Məhkəmə qərarları › İş №2(036)-2361/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2361/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2361/2025 09.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3509003Cavabdeh1 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3509003Cavabdeh2 qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdehlər https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3509003Cavabdeh1 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3509003Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 2800 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Müki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən müştərək qaydada 2800 manat məbləğində pulun və ödənilmiş 48 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində pomidor bitkisi əkdiyi istixanası var. Pomidoru müxtəlif alverçilərə sataraq ailəsi üçün qazanc əldə edir. Çox yaxından tanımadığı cavabdehler Cavabdeh2 və Cavabdeh1 birgə ticarətlə məşğul olur və pomidor alaraq satırlar. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 iddiaçıya məxsus mobil nömrəyə zəng edərək, iddiaçıda olan pomidoru almaq istədiyini dedikdə, onlara gəlib həyətlərində pomidor tərəvəzinə baxdıqdan sonra razılaşa biləcəyini demişdir. Elə həmin gün xx.xx.2025-ci il tarixdə Cavabdeh1 və Əli adlı şəxs hər ikisi həyətinə gəlib pomidora baxdıqda onlarla pomidorun hər bir kilosu üçün 3,60 manata razılaşmışlar. Mirağa və Əliyə xx.xx.2025-ci il tarixdə 2838 kg pomidoru topdan 3,60 satmaqla cəmi pulu 9500 manata razılaşmışlar. Mirağa telefon vasitəsilə toyda olduğu üçün pomidoru götürən adını bilmədiyi şəxsin iddiaçıya 4000 manat pul verəcəyini, geridə qalan 5500 manat pulu isə iki günə ödəyəcəyini demiş, iddiaçı onun sözü ilə razılaşmışdır. İki gün sonra Qaraçala qəsəbəsi ərazisində Mirağa ilə görüşdüyü zaman iddiaçıya borclu olduğu 5500 manatı da ödəmişdir. Təxminən 7 gün sonra xx.xx.2025-ci il tarixdə Mirağa gecə saatlarında zəng edib pomidorun bazarda topdan satış qiymətinin 2 manata düşdüyünə görə iddiaçıdan aldığı pomidorun 3/1 hissəsini sata bilmədiyini bildirmişdir. Mirağa həmin qiymətin aşağı düşməsini deyərək hazırda 1000 manat ziyan etdiyi və həmin etdiyi ziyana görə iddiaçıdan kömək istəmişdir. İddiaçı cavabdehə heç bir kömək edə bilməyəcəyini bildirmişdir. Mirağa ertəsi gün yəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Əli ilə birlikdə iddiaçının yaşadığı evə gələrək əlində qalan 1100 kg pomidoru iddiaçıya qaytarıb onu İmişli rayon bazarında sata bilmədiyini və həmin pomidorları Salyan rayon bazarlarında sataraq ona kömək etməsini istədiyi üçün iddiaçı onunla razılaşıb hansı qiymətə sata biləcəyi təqdirdə həmin pulu ona verəcəyini bildirmişdir. Mirağa və Əli iddiaçının bu sözləri ilə razılaşıb 1100 kq-lik pomidoru iddiaçıya verərək getmişdilər. İddiaçı da Mirağanın ona geri qaytarmış olduğu 1100 kg pomidoru Salyan rayon ərazisində yerləşən topdansatış bazarlarında hər kiloqramını 2 manatda sataraq cəmi 2250 manat pulu Mirağaya vermişdir. Bir neçə gündən sonra Mirağa yenidən iddiaçıya zəng edib görüşmək işdədiyini bildirmiş, onunla görüşən zaman Mirağa iddiaçıya böyük məbləğdə ziyanda olduğunu və ona köməklik etməsini istəmişdir. Bu zaman o, Mirağaya yenidən iddiaçıdan topdan pomidor tərəvəzi alarsa bazar qiymətindən aşağı qiymətə ona pomidor verərək kömək edə biləcəyini demişdir. Mirağa və Əli xx.xx.2025-ci il tarixdə axşam saatlarında Mirağanın idarə etdiyi Fort Tranzit markalı avtomobil ilə iddiaçının evinə gəlmişlər. Mirağa və Əliyə kömək məqsədi ilə hazırda pomidor tərəvəzinin topdan satış bazarında 2 manat olmasını və onlara kömək məqsədi ilə 1,90 qəpiyə satacağını və pulunu da nağd şəkildə alacağını dedikdə, hər iki şəxs razılaşıb pomidoru tərəzi ilə çəkib avtomobilə yüklədikdən sonra pulunu elə oradaca nağd şəkildə verəcəklərini demişlər. 2800 kg pomidorun hər kiloqramını topdan 1,90 qəpikdən sataraq Mirağanın avtomobilinə yüklədikdən sonra cəmi iddiaçıya 5320 manat verməli olduqları halda Mirağa iddiaçıya cəmi 2500 manat verərək yerdə qalan 2800 manatı da sabah verəcəyini bildirmiş, iddiaçı Mirağa və Əli ilə razılaşmadığı zaman hər iki şəxs iddiaçının üzərinə düşərək iddiaçını sillə və yumruqla vuran zaman iddiaçının atası Gülabbas yaşadığı evdən onların səslərinə gəlmiş, həmin vaxt Əli avtomobilə əyləşsə də, Mirağa atasını itələmiş, iddiaçının atası Güləbbas yerə yıxılmışdır. Onlar 2800 manat pulu verməyəcəklərini bildirərək həyətdən çıxıb getmişlər. Ümumiyyətlə həmin puldan heç bir ödəniş ödənilməmişdir. Bununla bağlı iddiaçı Salyan RPŞ-nə müraciət etmiş və araşdırma aparılmışdır. Cavabdehlər iddiaçıya cəmi 2800 manat pul borcludurlar, lakin cavabdehlər tərəflərindən verilən vədə əməl etməmiş və həmin pul ödəməmişlər. Cavabdehlər iddiaçının borcunu qaytarmadıqları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehlərdən borcun alınaraq iddiaçıya verilməsini tələb edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən etiraf edərək izahatında göstərmişdir ki, birinci dəfə iddiaçıdan 3,60 manata pomidor almışlar, aldıqları malın bir hissəsi keyfiyyətsiz olduğundan onu iddiaçıya qaytarmışlar. Belə ki, cavabdehlər 1100 kq pomidoru sata bilmədiklərinə görə iddiaçıya qaytarmışlar. İddiaçı da həmin malı 2 manata sataraq pulu cavabdehlərə vermişdir. Daha sonra cavabdehlər iddiaçıdan pomidor almış, onlara dəyən zərəri çıxdıqdan sonra əlavə olaraq iddiaçıya 2500 manat ödəmişlər. Buna görə iddiaçıya yalnız 150 manat borcları qalmışdır. Sonda cavabdeh əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının tələbi əsassız və şər, böhtandır. Əli və o, iddiaçıdan ilk dəfə hər kiloqramı 3,60 manata 2635 kq pomidor almışlar. Mal yaxşı olmadığından onun 1108 kq hissəsini iddiaçıya qaytarmışlar, iddiaçı da qaytarılan malı 2 manatdan satmış və pulunu cavabdehlərə vermişdir. İddiaçı onlara 4000 manat əvəzinə 2250 manat pul vermişdir. Həmin vaxt onlara 1850 manat ziyan dəymişdir. Cavabdehlər iddiaçıdan ikinci dəfə hər kiloqramı 1,6 manata 2800 kq pomidor almışlar və cavabdehlər iddiaçıya əlbəəl 1000 manat vermiş, iddiaçının kartına 2500 manat pul köçürmüş və qalan pulu dəymiş ziyanla əvəzləşdirmişlər. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 577.1-ci maddəsinə görə alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1 -ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2 -ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.3 və 115.0.9-cu maddələrinə müvafiq olaraq tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən edilən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixdə iddiaçı cavabdehlərə 2800 kq pomidor satmış, cavabdehlər həmin malın dəyərindən 2500 manat ödəmişlər.

10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçının irəli sürdüyü faktiki hallar üzrə onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

11. Belə ki, tərəflər arasında alğı-satqı münasibətləri mövcud olmuş, iddiaçı malı cavabdehlərin mülkiyyətinə vermiş, cavabdehlər isə razılaşdıqları pul məbləğini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçının cavabdehlərdən tələb etdiyi hazırkı borc məbləği də həmin münasibətlər nəticəsində yaranmışdır.

12. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alğı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Alğısatqı müqaviləsi iki tərəfin, alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

13. İşin müəyyən edilən və mübahisəsiz halı olan xx.xx.2025-ci il tarixdə iddiaçının cavabdehlərə 2800 kq pomidor satması, cavabdehlərin həmin malın dəyərindən 2500 manat ödəməsi iddia ərizəsinə əlavə edilən sənədlərdə və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materialına əlavə edilmiş qəbzlərdən görünür ki, Elşən A****** adına xx.xx.2025-ci il tarixdə 1500 manat, xx.xx.2025-ci il tarixdə isə 1000 manat məbləğində pul köçürülmüşdür. Həmin faktı təsdiq edən dəlillər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilir.

14. Hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından satılan əşyaların verildiyini və verilən əşyalara görə borcun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdehlər sübut etməlidir.

15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işin mübahisə edilən halı satılan malın qiyməti ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehlərə malı 1,9 manat satdığını və cavabdehlərin 2800 manat borclarının qaldığını iddia etsə də, cavabdehlər həmin malı 1,6 manata aldıqlarını və iddiaçıya xx.xx.2025-ci il tarixdə nağd şəkildə 1000 manat verdiklərini, 2500 manatı iddiaçının kart hesabına köçürdüklərini, qalan pulu isə onlara dəymiş ziyanla əvəzləşdirdiklərini bildirmişlər.

16. Qanunvericiliyin normalarından aydın olur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

17. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

18. Belə ki, məhkəmə iclasında iddiaçı cavabdehlərə malın hər kiloqramının qiymətini 1,9 manata razılaşdırılmaqla satması və buna görə malın ümumi dəyərinin 5320 manat (2800*1,9) təşkil etməsini iddia etsə də, məhkəməyə həmin halı təsdiq edəcək mötəbər sübut təqdim etməmişdir.

19. Məhkəmə qeyd edir ki, malın qiyməti üzrə alıcı və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələri müəyyən edilmədiyindən, həmçinin həmin halın müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilməsi mümkün olmadığından, məhkəmə cavabdehlərin malı 1,6 manata aldıqlarını etiraf etmələrini sübut kimi qiymətləndirməli, alğı-satqı müqaviləsi üzrə malın hər kiloqramının qiymətinin 1,6 manat olması tərəflərin malın qiyməti üzrə həqiqi iradə ifadəsi kimi qəbul edilməlidir. Həmçinin qeyd edilməlidir ki, cavabdehlər iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarda da malın hər kiloqramının qiymətinin 1,6 manat olması haqqında izahat vermişlər. Belə ki, müqavilə üzrə malın ümumi dəyəri 4480 manat (2800*1,6) təşkil etmişdir.

20. İşin digər mübahisəli halı olan satılan malın ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehlərin ona 2800 manat borclu olduqlarını iddia etsə də, cavabdehlər iddiaçıya xx.xx.2025-ci il tarixdə nağd şəkildə 1000 manat verdiklərini, 2500 manat pul vəsaitini isə iddiaçının kart hesabına köçürdüklərini, qalan pulu isə onlara dəymiş ziyanla əvəzləşdirdiklərini bildirmişlər. Cavabdehlərdən Cavabdeh2 isə məhkəmə iclasında iddianı qismən etiraf edərək 150 manat borclarının qaldığını bildirsə də, Cavabdeh1 iddiaçıya borcunun qalmadığını bildirmişdir.

21. Məhkəmədə Cavabdeh2 iddianı qismən etiraf edərək 150 manat borclarının qaldığını etiraf etsə də, cavabdehlər iddiaçıya xx.xx.2025-ci il tarixdə nağd şəkildə 1000 manat məbləğində pul verdiklərinə dair məhkəməyə hər hansı bir dəlil təqdim etmədiklərindən etirazlarının əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Həmçinin cavabdehlər borcun qalan məbləğinin ödənilməsi barədə iddiaçının onlara satdığı mal nəticəsində düşdükləri zərərlə əvəzləşdirdiklərinə istinad etmişlər.

22. Məhkəmə cavabdehlərin borcunun qalan məbləğinin əvəzləşdirməsi ilə bağlı qeyd edir ki, cavabdehlərin əvvəlki alğı-satqı müqaviləsindən irəli gələn tələb və etirazlarının hazırkı hüquq münasibəti üzrə əvəzləşdirilməsi yolverilməzdir. Belə ki, hazırkı müqavilə üzrə tərəflərin qeyd edilən zərərin əvəzləşdirilməsi barədə razılıqları müəyyən edilmir və cavabdehlər məhkəməyə etirazlarının əsası kimi həmin halları təsdiq edən, yəni belə bir razılığın olmasını təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişlər.

23. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

25. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında əşyaların alğı-satqısı ilə bağlı şifahi razılaşma olmuş, iddiaçı 2800 kq pomidorun hər kiloqramını 1,6 manata cavabdehə satmışdır. Cavabdelər alınan malın əvəzində 2500 manat ödəsələr də, razılaşdırılmış pul məbləğinin qalan 1980 manat hissəsini ödəməmişlər. Nəticədə cavabdehlərin 1980 manat məbləğində borcları qalmışdır.

26. Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 1980 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

27. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

28. Mülki iş üzrə cavabdehlərə iddia ərizəsinin surətinin çatdırılması, həmçinin tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iki ədəd sadə poçt göndərişi göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 1,8 manat təşkil edir.

29. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

30. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 48 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin 33,93 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulmalı, məhkəmə xərcinin qalan 14,07 manat hissəsi iddiaçıya aid edilməli, cavabdehlərə iddia ərizəsinin surətinin çatdırılması, həmçinin tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar 1,8 manatdan ibarət məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

VI. Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1980 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 48 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin 33,93 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulsun, məhkəmə xərcinin qalan 14,07 manat hissəsi iddiaçıya aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1,8 manat məhkəmə xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar