Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2125/2025 12.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması, əsassız varlanma, sübutetmə vəzifəsi ) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 10.000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Müki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 10.000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi X1 355-C-24 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ilə hədə-qorxu ilə iddiaçıdan 10000 (on min) manat pul tələb etmiş Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və mübahisə mülki xarakterli iş kimi qiymətləndirilmişdir. İddiaçı qərardan narazı qaldığı üçün məhkəmə nəzarəti qaydasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə verdiyi şikayət əsasında müstəntiqin qərarı ləğv edilərək yenidən araşdırmaya göndərilmişdir. Çünki müstəntiq düzgün və obyektiv araşdırma aparmayaraq iddiaçının təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş və formal araşdırma aparmaqla əməlində cinayət tərkibi olan şəxsin cinayət əməlini pərdələmişdir. Halbuki hədə-qorxu ilə pul tələb etmənin gedişatına kimi baş vermiş hadisələrin ardıcıllığından və iş materiallarından göründüyü kimi Cavabdeh özünü Bakı şəhəri Baş Polis İdarəsinin əməkdaşı və yüksək rütbəli məmurunun qohumu kimi təqdim edərək hədə-qorxu ilə iddiaçıdan pul tələb etməsi kifayət qədər möhtəbər sübutlarla təsdiq olunmuşdur. Cavabdehin hədə-qorxu ilə pul alması öz izahatı ilə də təsdiq edilir. Belə ki, araşdırma zamanı cavabdeh izahatında iddiaçının ona satdığı avtomobilin satışdan 6-7 ay sonra guya 6.000 (altı min) manat xərci olduğunu, bu səbəbdən də iddiaçıdan həm 6.000 manatı və həm də əlavə 4.000 manat hansı səbəbdən almasını izah edə bilməmişdir. Beləliklə də cavabdehin iddiaçıdan 10.000 (on min) manat pul alması işin mübahisəsiz halıdır və bu fakt kifayət qədər möhtəbər subutla təsdiq edilir. İddiaçı dəfələrlə ondan pulunu geri tələb etdikdə o, iddiaçının tələbinə məhəl qoymamış, pulu geri qaytarmaq istəməmişdir. Belə olan halda pulun məcburi alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddianı qəbul etmir. Belə ki, cavabdeh İddiaçı bir maşın alverçisi kimi internet vasitəsilə tanımışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində telefonla danışarkən iddiaçıya məxsus 2012-ci il buraxılışlı "BMW 3281" sedan minik avtomobilini 28.500 manata satdığını cavabdehə bildirmiş və bu məqsədlə onlar Biləsuvar rayonunda görüşmüşlər. Sonra cavabdeh həmin pulu tam şəkildə iddiaçıya ödəyə bilməyəcəyini bildirmiş, iddiaçı ona lizinq şirkətində tanışları olduğunu, həmin pulun yarısını ödəyərsə, geridə qalanını maşını lizinq etməklə cavabdehə təhvil verəcəyini bildirmişdir. Cavabdeh ona həmin maşının diaqnostika olunmasını və ustada baxılmasını xahiş etdikdə, iddiçı həmin maşını lizinqə qoyacağını və orada baxış keçirilidiyini, bir il müddətinə hər ay yerdə qalan pulu ona ödəməklə 1 il tamamında həmin maşını tam cavabdehin adına alqı-satqı ilə keçirəcəyini, bütün mühərrik və başqa sistemdə olan problemlərə 1 il müddətində zəmanət verdiyini bildirmişdir. Cavabdeh ilkin olaraq iddiaçıya İmişli rayonunda, yaşadığı yerdə 8.000 manat pul vəsaiti verdikdən sonra, maşını öz həyətində saxlamış, 2 gündən sonra Bakı şəhərində iddiaçıya 7.000 pul ödəmiş və ümumilikdə danışdıqları 28.500 manat puldan iddiaçıya 2 dəfəyə ödədiyi 15.000 manat puldan sonra iddiaçıya 13.500 manat borcu qalmışdır. Hər ay cavabdeh iddiaçıya 1.250 manat pul ödəmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində cavabdeh iddiaçıya mühərrikdə nasazlıq yarandığını, maşında bəzi detalların dəyişilməsinin lazım olduğunu demişdir. İddiaçı mart ayında onunla görüşərək həmin nasazlığı aradan qaldıracağı barədə söz vermişdir. Cavabdeh ona hər ay 1250 manat pul ödəyərkən bu ödəniş 6-7 ay davam etmiş və hər dəfə də iddiaçı ona "narahat olma, nasazlıqları özüm öz xərcimlə aradan qaldıracağam" demişdir. Təxminən həmin nasazlıqların aradan qaldırılması cavabdehə 6-7 min manata başa gəlmişdir. Sonradan cavabdehə məlum olmuşdur ki, cavabdehlə iddiaçı arasında maşın alqı-satqısına dair heç bir sənədləşdirilmə aparılmamış, xx.xx.2024-cü il tarixində həmin minik maşınını "xxxx" MMC-nə girov qoymuş və oradan əlavə olaraq 25.000 manat pul götürmüş və 24 ay müddətinə girov cədvəli hazırlatmışdır. Bununla bağlı cavabdeh onunla və maşın alverində onun şəriki olan Taleh adlı şəxslə Bakı şəhəri, Nərimanov rayonu, Metropark ərazisində görüşmüş, söhbət zamanı cavabdeh onlara etdikləri dələduzluğa görə hüquq-mühafizə orqanlarına müracət edəcəyini bildirmişdir. İddiaçı dostu Talehin yanında cavabdehə yalvararaq onun maşına xərclədiyi pulu və lizinqdən əlavə götürdüyü pulu, ümumilikdə 10.000 manat pul vəsaitini cavabdehə qaytaracağını bildirmişdir. Cavabdeh, iddiaçı və onun dostu Taleh onların idarə etdyi "Range Rover" markalı maşınla yaşadıqları Gənclik metrosu tərəfə getmiş, cavabdeh maşında Talehlə iddiaçını gözləmiş və iddiaçı cavabdehə 10.000 manat pul sayaraq təhvil vermiş və cavabdehdən halallıq almışdır. Yenidən cavabdeh həmin maşının lizinqi ilə bağlı 1.250 manatı bir neçə ay ödəniş etdikdən sonra qalan ayları ödəniş edə bilməmiş və həmin maşını lizinq şirkətinə təhvil vermişdir. Təxminən bir müddət bundan əvvəl Nərimanov Rayon Prokurorluğundan cavabdehə edilən zəngdən məlum olmuşdur ki, İddiaçı cavabdehin barəsində Nərimanov Rayon Prokurorluğuna şikayət etmiş və bildirmişdir ki, guya cavabdeh ondan hədə-qorxu yolu ilə bir neçə ay bundan əvvəl 10.000 manat pul almışdır. Prokurorluqda aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, onun dedikləri şər-böhtandır. Həmin iş materiallarında İddiaçı və dostu Talehin, lizinq şirkətinin mütəxəssisi və eləcə də həmin şirkətin direktoru Şahid3 Sabir oğlunun da izahatları alınmış və şikayətə hüquqi qiymət verilmişdir. Həmin qərar məhkəmədə iş materiallarına əlavə edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, 2024-cü ilin yanvar ayında cavabdehlə iddiaçı arasında alğı-satqı olmuş və iddiaçı “BMW” markalı avtomobili 28.500 manata cavabdehə satmağa razılaşmışdır. Cavabdeh 500 manat beh vermiş, daha sonra iddiaçı avtomobili İmişliyə gətirdikdən sonra 8.000 manatı şahidin yanında Fəridə vermişdir. Daha sonra iddiaçı tanışları Rəşad və Vaqifin vasitəsi ilə avtomobili lizinqə qoyaraq onun borcunun ödənilməsini cavabdehə təklif etmiş və cavabdeh də bununla razılaşmışdır. Lakin lizinqdə ilkin ödəniş lazım olduğu üçün iddiaçı ona verilmiş 8.500 manat və cavabdeh də 3.000 manatı lizinq şirkətinə ödəmişdir. Bundan sonra cavabdeh polis əməkdaşı olması səbəbindən adına VÖEN açdıra bilməyəcəyini bildirmiş və sənədləşmə işləri Rəşadın adına rəsmiləşdirilmişdir. Lakin 6-7 ay keçdikdən sonra cavabdeh özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinin qohumu kimi təqdim edərək iddiaçıya hədə-qorxu gəlmiş və ondan avtomobilin xərci üçün 6.000 manat və əlavə 4.000 manat pul tələb etmişdir. İddiaçı da həmin puldan 10.000 manatı cavabdehə vermişdir. Lizinq müqaviləsi iddiaçı ilə cavabdeh arasında deyil, Rəşadla cavabdeh arasında bağlanmışdır. Ona görə də, cavabdeh artıq məbləğdə pul ödəməsində iddiaçını günahlandıra bilməz. Hər iki tərəfin avtomobili 28.500 manata satıldığını təsdiq etməsi işin mübahisəsiz halıdır. Hüquqlarını müdafiə etdiyi şəxs internet vasitəsilə maşını satışa çıxarmış, cavabdeh həmin maşını görüb bəyənmiş və iddiaçıya 3000 manat beh vermiş, qalan məbləği 2024-cü ilin yanvar ayının 15-nə qədər tam ödəməyə razılaşmışlar. Bundan sonra iddiaçı təklif etmişdir ki, əgər bütöv pulu verə bilmirsə, lizinq şirkətinə satsın, cavabdeh ordan alsın. Lakin lizinqdə ilkin ödəniş lazım olduğu üçün Fərid ona verilmiş 8500 manatı və Elnur da 3000 manatı lizinq şirkətinə ödəmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) məhkəmənin suallarını cavablandıraraq bildirmişdir ki, 3500 manat pul Fəridə nağd şəkildə lizinq şirkəti tərəfindən verilmiş, 25 min manat alqı-satqı müqaviləsi ilə köçürülmüşdür. Elnuru aldadan Fərid deyil, lizinq şirkəti olmuşdur. Cavabdehin verdiyi 11500 manat pul lizinq şirkətinə verildikdən sonra 25 min manat iddiaçının hesabına oturulmuş, sonra isə 11500 manat pulun 3500 manat hissəsi Fəridə qaytarılmışdır. Vergi məsələlərinə görə bir hissə nağd olmuşdur. Daha sonra lizinq müqaviləsi 20500 manata bağlanmış, onun 1500 manatı lizinq xərci olmuşdur. Rəşadın adına VÖEN açılıb, təbii ki, o xeyri olmasa o işə girməzdi. Araşdırma materialı üzrə Rəşad bildirib ki, Fərid müqaviləni yazdıranda Elnurun fikrini yayındıraraq 1000 manat artıq yazdırıb. Bunu deməkdə Rəşadın da öz maraqları olub.
6. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etirazına uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, İddiaçı maşın almış, iddiaçıya əvvəlcə 15 min manat pul vermiş, maşını 28 min manata razılaşmışlar. Sonra iddiaçıya 1000 manat verərsə, iddiaçı ona “İmişli seriyası ilə nömrə veriləcək” demişdir, amma verməmişdir. Hər ay lizinqə pul ödəmişdir. Maşın xarab olduğuna görə bunu iddiaçıya demiş, iddiaçı isə ona həll edəcəyini bildirmişdir. Maşını lizinqə salana zəng vurmuş, Rəşada maşının kreditinin çox olduğunu demiş və adına olan krediti öyrənmək istədiyini bildirmişdir. Rəşad ona İddiaçı bankdan onun adına 4 min manata yaxın pul çıxardığını bildirmişdir. O 15 min manat pulu 3 dəfəyə ödəmişdir. İddiaçının adına 25 min manat köçməsi ilə bağlı rəsmi sənədləri vardır. İddiaçıdan təmir xərcləri üçün 6.000 manat pul almışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 76.1 -ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2 -ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.3 və 115.0.9-cu maddələrinə müvafiq olaraq tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-5/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Nərimanov rayon prokurorluğunun müstəntiqi X1 İddiaçı şikayəti üzrə tərəfindən, hərtərəfli və obyektiv araşdırma aparılmamış, hadisənin şahidləri, o cümlədən şikayətin mahiyyəti üzrə məlumatı olan şəxslərin izahatları arasında ziddiyyətlər dəqiqləşdirilməmiş, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və bu mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. Nəticədə Nərimanov rayon prokurorluğunun müstəntiqi X1 İddiaçı xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır.
11. Cavabdehin etirazına əlavə etdiyi malların elektron alış aktından görünür ki, buraxılış ili 2012-ci il, ban nömrəsi “WBAXG5C5XCDY28551“ olan “BMW 528İ” minik markalı avtomobil xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən "xxxx" MMC-nə 25 min manata satılmışdır.
12. İddiaçının nümayəndəsinin (vəkili) Vəkil vəsatəti əsasında şahid qismində məhkəməyə çağırılan şəxs Şahid3 məhkəməyə ünvanladığı ərizəsində tərəflər arasında nağd ödənişlərin həyata keçirilmədiyini, bütün maliyyə hesablaşmalarının yalnız köçürmə (bank) yolu ilə aparıldığını, istintaq araşdırması zamanı verdiyi ifadəsini tam şəkildə təsdiq etdiyini bildirmişdir.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aşağıdakılar müəyyən olunur:
14. Araşdırma materiallarına əlavə edilmiş 16 vanvar 2024-cü il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (AA 1849368; FİN: OTLGC23; d/t xx.xx.1995) (bundan sonra "Satıcı") bir tərəfdən və bundan sonra "Alıcı" adlandırılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid3 şəxsində, ikinci tərəfdən və bundan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə (Xırdalan qəsəbəsi), ev 4, AAF Park Y/K 81 ünvanında qeydiyyatda olan Şahid4 (VÖEN: **********), (şv: AA 4344238. FİN: xxxxxxx; d/t: xx.xx.2002) şəxsində razılığa gələrək, “BMW 528İ” MİNİK, tipi: SEDAN, buraxılış ili: 2012, ban nömrəsi: WBAXG5C5XCDY28551, rəngi: tünd göy metallik. Mühərrik həcmi: 1997 kub sm olan avtomaşını (bundan sonra "Əmlak") bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə Alıcıya satmağı, Alıcı isə Satıcıdan həmin avtomaşını Lizinq obyekti məqsədi ilə mülkiyyət hüququ ilə əldə etməyi və 25.000 (İyirmi beş min manat) AZN (bundan sonra "Qiymət") müqavilə şərtləri üzrə ödəməyi öhdəsinə götürür. Bu Müqavilənin predmeti olan Əmlakın qiyməti 25.000 (İyirmi beş min manat) AZN təşkil edir.
15. 16 yanvar 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Satıcı”ya məxsus və qeyd olunan müqavilənin 1-ci bəndində nəzərdə tutulan avtonəqliyyat vasitəsi (lizinq predmeti) sahiblik və istifadə edilməsi üçün "xxxx"a təhvil verilmiş, "xxxx" isə onu təhvil almışdır.
16. 17 yanvar 2024-cü il tarixli Kapital Bank ASC tərəfindən verilmiş Ref №:**********/702979676 nömrəli sənəddən görünür ki, ödəyici "xxxx" MMC tərəfindən Az97AİİB400600E**********112 nömrəli cari hesabından İddiaçı AZ09AİİB410100G**********115 nömrəli cari hesabına 25.000 (İyirmi beş min manat) AZN ödənilmişdir.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X2 Polis idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 1/1-3-13-15-1/2-4547/24 nömrəli məktubdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək daxili işlər orqanlarında və həmçinin göstərilən tarixlərdə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin X2 Polis İdarəsinin İmişli stansiyasında xətt polis şöbəsinin post-patrul xidməti manqasının polis nəfəri vəzifəsində xidmət etmiş, xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) xidmətdən xaric olunmuşdur.
18. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, tərəflər iddiaçıya məxsus “BMW 528İ” MİNİK markalı avtomaşının alqı-satqısı ilə bağlı şifahi razılığa gəlmişlər. Alqı-satqı hər iki tərəfin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlara əsasən 28500 manat məbləğində olmuşdur. İlk öncə tərəflər müqavilə üzrə ödənişin nağd ödəniləcəyi barədə razılığa gəlsələr də, 2024-cü ilin yanvar ayında iddiaçı cavabdehə müraciət etmiş və pulu tam ödəməyə hazır olduğunu soruşduqda, cavabdeh həmin pulu verə bilməyəcəyini bildirmişdir. Bundan sonra iddiaçı da cavabdehə bildirmişdir ki, onun lizinq şirkətində tanışı vardır və maşının lizinq vasitəsilə ona satılmasına kömək edəcəklər.
19. Məhkəmə tərəfindən üçtərəfli lizinq və alqı-satqı müqaviləsinin təqdim olunması ilə bağlı lizinq şirkətinə yazılı sorğu göndərilmiş, iddiaçı və cavabdehə müqavilənin təqdim olunması bir neçə dəfə təklif olunsa da, həmin müqavilə məhkəməyə təqdim olunmamışdır. Bununla belə, tərəflərin izahatları ilə, istinad olunan qərarla həmin müqavilənin mövcudluğu təsdiqini tapmış, qərarda müqavilənin rekvizitləri qeyd olunmuşdur.
20. Tərəflərin izahatları ilə müəyyən olunur ki, cavabdeh həmin vaxt polis əməkdaşı olduğundan, belə bir müqavilədə iştirakı mümkün olmamışdır, bu səbəbdən həmin müqavilə iddiaçı və Şahid4 iştirakı ilə bağlanmışdır. Belə ki, məhkəmənin sorğusu əsasında təqdim olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarda həmin hal təsdiqini tapmışdır.
21. Məhkəmə iddia ilə tələb olunan 10000 manat pulun 6000 manat hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları, tərəflərin izahatları ilə müəyyən olunur ki, cavabdeh iddiaçıdan tələb etdiyi və aldığı 10 min manatın 6 min manat hissəsinin məhz təmirlə bağlı olduğunu bildirmiş, pulu tələb edərkən də iddiaçıya təmirlə bağlı 6 min manat verməli olduğunu bildirmişdir. Halbuki cavabdehin iddiaçıya qarşı avtomaşının nasazlığı, təmirlə bağlı hər hansı tələbi, narazılığı olmamışdır. Cavabdeh iddiaçıya bununla bağlı halları bildirdiyini, iddiaçının isə həmin nasazlıqları aradan qaldıracağını bildirsə də, məhkəmə araşdırması zamanı bu hal təsdiqini tapmamış, cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
22. Məhkəmə cavabdehdən tələb olunan 10 min manat pulun 4 min manat hissəsi ilə bağlı iddianın əsaslılığı məsələsinə toplanmış sübutlara məcmu halda qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarda iddiaçı bildirmişdir ki, “....Elnur atası ilə birlikdə avtomobili idarə edib baxdıqdan sonra bəyəndiklərini bildirib və xatırladığı qədərilə 3000-4000 min manat civarında beh vermişlər. Razılıqlarına əsasən isə avtomobilin satış qiymətini 28.500 manat qiymətləndirmişlər. Elnur pulun qalan hissəsini 2024-cü ilin yanvar ayının 15-i tarixində verəcəyini və bundan sonra avtomobilin alqı-satqısını həyata keçirəcəyini bildirmişdir. Bundan sonra Fərid rayonundan çıxıb avtomobili Biləsuvar rayonunda yerləşən evinin həyətinə aparmışdır. Avtomobili satdığından əmin olduqdan sonra avtomobilsiz qalmamaq üçün yeni avtomobil axtarmış və elanda gördüyü avtomobillərdən birini almaq qərarına gəlmişdir. Bundan sonra alacağı avtomobilin ödənişini etmək üçün Elnura zəng edib və yanvar ayının 15-i tarixində pulunun qalan hissəsini tam şəkildə ödəyə biləcəyini bir daha sonuncudan soruşmuşdur. Elnur isə 2024-cü il yanvar ayının 15-i tarixində pulu tam şəkildə ödəyə bilməyəcəyini, bu səbəbdən də avtomobili lizinq müqaviləsi ilə qeydiyyata salıb pulu vermək istədiyini demişdir. Razılıq əldə etdikdən sonra Fərid Bakı şəhərinə gəlib ortaq tanışları vasitəsilə tanıdığı və özünü lizinq şirkətinin işçisi kimi təqdim edən Şahid4 zəng edib avtomobili lizinqə salıb 17.000 manat pul götürməli olduqlarını sonuncuya bildirmişdir. Rəşad da bu məsələdə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o, dostu Şahid2 və Elnurla birlikdə Rəşadla görüşmək üçün Bakı şəhəri Nəsimi rayonu “28 May” küçəsində yerləşən kiçik ofislərin birinə gəlmişlər. Söhbətləri əsnasında Elnur ona 11.500 manat pulu özünün nağd şəkildə verəcəyini, qalan 17.000 manat pulu isə lizinq vasitəsilə təqdim edəcəyini bildirmişdir. Həmin vaxt Rəşad Elnurun polis əməkdaşı olması səbəbindən adına VÖEN açıla bilməyəcəyini bildirmişdir. Həmçinin Rəşad özünün adına VÖEN olduğunu, müqaviləni onun adına bağlaya biləcəklərini Elnura bildirdikdə sonuncu bu təkliflə razılaşmış və lizinq müqaviləsi Rəşadın adına bağlanmışdır. Həmçinin Rəşad lizinqdən pulun tam şəkildə satıcıya ödəniləcəyi, bu səbəbdən də ilkin ödəniş lazım olduğunu bildirdikdə, Elnurun verdiyi 3000 manat behi özünə qaytarmışdır. Elnur da 3000 manat pulun üzərinə əlavə olaraq 8.500 manat pul qoyub ümumilikdə 11.500 manat pulu Rəşada vermişdir. Bundan sonra Rəşad lizinqdən gələn pulun bank hesabına köçürüləcəyini dedikdən sonra Kapital Bank ASC-də yeni bank hesabı açdırmışdır. Həmin bank hesabına 25.000 manat köçürülmüş, 3500 manat pul isə nağd şəkildə verilmişdir. Sabahı gün həmin bank hesabına 25.000 manat pul köçürülmüşdür.
24. Cavabdehin xx.xx.2025-ci il tarixli qərarda əks olunmuş izahatı ilə müəyyən olunur ki, Fəridlə avtomobilin alqı-satqısını 28.500 manat qiymətində razılaşdıqdan sonra 1000 manat beh pul vermişdir. 2024-cü ilin yanvar ayının 8-i tarixində Fərid yenidən İmişli rayonunda yerləşən evinə gəldikdən sonra 8000 manat pulu sonuncuya vermiş, Fərid də avtomobili evinin həyətində saxlayaraq getmişdir. Pulun qalan hissəsini razılıqlarına əsasən yanvar ayının 16-sı tarixində verməli olduğu halda verə bilməyəcəyini bildirdikdə Fərid avtomobili tanışı vasitəsilə lizinqə qoyaraq pulu götürməyi təklif etdikdə, o da bununla razılaşmışdır. Yanvar ayının 16-sı tarixində səhər Bakıya gəlib Fəridə əlavə 5000 manat pul verərək Taleh və Fəridlə birlikdə Rəşad adlı özünü lizinq şirkətinin işçisi kimi təqdim edən şəxslə Bakı şəhəri Nəsimi rayonu “28 May” küçəsində yerləşən kiçik ofislərin birində görüşmüşlər. Lizinq müqaviləsi bağlanması üçün VÖEN lazım olduğunu Rəşad ona bildirdikdə VÖEN-in olmadığını Rəşada bildirmişdir. Bu səbəbdən də Rəşad onun adına olan VÖEN-i hesabına müqavilə bağlamağı təklif etdikdə o da bunu qəbul etmişdir. Daha sonra Fərid Rəşadın tanış olduğunu, ona kənarda durmasını, lizinq şirkətinin sahibinində Rəşadın dayısı olduğunu bildirmişdir. Bu səbəbdən də o, Fəridə güvənib işlərinə qarışmamışdır. Sonrasında Fərid ona verdiyi 14.000 manatı da lizinq şirkətinə verəcəyini, sonrasında isə bank hesabına pulun tam köçürüləcəyini bildirmişdir. Daha sonrasında Fərid ona lizinqə ümumilikdə 15.000 manat pul ödəyəcəyini bildirmişdir. Bundan sonra 6 ay Rəşadın bank kartına hər ay 1218 manat olmaqla lizinq pulunu köçürtməyə başlamışdır. 2024-cü ilin iyul ayının əvvəllərində həmin lizinq ofisinə gedib müqaviləni qardaşı Elvin Həsənlinin adına dəyişmişdir. 2024-cü ilin iyul ayının əvvəllərində Rəşadla Sumqayıt şəhəri ərazisində yerləşən kafelərin birində görüşüb qalan pulu da tam şəkildə ödəmək istədiyini bildirmişdir. Rəşad ümumilikdə onun lizinqə 19.000 manat pul ödəməli olduğunu bildirdikdə sonuncuya 15.000 manat ödəməli olduğunu, razılıqlarının bu qaydada olduğunu bildirmişdir. Rəşad isə Fəridin 19.000 manat lizinqə pul yazdırmağını, Elnurun bundan xəbəri olmayacağını deməsini bildirmişdir. Sabahısı gün Fəridə zəng edərək Talehlə birlikdə Nərimanov rayonu ərazisində yerləşən “Metropark” ticarət mərkəzinə gəlmələrini bildirmişdir. Onlar həmin yerdə görüşüb, niyə görə adına 19.000 manat pulun lizinqə yazıldığını soruşduqda xəbərlərinin olmamasını, Rəşadın onlardan xəbərsiz bu işi düzüb qoşduğunu bildirmişlər. Rəşadın belə etdiyini bildiyi halda niyə görə xəbər verməməyini Fəriddən soruşduqda, sonuncu cavab verə bilməmişdir. Bundan sonra onlara şikayət edəcəyini bildirdikdə, şikayət etməməyini, nə qədər ziyan dəydiyini soruşdular. O, 15.000 manat razılıq olduğu halda, 19.000 manat lizinqə pul hesablanmasını və avtomobilin əlavə xərclərinə 6000 manat pul ödəməyini bildirib, ümumilikdə 10.000 manat ziyan dəydiyini onlara bildirmişdir.
25. Araşdırma zamanı izahatı alınmış Şahid4 bildirmişdir ki, lizinq müqaviləsinin şərtlərinə görə 25.000 manat pul Fəridin bank hesabına köçməli olmuşdur. Bunun üçün isə Elnurun ilkin ödəniş olaraq lizinq şirkətinə pul köçürüb-köçürməməsi barədə heç bir məlumatı olmamışdır. Lakin bildiyinə görə, Fərid Elnurdan ilkin ödəniş kimi nağd olaraq 14.000 manat pul almışdır. Lizinq müqaviləsini bağlayan zaman isə Fərid anidən ona yaxınlaşaraq Elnurun müqavilənin bağlanmasında, həmçinin müqavilədə göstərilən məbləği görməməsi üçün Fəridin fikrini yayındırmağını ondan istəmişdir. O, Fəriddən niyə görə bunu etdiyini soruşduqda, sonuncu avtomobilin alqı-satqısını etdikdən sonra bu barədə məlumat verəcəyini bildirmişdir. Müqavilənin şərtlərinə görə isə və xatırladığı qədərilə 25.000 manat pul vəsaiti "xxxx" lizinq şirkəti tərəfindən Fəridin bank hesabına köçürülməli idi. Bundan sonra müqavilə bağlanmış və avtomobilin alqısatqısını etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə gedərək alqı-satqı həyata keçirilmişdir. Beləliklə, Cavabdeh 3-4 ay hər ay təxmini xatırladığı qədərilə 1225-1230 manat pulu onun kart hesabına göndərmişdir. O da həmin pulu nağdlaşdıraraq, lizinq şirkətinə ödəmişdir. 2024-cü ilin iyun ayında Elnur ona zəng edib müqaviləni qardaşı Elvin Həsənlinin adına keçirtmək istədiyini bildirdiyinə görə müqaviləni sonuncunun adına dəyişdirmişdir. Müqavilə qardaşının adına dəyişildikdən sonra hər ay lizinqə ödənilən pulu Vaqifə göndərmişdir. 2024-cü ilin iyul ayının əvvəllərində Elnurla Sumqayıt şəhəri ərazisində yerləşən kafelərin birində görüşüb yemək yeyən zaman sonuncu lizinqə olan təxminən 18-19 min borcunu tam şəkildə ödəmək istədiyini bildirmişdir. Bu zaman Elnura lizinqə ödəməli olduğu pulun 18-19 min manat yox, səhv etmirəmsə 25.000 manat olduğunu deyən zaman Fəridin onu aldatdığını, bu səbəbdən də sonuncu barəsində polisə şikayət edib pulunu geri alacağını bildirmişdir. Həmin vaxtdan sonra Elnurla heç bir əlaqəsi olmamışdır. Şahid4 verilmiş suallara cavab olaraq göstərmişdir ki, İddiaçı lizinq müqaviləsi bağlanan vaxtı ona heç bir pul vəsaiti verməmişdir. O, lizinq müqaviləsinin bağlanması zamanı yalnız vasitəçilik etmiş və müqavilədə 25.000 manat pul vəsaitinin Fəridin bank hesabına köçəcəyindən xəbərdar olmuşdur. Avtomobilin alqı-satqısını etdikdən sonra Fərid lizinq müqaviləsində 1000 manat əlavə pul yazdırdığına görə Elnurun müqaviləni görməsini istəməməyini bildirmişdir.
26. Məhkəmə qeyd edir ki, məhz iddiaçının müraciəti əsasında həmin iş üzrə prokurorluqda araşdırma başlamış və iddiaçı ilk öncə 11500 manat pulun, alqı-satqı müqaviləsindən sonra isə 3500 manat pulun nağd şəkildə ona verilməsini bildirmişdir. Bu məbləğlə bağlı tərəflər istər araşdırma materialı üzrə, istər məhkəmə iclaslarında fərqli izahatlar vermişlər, həmin məbləği iddiaçı hətta 15 min manat məbləğində qeyd etmişdir, məhkəmə iclasında 15 min manat deyil, 8500 manat ödənildiyini bildirmişdir, cavabdeh isə araşdırma materialı üzrə 14 min manat pul verdiyini qeyd etsə də, məhkəmə iclasında 15 min manat verdiyini bildirmişdir. Şahid4 də izahatında cavabdehin iddiaçıya verdiyi pulu 14 min manat kimi xatırladığını bildirmişdir. Məhkəmə cavabdehin 14 min manat pulun onun tərəfindən ödənilməsi barədə izahatına əsaslanaraq, onun tərəfindən 14 min manat ödəniş edilməsini işin həqiq halı kimi qəbul edir.
27. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) (14-cü dəqiqədən) məhkəmənin suallarını cavablandıraraq bildirmişdir ki, Elnuru aldadan Fərid deyil, lizinq şirkəti olmuşdur. 3500 manat pul Fəridə nağd şəkildə lizinq şirkəti tərəfindən verilmiş, 25 min manat alqı-satqı müqaviləsi ilə köçürülmüşdür. Yəni, cavabdehin verdiyi 11500 manat pul lizinq şirkətinə verildikdən sonra 25 min manat iddiaçının hesabına oturulmuş, sonra isə 11500 manat pulun 3500 manat hissəsi Fəridə qaytarılmışdır. Vergi məsələlərinə görə bir hissə nağd olmuşdur.
28. Məhkəmə həmin dəlillə razılşamır. Belə ki, Lizinq Şirkətinin rəhbərinin məhkəməyə təqdim etdiyi izahatdan da görünür ki, şirkət tərəfindən heç bir nağd ödəniş edilməmişdir.
29. Məhkəmə lizinq şirkətinin nümayəndəsinin xx.xx.2025-ci il tarixli qərarda əks olunmuş izahatını da işin digər halları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, nağd şəkildə verilmiş 3500 manat pulu da cavabdeh vermişdir. Qərarın iddiaçının izahatı hissəsində pulu kimin verdiyi əks olunmasa da, həmin pulun başqaları deyil, yalnız avtomaşını alan cavabdeh tərəfindən ödənilməsi məntiqlidir.
30. Beləliklə göründüyü kimi, iddiaçı izahatında lizinq müqaviləsi ilə ödəniləcək pulun 17000 manat olduğunu bildirmiş, cavabdeh isə lizinq müqaviləsi ilə ödəniləcək pulun 15000 manat olması barədə razılaşdıqlarını, lakin sonradan onun 19 000 manat ödəməli olduğunu bilmişdir.
31. Təqdim olunmuş izahatlarla müəyyən olunur ki, cavabdeh müqavilə üzrə borc məbləğini Rəşaddan öyrəndikdən, Rəşadın iddiaçı ilə bağlı dediklərindən-onun tərəfindən müqaviləyə artıq pul-19 min manat yazdırılması ilə bağlı bildirməsindən sonra iddiaçının onu aldatması qənaətinə gəlmiş və iddiaçıdan pul tələb etmişdir. Şahid4 izahatı ilə müəyyən olunur ki, İddiaçı pul məbləğini artıq yazdırmaq üçün Rəşada təklif etmişdir ki, Cavabdeh fikrini yayındırsın.
32. Məhkəmə iclasında İddiaçı belə bir halın olmadığını, Şahid4 bu izahatından xəbəri olmadığını bildirmişdir. (xx.xx.2025-ci il tarixli məhkəmə iclası.16:10-cu saniyədən etibarən.) Növbəti məhkəmə iclasında isə iddiaçının vəkili həmin halla bağlı bildirmişdir ki, Şahid4 də bu işdə öz marağı olmuşdur və təbii ki, o vasitəçiliyi hansısa pul müqabilində etmişdir.
33. Məhkəmə Şahid4 həmin ifadəni məhz öz mənafəyi üçün verməsini ağlabatan hesab etmir. Şahid qismində Şahid4 bir neçə dəfə məhkəmə iclaslarına dəvət olunmasına, iddiaçının vəkilinin vəsatəti ilə bu məqsədlə məhkəmə iclaslarının təxirə salınmasına baxmayaraq, şahid məhkəmə iclasında iştirak etməmişdir.
34. Beləliklə müəyyən olunur ki, tərəflər alqı-satqı müqaviləsinin 28500 manata olması ilə bağlı şifahi razılığa gəlmişlər. Bu məqsədlə iddiaçı cəmi 14 min manat pulu öncədən Fəridə vermişdir. Bu məqamda qeyd olunmalıdır ki, pulun əlbəəl Rəşada, yaxud Fəridə verilməsinin fərqi yoxdur. Çünki cavabdeh məhz iddiaçı ilə bu razılaşmaya daxil olmuş və pulların da alqı-satqı müqabilində iddiaçıya verilməsini təmin etmişdir.
35. Daha sonra 25 min manat məbləğində İddiaçı ilə lizinq şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh şifahi razılaşdırılmış 28500 manatdan 14 min manat ilkin ödəniş etmişdi. Cavabdehin iddiaçıya müqavilə bağlanana qədər verdiyi pulun cəmi 14 min manat olduğu nəzərə alınsa, onun tərəfindən əlavə olaraq cəmi 14500 manat pul ödənilməli idi. "xxxx" MMC-nin direktoru və təsisçisi Şahid3 xx.xx.2025-ci il tarixli qərarda əks olunmuş izahatında bildirmişdir ki, alqı-satqı müqaviləsinə əsasən “BMW 528i” markalı avtomobili İddiaçı lizinq şirkətinə 25.000 manat müqabilində satması əks olunmuşdur. Lizinq müqaviləsi üzrə isə İddiaçı 6000 manat ilkin ödəniş etmiş, 25.000 manat isə sonuncunun cari bank hesabına köçürülmüşdür. Əlavə olaraq isə avtomobilin sənədləşməsi üçün ümumilikdə 1500 manat xərclənmişdir. Yekunda Şahid4 adına illik 37.5 %-lə 2 il müddətinə 20.500 manat lizinq üçün pul ayrılmışdır.
36. Beləliklə, cavabdeh lizinq müqaviləsi üzrə cəmi 14500 manat (təqribən 15 min manat) ödəməli idi, müqavilə üzrə 20500 manat ödənilməli olduğu müəyyən olunur. Həmin məbləğin 1500 manatının lizinq xərci olduğu nəzərə alınsa, cavabdehin 19 min manat ödəməli olduğu müəyyən olunur. Cavabdeh də məhz 19000 manat deyil, 15000 manat ödəməli olduğunu bildirmişdir. Bu səbəbdən müqavilə üzrə 4000 manat məbləğində aldadıldığını bəyan etmiş və 4000 manat tələbi məhz lizinq müqaviləsi üzrə aldadılması ilə bağlı olmuşdur. Yəni 14500 manat (təqribən 15000 manat) deyil, 19 min manatın ödənilməli olmasını cavabdeh bildikdən sonra iddiaçıdan 4000 manat pulu 6000 manat ilə birlikdə tələb etmişdir.
37. Məhkəmə iddiaçının vəkilinin lizinq müqaviləsi üzrə şərtlərin hansı qaydada olmasının iddiaçıya heç bir aidiyyəti olmaması, bu məsələ üzrə iddiaçının heç bir məsuliyyətinin olmaması, bu şərtlərin lizinq şirkəti tərəfindən müəyyənləşdirilməsi ilə bağlı dəlillərlə razılaşmır. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, lizinq müqaviləsi çərçivəsində hazırki iş üzrə cavabdeh olan Cavabdeh verdiklərinin lizinq şirkəti üçün əhəmiyyəti olmamış, o müqavilə tərəfi olmamışdır. İddiaçının, cavabdehin də izahatlarından bəlli olur ki, həmin şirkətə cavabdeh məhz iddiaçının təklifi ilə getmiş, Şahid4 də iddiaçının vasitəsilə tanımışdır. Müqavilə bağlanarkən cavabdeh özü müqavilədə iştirak etməmiş, lakin onun verdiyi pullarla müqavilə baş tutumuşdur. Lizinq şirkətinin rəhbərinin izahatı ilə də müəyyən olunur ki, iddiaçı 6000 manat ilkin ödəniş etmişdir. Yəni məhz iddiaçı tərəfindən edilən ilkin ödənişin bağlanacaq lizinq müqaviləsinin məbləğini müəyyən etməsi barədə nəticəyə gəlinir. Bu halda, Şahid4 ifadəsində bildirdiyi hal-cavabdehi yayındırmaqla iddiaçının lizinq məbləğini artıq məbləğdə yazdırması barədə dəlili də bu halda təsdiqini tapır. Məhkəmə bu əsnada qeyd edir ki, lizinq müqaviləsi üzrə ödənilməli faizlərlə bağlı araşdırma aparılmır.
38. Məhkəmə aparılmış araşdırmaya uyğun olaraq hesab edir ki, iddianın əsaslılığı 4000 manat pulun cavabdehdən tələb olunması hissəsində təsdiqini tapmamışdır.
39. Məhkəmə iddiaçının vəkilindən daxil olmuş cavabdeh barəsində xüsusi qərar çıxarılması haqqında vəsatətlə bağlı bildirir ki, iş materialları ilə iddiaçının müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Prokuroluğunda araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli qərarlar qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, həmin icraat çərçivəsində iddiaçının qəbul olunmuş qərarlardan şikayət etmək imkanı vardır, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından da görünür ki, İddiaçı şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar ləğv olunaraq, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır.
40. Məhkəmə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
42. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
44. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
45. Mülki iş üzrə cavabdehə iddia ərizəsinin surətinin çatdırılması, həmçinin tərəflərin və şahidlərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar beş ədəd sadə, iki ədəd sifarişli poçt göndərişi göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 8,1 manat təşkil edir.
46. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
47. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin 80 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalı, məhkəmə xərcinin qalan 40 manat hissəsi iddiaçıya aid edilməli, cavabdehə iddia ərizəsinin surətinin çatdırılması, həmçinin tərəflərin və şahidlərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar 8,1 manatdan ibarət məhkəmə xərcinin 4,86 manat hissəsi Cavabdeh, qalan 3,24 manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
VI. Nəticə:
48. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 6.000 (altı min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 120 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin 80 (səksən) manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun, məhkəmə xərcinin qalan 40 (qırx) manat hissəsi iddiaçıya aid edilsin. Tərəflərin və şahidlərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar 8,1 manatdan ibarət məhkəmə xərcinin 4,86 manat hissəsi Cavabdeh, qalan 3,24 manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülsaba Ağayeva.