Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2314/2021 17.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz bağladığı su və nəqliyyat yolunun öz hesabına açılması, yolla bağlı qanunazidd hərəkətlərinə son qoyulması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz olaraq bağladığı, İmişli şəhərində yerləşən su arxının və nəqliyyat yolunun öz hesabına açılması, onun həmin yollarla bağlı qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, ona və ailə üzvlX1, X2, Cavabdeh və X5 Aqrar İslahatı zamanı İmişli şəhəri ərazisində həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahələrində tikdikləri fərdi yaşayış evlərində yaşayırlar. X1 vəfat etmişdir. O, əvvəllər həyətinə gələn su arxından və nəqliyyat-avtomobil yolundan istifadə edirmiş. Lakin, oğlu Cavabdeh həmin torpaq sahəsində ev tikdirdikdən sonra oğlu həyətin bir hissəsini hasara alır. Onlara gələn su arxını və nəqliyyat yolunu bağladır. İki ildir ki, onun həyətinə su gəlmir və həmçinin maşın yolundan istifadə edə bilmir. Cavabdehdən dəfələrlə bu kimi qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də heç bir nəticəsi olmamışdır. O, şəhər bələdiyyəsinə, icra nümayəndəliyinə müraciət etsə də, onlar mübahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyini bildirmişdirlər. Mübahisəni öz aralarında həll edə bilmədiklərinə görə məhkəməyə müraciə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının öz həyətində su arxı və nəqliyyat yolu vardır. Onun su və nəqliyyat yolu ayrıdır. O, iddiaçının su və nəqliyyat yoluna heç bir müdaxilə etməmiş və iddiaçı öz həyətinə gedən su və nəqliyyat yolundan sərbəst şəkildə istifadə edir. İddiaçı onun anasıdır, aralarında ədavətləri vardır, buna görə də anası ona qarşı əsassız iddia qaldırmışdır. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2024A nömrəli 90701004 kodlu şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,06 ha torpaq sahəsi X4, X6, X2, X7 və X3 ümumi mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin yerində müayinəsi zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin ayrı-ayrılıqda fərdi yaşayış evi və nəqliyyat yolu vardır, iddiaçının həytindən faktik su yolu və ya doldurulmuş su arxı mövcud deyildir, nəqliyyat yoluna isə cavabdeh tərəfindən hər hansı müdaxilə və maneçilik yoxdur. İddiaçı öz həyətinə gedən nəqliyyat yolundan sərbəst şəkildə istifadə edə bilər. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir və iddia tələbinin rədd olunmuş hissəsinə münasib olaraq iş üzrə məhkəmə xərcləri İddiaçı aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2314/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2314/2021
17.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver