Məhkəmə qərarları › İş №2(036)-236/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-236/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-236/2025 06.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1200 (bir min iki yüz) manat məbləğində borcun və ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin avqust ayında təzə tikdirdiyi evə plastik pəncərə düzəltdirmək qərarına gəlmiş və bu məqsədlə İmişli rayonu Qaradonlu kəndində plastik qapı -pəncərə düzəltmək işi ilə məşqul olan Cavabdeh yanına gəlmişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh ona ən keyfiyyətli materialdan hər biri 250 manat olmaqla 7 ədəd böyük pəncərə və hər biri 45 manat olmaqla 7 ədəd nəfəslik deyilən kiçik pəncərə düzəltməyi öhdəsinə götürmüşdür. Bundan sonra, cavabdeh gəlib ölçüləri götürmüş 500 manat beh alaraq getmişdir. Razılaşmalarına əsasən o, cavabdehə ümumilikdə 2065 manat pul verməyi, cavabdeh isə əvəzində ən keyfiyyətli materialdan plastik pəncərələri düzəltməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh pəncərələri düzəldib gətirib yerinə quraşdırmış və oda qalıq pulu tam olaraq ödəmişdir. Lakin, iddiaçı bir müddətdən sonra pəncərələrin bəzilərinin şüşələrinin aşağı enməsini, bəzilərinin əyilib və hətta bir pəncərənin əyilib sıxılması nəticəsində şüşəsinin sınmasını görmüşdür. Həmin vaxtı cavabdehin onu aldadaraq pəncərələri 250 manatlıq materialdan düzəltmək əvəzinə ucuz materialdan düzəltdiyini başa düşmüşdür. Qeyd etmişdir ki, o, pəncərələri qəbul edərkən onların qüsurlu olmasını bilə bilməzdi. Yalnız pəncərələr yerinə salınandan bir müddət sonra onların keyfiyyətsizliyi aşkar olunmuşdur. O, bu barədə cavabdehə bildirmiş və ona vurulmuş ziyanı ödəməyi tələb etmişdir. Lakin, cavabdeh hər dəfə bir bəhanə gətirərək ona vurduğu ziyanı ödəməmişdir. O, məcbur qalıb Polis Şöbəsinə müraciət etmiş, oradan ona mülki xarakterli mübahisə olduğu üçün məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında olan razılığa əsasən 7 ədəd böyük pəncərə və 7 ədəd nəfəslik deyilən kiçik pəncərə düzəltməyi öhdəsinə götürmüşdür. Pəncərələri quraşdırıb iddiaçıya təhvil verdikdən sonra iddiaçı ona pəncərələrdə qüsur olduğunu bildirmişdir. O pəncərələri götürdüyü şirkət ilə əlaqə saxlamış şirkət həmin pəncərələri dəyişdirməyi öhdəsinə götürmüşdür. Lakin pəncərədə olan rəng fərqinə görə iddiaçı həmin pəncərələrdən imtina etmişdir. İddiaçı ona ümumilikdə 1750 manat məbləğində pul vəsaiti ödəmişdir. Hazırda pəncərələr iddiaçı tərəfindən istənilmədiyi üçün geri götürülmüşdür. İşin faktiki halları: Məhkəmə cavabdeh tərəfindən verilmiş ifadəyə qiymət verərək belə hesab edir ki, cavabdeh məhkəmədə aparılmış araşdırma zamanı verdiyi ifadəsində iddiaçıdan 1750 manat pul vəsaitini aldığını özü etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 575.1 Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh məhkəmə araşdırması zamanı iddiaçı ilə alqı-satqı müqaviləsi bağladığını, onun icrası ilə əlaqədar olaraq pəncərələri quraşdırıb iddiaçıya təhvil verdikdən sonra iddiaçı ona pəncərələrdə qüsur olduğunu bildirmişdir. O pəncərələri götürdüyü şirkət ilə əlaqə saxlamış şirkət həmin pəncərələri dəyişdirməyi öhdəsinə götürmüşdür. Lakin pəncərədə olan rəng fərqinə görə iddiaçı həmin pəncərələrdən imtina etmişdir. İddiaçı ona ümumilikdə 1750 manat məbləğində pul vəsaiti ödəmişdir. Hazırda pəncərələr iddiaçı tərəfindən istənilmədiyi üçün geri götürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddia tələbini etiraf etdiyi üçün Cavabdeh 1200 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 33 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi : İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat pul vəsaiti və 33 (otuz üç) manat dövlət rüsumu olmaqla cəmi, 1233 (bir min iki yüz otuz üç) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar