Məhkəmə qərarları › İş №2(036)-242/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-242/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-242/2021 16.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, qonşusu Cavabdeh xx xxxx 2019-cu il tarixdə anasının xəstəliyi ilə əlaqədar onu İran İslam Respublikasına müalicəyə aparmaq üçün pul lazım olduğunu bildirmişdi. O, Cavabdeh iş yoldaşı Rauf Baloğlanlının şahidliyi ilə ona 7000 (yeddi min) manat borc pul vermişdi. Cavabdeh pulu ödəmək üçün öz əmək haqqı kartını və yaxın qohumu Afisə Ağayevanın təqaüd kartını ona verir. Hər ay Cavabdeh əmək haqqı kartından 200 manat Afisə Ağayevanın təqaüd kartından 150 manat götürməklə qalan pulu ona və Afisə Ağayevaya qaytarmaqla bağlı Cavabdeh ona öz xətti ilə yazılmış və imzalanmış iltizam vermişdir. Əmək haqqı kartının dəyişdirməyəcəyini də iltizama qeyd etmişdir. Lakin Cavabdeh həmin kartı ona verdikdən sonra 3 dəfə əmək haqqı kartını dəyişdirmiş və o, həmin kartlardan pul çıxara bilməmişdir. Hazırda o, cavabdehə verdiyi pulunu geri ala bilmir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi il bağlı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində cavabdehdən 7000 manat pul tələb etmişdir. Cavabdeh ondan anasının xəstəliyi ilə əlaqədar əvvəlcə 5000 manat, sonradan təkrar yanına gələrək başqa bir şəxsə borcu olduğunu bildirərək əlavə 2000 manat pul istəmişdir. O da cavabdehin ailə vəziyyətini nəzərə alaraq ona 2000 manat pulu vermişdir. Cavabdehin ona verdiyi əmək haqqı kartından ümumilikdə 880 manat pul çıxartmışdır. Sonradan kart bloklandığı üçün qalan məbləği çıxara bilməmişdir. Hazırda cavabdehin ona 6120 manat borcu qalmışdır. Odur ki, cavadehdən 6120 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Cavabdeh onun tanışıdır. Emil onun yanına gələrək anasının xəstə olduğunu və onun müalicəsi üçün pul lazım olduğunu bildirmişdir. O da, imkanının olmadığını ancaq kənd sakini kimi tanıdığı İddiaçı borc alıb qaytara biləcəyini demişdir. O, Emilə pul verməsini İddiaçı xahiş etmiş və İddiaçı onun yanında Emilə 5000 manat pul vermişdir. Sonradan onun İddiaçı nə qədər pul aldığını bilmir. Məhkəmə iddiaçını və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin araşdırılan halarından müəyyən olunmuşdur ki, Cavabdeh aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən, İddiaçı əvvəlcə 5000 manat, sonradan isə 2000 manat pul vəsaiti almış, həmin məbləğdən 880 manatını geri qaytarmış, qalan məbləği isə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... 740.1-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6120 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 6120 (altı min yüz iyirmi) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar