Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2383/2025 29.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4985 manat pulun və ödənimiş 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində idarə etdiyi “Hyundai Veloster” markalı ** ST *** dövlət nömrə nişanlı avtomobilin motorunda problem yaranmışdır. Problemi aradan qaldırmaq üçün avtomobil ustası kimi fəaliyyət göstərən Cavabdeh işlədiyi maşın təmiri sexinə gəlmişdir. Həmin vaxt cavabdeh onun maşınına baxmış və bildirmişdir ki, yaranmış problemi aradan qaldırmaq üçün maşının motoru sökülüb yerə qoyulmalıdır. Avtomobildən başı çıxmadığı üçün cavabdehlə razılaşmışdır. Bundan sonra, maşının motorunu söküb və ona maşının motorunun düzəlməsi üçün alınmalı olan materialların siyahısını vermişdir. Həmçinin həmin vaxt cavabdeh ona həmin materialları ala biləcəyi mağazanın yerini və orda işləyən işçinin nömrəsini verərək həmin yerdən lazım olan materialları ala biləcəyini bildirdi. Avtomobil ehtiyyat hissələri satılan mağazanın işçisi ilə danışıb alacağı ehtiyyat hissələrinin pulunu onların verdiyi kart hesabına göndərmişdir. Onlar da həmin ehtiyyat hissələrini göndərmişdirlər. Bundan sonra, cavabdeh avtomobilini təmir edərək ona təhvil vermişdir. Maşının motorxanasına baxandan görmüşdür ki, su boruları şişib. Bundan sonra, qayıdıb cavabdehin işlədiyi sexə gəlmişdir. Cavabdeh maşının motorxanasına baxanda bildirmişdir ki, motor yığılan zaman havası alınmayıb. Bundan sonra, o, guya motorun havasını almış və ona demişdir ki, narahat olma sür get. Bundan sonra, maşını sürüb getmişdir. Həmin gün axşamüstü həmin su boruları partladı və maşın işləmədi. Səhəri gün maşını evakuatora mindirib yenidən cavabdehin işlədiyi sexə gətirdi. Cavabdeh maşına baxdı və bildirdi ki, motor yenidən sökülməlidir, ona lazım olan materialların siyahısını verdi. Yenidən cavabdehin ona dediyi avtomobil ehtiyyat hissələrinin satışı mağazasında işləyən işçi ilə əlaqə yaratmış və onun verdiyi kart hesabına lazım olan ehtiyyat hissələrinin pulunu göndərmişdir. Bundan sonra cavabdeh təkrar maşının motorunu təmin eləmiş və bildirmişdir ki, narahat olma sür get. Səhəri gün maşının yağının işığı yanmış və maşın yenə işləməmişdir. Yendən maşını cavabdehin sexinə aparmış və o, maşının qalofkasının sökmüş, maşının yenidən yığılacağını bildirmişdir. Bundan sonra başa düşmüşdür ki, cavabdeh maşını təmir edə bilmir, onu boş yerə xərcə salır. Cavabehdən çəkiyi xərcləri tələb etsə də, o, pulu ödəməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İmişli rayon polis şöbəsinə Cavabdeh verdiyi xx.xx.2025-ci il tarixli izahatında göstərmişdir ki, İddiaçı avtomobili təmir etdirmək üçün onun yanına gətirmişdir. Ehtiyyat hissələri almaq üçün Mübarizi mağazaya yönləndirmiş, Mübariz həmin mağazada işləyən şəxslərin kart hesabına ehtiyat hissələrinin dəyərini göndərmişdir. Xidmət haqqı olaraq ona 350 manat pul verilmişdir. Limited Liability Company MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, dəyişdirilən ehtiyyat hissələrinin ümumi dəyəri 4985 manatdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, hazırda irəli sürülən iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Cavabdeh iddianı etiraf etmədiyindən, iddia ümumi qaydada sübuta yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı iş materiallarından isə görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iş materialları ilə iddiaçının avtomobili təmir etdirmək üçün cavabdehin yanına gətirdiyi, cavabdehin ehtiyyat hissələri almaq üçün iddiaçını mağazaya yönləndirdiyi, xidmət haqqı olaraq ona 350 manat pul verildiyi təsdiqini tapsa da, cavabdehin təqsiri üzündən avtomobildə nasazlığın yaranması, onun təqsirli hərəkətləri nəticəsində və göstərişi ilə iddiaçıya məxsus avtomobilin hansı ehtiyyat hissələrinin dəyişdirilməsi təsdiqini tapmır. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №2(036)-2383/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2383/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver