Məhkəmə qərarları › İş №2(036)-2184/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2184/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2184/2025 07.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şahbazlı Musaxan Ağan oğlunun katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 (iki min yeddi yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2025-ci ilin ilk günlərində “Tik-Tok” sosial şəbəkəsində Nağızadə Günay adlı qızla tanış olmuşdur. Bir müddət sonra həmin qızın anası, Cavabdeh ona bildirmişdir ki, sənin tanış olduğun qız mənim qızımdır və onu öldürüblər, öldürən şəxsləri həbs etdirilməsi üçün 40000 (qırx min) min manat pul lazımdır və ondan borc pul istəmişdir. O da xx.xx.2025-ci il tarixdə Şirvan şəhərindən cavabdehin “5239-1517-7074-7957” plastik karta 2000 manat və beleliklə cəmi 4000 manat pul göndərmişdir. Sonradan bilmişdir ki, cavabdeh onu aldadıb və pulunu tələb etmişdir. Cavbdeh Cavabdeh ona 1300 manat pulu vermiş və 2700 (iki min yeddi yüz) manat pulunu isə verməmişdir. O, Şirvan Şəhər Polis Şöbəsində izahat verərək ona 2700 manat borclu olduğunu bildirmişdir. (Qərar əlavə olunur). Dəfələrlə tələb etsə də Cavabdeh ona borclu olduğu 2700 manat pulu bu günədək verməkdən imtina edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və İddiaçı müraciətində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan Şirvan şəhər məhkəməsinə müraciət etmək hüququnun olması onlara izah edilmişdir. Təhqiqat zamanı Cavabdeh izahatında göstərmişdir ki, bir ildən çoxdur ki, qızı ilə Cavid “Tik-Tok” sosial şəbəkəsində tanış olmuş, qızından 3 ay sonra həmin oğlanı tanmışdır. Cavid ilə qızı aralarında sonrada mübahisə yaranmış, Caviddən qızını uzaqlaşdırmaq üçün qızının ölüm xəbərini ortaya atmışdır. Həmin vaxt Cavidə 4000 manat borcları olmuş, həmin puldan 1300 manatını geri vermiş, qalan 2700 manatı isə gələcəkdə verəcəyini söz vermişdir. Hal-hazırda imkanı yoxdu, ay ərzində ödəməyə çalışacaqdır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə Cavabdeh 2700 (iki min yeddi yüz) manat pulun alınıb ona verilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən aralarında mövcud olan razılaşmaya əsasən Cavabdeh iki dəfə 2000 manat olmaqla, cəmi 4000 manat məbləğində bor pul vermişdir. Cavabdeh ona 1300 manat pulu vermiş və 2700 (iki min yeddi yüz) manat pulunu isə verməmişdir. Cavabdehin hazırda 2700 (iki min yeddi yüz) manat borcu qalmışdır. İddiaçı tərəfindən göndərilən pul cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən pulun qaytarılmasından imtina edilmişdir. Halbuki, İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cavabdeh iddiaçıya 2700 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Belə olan halda 2700 (iki min yeddi yüz) manat pulun Cavabdeh tələb etməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2700 (iki min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 47 (qırx yeddi) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Mülki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı bildirişlərin proses iştirakçılarına göndərilməsi üçün 6 ədəd poçt zərfi istifadə edilmişdir. Bir ədəd poçt zərfinin qiyməti 0,9 (doxsan qəpik) manat olduğu üçün işə baxılması ilə əlaqədar tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar məsrəflər 5,4 manat (beş manat qırx qəpik) təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Cavabdeh 5,4 manat (beş manat qırx qəpik) məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 47 (qırx yeddi) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh 5,40 (beş manat qırx qəpik) manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar