Məhkəmə qərarları › İş №2(036)-213/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-213/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-213/2022 09.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 iyun 2019-cu il tarixli, 00738680 saylı alqısatqı müqaviləsi üzrə 1592 manat əsas borc, 480 manat cərimə borcu olmaqla, ümumilikdə 2072 manat məbləğində borcun və 40,72 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2019-cu il tarixli, 00738680 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 ümumi dəyəri 3200 manat olan “İphone XS Max” markalı telefon satılmışdır. Cavabdeh1 həmin malların dəyərində 800 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 12 ay müddətinə hər ay 200 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və o həmin müqaviləyə əsasən Cavabdeh1 öhdəliklərini icrası məqsədilə onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışlar. Borcun ödənilməsinə dair cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, əsas borcu qəbul edir. Lakin cərimə borcu həddindən artıq şişirdildiyi üçün cərimə borcunu qəbul etmir. Odur ki, bütün bunların nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan iddiaçı "xxxx" MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 23 iyun 2019-cu il tarixli, 00738680 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 ümumi dəyəri 3200 manat olan “İphone XS Max” markalı telefon satılmış və cavabdeh həmin malın dəyərindən 800 manat ilkin ödəniş etmiş, qalan məbləği isə 12 ay müddətinə hər ay 200 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 23 iyun 2019-cu il tarixli, 00738680 saylı zaminlik müqaviləsindın görünür ki, Cavabdeh2 23 iyun 2019-cu il tarixli, 00738680 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrası məqsədilə onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 23 iyun 2019-cu il tarixli, 00738680 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-yə olan əsas borcu 1592 manat, cərimə borcu 480 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23 iyun 2019-cu il tarixli, 00738680 nömrəli alqı-satqı müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmişlər, hazırda onların iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 480 manat dəbbə pulunun onun maddi əziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 iyun 2019-cu il tarixli, 00738680 nömrəli alqı-satqı müqaviləsi üzrə 1592 manat əsas borc, 30 manat dəbbə pulu və 40,72 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1662,72 manat məbləğində pul alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 iyun 2019-cu il tarixli, 00738680 nömrəli alqı-satqı müqaviləsi üzrə 1592 manat əsas borc, 30 manat dəbbə pulu və 40,72 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1662,72 (bir min altı yüz altmış iki manat, yetmiş iki qəpik) manat məbləğində pul alınıb "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar