126,24 manat cərimə, 23,80 manat sığorta haqqı, cəmi 3389,93 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutulub tələbkar BOKT "xxxx" MMC-nin hesabına keçirilməsi əmr edilmişdir.
8. İmişli rayon icra və probasiya şöbəsi tərəfindən İmişli rayon Təhsil şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 953 saylı məktubdan görünür ki, İddiaçı əmək haqqından hər ay 50% tutaraq, cəmi 1134,49 manat borc məbləği tutularaq tələbkar BOKT "xxxx" MMC-nin hesabına və borc məbləğinin 7% - 238,70 manat isə borclu icra sənədini könüllü icra müddəti ərzində icra etmədiyindən icra ödənişi tutularaq icra məmurlarının yerli xəzinə orqanında olan depozit hesabına köçülməsinə göstəriş verilməsi xahiş edilmişdir.
9. BOKT "xxxx" MMC tərəfindən verilmiş cədvəldən müəyyən olunur ki, İddiaçı tərəfindən 1134,49 manat borc məbləği və 238,70 manat icra xərci ödənilmiş, əsas borc qalığı 0 manat təşkil etmişdir.
10. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh, BOKT "xxxx" MMC ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüşdür. İddiaçı isə həmin kredit müqaviləsi üzrə zaminlik müqaviləsini bağlamışdır. İddiaçıdan icra sənədi üzrə 1134,49 manat əsas borc məbləği tələbkar BOKT "xxxx" MMC-nin və borc məbləğinin 7% - 238,70 manat icra ödənişi tutulub icra məmurlarının yerli xəzinə orqanında olan depozit hesabına köçürülmüşdür.
11. Cavabdeh məhkəmə iclasında iddiaçının ərinə pul verdiyini bildirsə də, həmin pulun hazırki mübahisəyə nə kimi aidiyyətinin olmasını əsaslandıra bilməmiş, bu barədə sübutlar məhkəməyə təqdim edə bilməmişdir.
12. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq öhdəliyi icra etmiş zamin borcluya qarşı reqres hüquq əldə etmiş və iddiaçı ödədiyi pulu cavabdehdən tələb etməkdə haqlıdır.
13. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
14. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 35 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. VI. Nəticə:
15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh ümumilikdə 1373.19 manat (1134.49 manat borc və 238.70 manat icra ödənişi) məbləğində pul və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev