Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2244/2020 16.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X4» MMC-nin Cavabdehnа qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «X4» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6212 manat məbləğində ziyanın və 30 manat məbləğində dövlət rümunun alınıb «X4» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia rələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı «X4» MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən 3 aylıq sınaq müddəti tətbiq edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, işəgötürənlə aralarında “Tam maddi məsuliyyət” haqqında müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixdə 403-K saylı əmrlə adminstrator vəzifəsinə keçirilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə «X4» MMC-nin Keşlə - 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli İnventarizasiya nəticələrinə dair akta əsasən yekun zərər məbləği 6495 manat məbləğində müəyyən edilmiş, həmin zərərdən 283 manatı güzəşt edilmişdir. Hazırda Cavabdeh vurulmuş zərər olaraq «X4» MMC-yə 6212 manat məbləğində borcu vardır. Vurulmuş zərərin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamış, dəymiş ziyan ödənilməmişdir. Ona görə də göstərilən tələb ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında «X4» MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətnaə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Аzərbaycan Respublikası Konistitusiyasının 125-cimaddəsinin Vİİ bəndində göstərilmişdir ki,məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarında olan «X4» MMC-nin xx.xx.2018-ci il tarixli, 118-K saylı əmrinin çıxarışından və həmin tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh həmin tarixdən üç ay sınaq müddəti müəyyən edilməklə Cəmiyyətin satış əməliyyatları şöbəsinin İddiaçılər şəbəkəsinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan «X4» MMC-nin xx.xx.2018-ci il tarixli, 403-K saylı əmrinin çıxarışından və xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən Cəmiyyətin satış əməliyyatları şöbəsinə adminstrator vəzifəsinə keçirilmişdir. İşçi Cavabdeh ilə «X4» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 3.3-cü bəndinə görə işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir, içinin akta tanış olmaqdan və ya ziyanla bağlı izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir və bu barədə imtina aktı tərtib olunur. İşdə olan Cavabdeh fəaliyyəti dövrdə mağazada aparılmış İnventarizasiya nəticələrinə dair aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə «X4» MMC-nin Keşlə - 5 mağazasında inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar üzrə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və inventarizasiyanın yekun nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh fəaliyyəti dövrdə mağazanın dövriyyəsində 378816 manat dəyərində mal satılmış, yoxlama dövrünün ümumi nəticəsi olaraq 8389 manat dəyərində mal kəsiri olmuşdur. «X4» MMC həmin kəsrdən dövriyyə məbləğinin 0,5 faizini güzəşt etmiş, vurulmuş ziyanın məbləği yekun olaraq 6495 manat məbləğində müəyyən edilmişdir. (378816 ÷ 100% x 0.5% = 1894 ; 8389 – 1894 = 6494) Bundan əlavə Cavabdeh müəyyən edilmiş ziyanın məbləğindən də 283 manatı güzəşt edilmişdir, hazırda onun iddiaçıya vurduğu ziyana görə 6212 manat manat borcu vardır. (6495 – 283 = 6212) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci hissəsinə görə ziyanın həqiqətən vurulduğu aşkar olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 194-cü maddəsinin 1-ci hissəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin maddənin 2-ci hissəsinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin 1-ci hissəsinin a) bəndinə görə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin maddənin 2-ci hissəsinə görə işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 205-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.Həmin maddənin 2-ci hissəsinə görə əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 6212 manat və 30 mant məbləğində dövlət rüsumu, cəmi 6242 manat məbləğində pul tutulub «X4» MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 6212 manat və 30 mant məbləğində dövlət rüsumu, cəmi 6242 (altı min iki yüz qırx iki) manat məbləğində pul tutulub «X4» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2244/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2244/2020
16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver