Məhkəmə qərarları › İş №2(036)-2273/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2273/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2273/2020 22.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehlər Cavabdeh və Zamin2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh, Zamin2, Zamin1 və Zamin3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin2, Zamin1 və Zamin3 müştərək qaydada xx.xx.2015-ci il tarixli 8993 saylı kredit razılaşması üzrə 639.56 ABŞ dolları məbləğində əsas borcu, 144.09 ABŞ dolları məbləğində faiz borcu, 862 ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 99.27 ABŞ dolları olmaqla, ümumilikdə 1745.65 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC xx.xx.2015-ci il tarixli 8993 saylı kredit razılaşması əsasında 18 ay müddətinə illik faiz dərəcəsi 28% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Zamin2, Zamin1 və X4 zaminlik müqavilələrinə əsasən bank qarşısında eyni həcmli məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin cavabdehlərə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdehiddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiada göstərilən dəbbə pulu olduqca yüksəkdir onun həmin məbləğdə dəbbə pulu ödəməyə imkanı yoxdur. Dəbbə pulunun azaldılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehZamin2 izahatında Cavabdeh ilə eyni məzmunlu izahat verərək iddianın qismən təmin olunmasını xahiş etdi. Cavabdehlər Zamin1 və Zamin3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin materiallarında olan xx.xx.2015-ci il tarixli 8993 saylı kredit razılaşmasından görünür ki, həmin razılaşma əsasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə, illik faiz dərəcəsi 28% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan əsas borcu 639.56 ABŞ dolları, 144.09 ABŞ dolları məbləğində faiz borcu, 862 ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 99.27 ABŞ dolları təşkil edir. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdehlər Zamin2, Zamin1 və Zamin3 xx.xx.2015-ci il tarixli 8993 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərilərinə götürmüşlər. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər üzərilərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmişlər, onların iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 862 ABŞ dolları məbləğində dəbbə pulunun onun maddi əziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 10 ABŞ dolları məbləğində müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. Lakin göründüyü kimi iddiaçı kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq kredit müqaviləsi üzrə əlavə faizlər hesablamaqla cavabdehdən 99.27 ABŞ dolları məbləğində faiz borcu tələb edir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin2, Zamin1 və Zamin3 müştərək qaydada 639.56 ABŞ dolları əsas borc, 144.09 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin2, Zamin1 və Zamin3 müştərək qaydada 639.56 ABŞ dolları əsas borc, 144.09 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu, cəmi 793.65 (yeddi yüz doxsan üç dollar altmış beş sent) ABŞ dollarıməbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manat ilə hesablanaraq tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar