Məhkəmə qərarları › İş №2(036)-220/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-220/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-220/2024 19.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 21500 manat məbləğində borcun, ödənilmiş kredit faizləri üçün 3000 manat olmaqla, cəmi 24500 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 164 manat məbləğində dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2023-cü ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində dəniz kənarında yerləşən “Seabreeze” adlı məkanda icarəyə yer və konteyner alaraq şərikli iş qurmağı ona təklif etmiş və yüksək gəlir vəd edərək həmin ilin aprel ayında ondan ümumilikdə 44000 manat məbləğində pul almışdır. Cavabdeh ona götürdüyü kreditin aylıq faizlərini, bundan əlavə qoyduğu pulu və əldə olunmuş gəlirdən payına düşən hissəni ona ödəyəcəyini bildirmişdir. Cavabdeh özünün də 40000 manat məbləğində pul qoyduğunu, daha sonra 15000 manat da qoyduğunu bildirmiş, ümumilikdə 55000 manat, bundan əlavə daha bir şərikin də 22000 manat məbləğində pul qoyduğunu bildirmişdir. İlkin olaraq yern icarəsinin 30000 manat və konteynerin 25000 manata başa gəldiyini, digər xərclərlə 15000 manat əlavə edərək 70000 manat tutacağını demişdir. Bu yerin icarəsi növbəti il 2024-cü il üçün 15000 manat olacağını və hazır konteynerin də orda olacağını demiş, daha sonra bunun alınmadığını və daha ucuz yer götürdüyünü və 58000 manat yalnız icarə haqqı verdiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış, özü bu işə pul qoymamış və iki obyekt icayə götürərək icarə üçün 15000 manat və konteyner üçün isə 10000 manat ödəmişdir. Cavabdeh dəflərlə telefon danışığı zamanı işlərin yaxşı getdiyini , yaxşı qazanc əldə etdiyini ona söyləmiş, lakin sonda cavabdehin onu aldatdığı məlum olmuşdur. Yekunda cavabdeh ona avqust ayında 6000 manat, daha sonra avtomobilini sataraq 6500 manat, atası ilə danışdıqdan sonra isə daha 10000 manat olmaqla ümumilikdə 22500 manat pul qaytarmış və ilkin razılaşmaya uyğun olmayaraq iddiaçı qoyduğu pulun yarısını ona qaytaracağını bildirmişdir. Hal-hazırda cavabdeh ondan verdiyi 44000 manat puldan qalan 21500 manat hissəsini və 3000 manat götürdüyü kreditin ödənilmiş aylıq faizlərini tələb edir.

3. İmişli Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə İmişli RPŞ-yə ərizə ilə müraciət edərək birlikdə iş qurmaq istədiyi dostu Cavabdeh 44000 manat pul verdiyini, sonradan işin alınmadığını bildirən Ceyhunun pulun 22500 manatını qaytardığını, 21500 manatı isə qaytarmadığını qeyd etmişdir.Həmin qərarla İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində qeyd etdiyi xüsusatları eynilə təsdiq edərək təmin olunmasını xahiş etdi.

6. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, şərikli iş qurmaq üçün iddiaçıdan 44000 manat məbləğində pul almış və işləri yaxşı getmədiyindən qurduqları işi ziyanla başa vurmuşlar. Şərikli iş üçün umumilikdə 102000 manat xərcləri çıxıb, həmin xərclərin 44000 manatını iddiaçı, qalan 82000 manatını isə o çəkmişdir. Aralarındakı razılaşmaya əsasən gəlirlərini, xərclərini və etdikləri ziyanı yarı bölməli idilər. Bu səbəbdən iddiaçıdan aldığı 44000 manatın yarısını, yəni 22500 manatını ona qaytarmış, qalan məbləği isə aralarında əvvəlcədən olan şifahi razılaşmaya əsasən qaytarmamışır. Əgər o iddiaçının 44000 ziyanını tam şəkildə ödəməlidirsə, iddiaçı da onun 82000 manat ziyanının yarısını ödəməlidir. Çünki razılaşmaya əsasən gəlirlərə ortaq olduqları kimi, ziyana da ortaq olmalıdırlar. Ona görə də iddianın rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

7. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

8. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

14. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

15. Maddə 1092 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, həmçinin əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir.

16. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

23. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

24. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh 2023-cü ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində dəniz kənarında yerləşən “Seabreeze” adlı məkanda icarəyə yer və konteyner alaraq şərikli iş qurmağı İddiaçı təklif etmiş və sonuncu bu təkliflə razılaşmışdır. Tərəflər aralarındakı razılaşmaya əsasən gəlirləri, xərcləri və etdikləri ziyanı yarı bölməli idilər. Cavabdeh şərikli iş qurmaq üçün iddiaçıdan 44000 manat məbləğində pul almış və işləri yaxşı getmədiyindən qurduqları işi ziyanla başa vurmuşlar. Bu səbəbdən cavabdeh iddiaçıdan aldığı 44000 manatın yarısını, yəni 22500 manatını ona qaytarmış, qalan məbləği isə aralarında əvvəlcədən olan şifahi razılaşmaya əsasən qaytarmamışır.

25. Məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi).

26. Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir.

27. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Göründüyü kimi öhdəliyin yaranması üçün ilk növbədə qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir.

29. “M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2009-cu li tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə əsasən mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən (subyekt tərkibindən, müqavilənin məzmunu və formasından) ibarətdir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır.

30. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər.

31. Beləliklə, yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir.

32. Lakin məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında hər hansı formada mülki qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlanmamışdır. Nəzərə alınmalıdır ki, tərəflər arasında müəyyən iş birliyi ilə bağlı razılaşma olsa da, qurmuş olduqları iş üçün bütün mühüm şərtlər barədə öhdəlikləri razılaşdırmamışlar. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında hər hansı müqavilə bağlanmamış hesab edilir və iddiaçının öhdəliyin (hər hansı formada razılaşdırılmamış, yəni mövcud olmayan öhdəliyin) icrasını tələb etmək hüququ yoxdur.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü li tarixli Qərarına əsasən hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz.

34. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

35. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə məsrəfləri tərəflərə aid edildiyindən və iş üzrə iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 164 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar