Məhkəmə qərarları › İş №2(036)-2502/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2502/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2502/2022 27.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3467 manat məbləğində pulun və 54.67 manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Beyləqan şəhərində özünə məxsus Avropa qapıları satışı mağazası var. Cavabdeh dəfələrlə onun mağazasına gələrək İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən özünə məxsus mağazada satmaq üçün ondan ayrı-ayrı vaxtlarda 5 ədəd ümumi dəyəri 1254 manat olan “Rivera Venge” modelli qapı və 3 ədəd çərçivə, 2 ədəd ümumi dəyəri 480 manat olan “Madrid orex” modelli qapı, 5 ədəd ümumi dəyəri 1225 manat olan "Retro” modelli ağ qapı, 3 ədəd ümumi dəyəri 720 manat olan ”Rivera Venge” modelli qapı, 6 ədəd ümumi dəyəri 1440 manat olan "Rivera Venge” modelli qapı, 5 ədəd ümumi dəyəri 1200 manat olan “Rivera Venge" modelli qapı, 4 ədəd ümumi dəyəri 1164 manat olan “Avstriya” modelli vanili qapı və 3 ədəd ümumi dəyəri 345 manat olan "Palma Kapuçino” modelli qapı almış, onların ümumi dəyərindən 4561 manatını ödəmiş, qalan 3467 manatı isə ödəməmişdir. Dəfələrlə cavabdehdən borcunu qaytarılmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, onun Beyləqan şəhərində İddiaçı məxsus Avropa qapıları satışı mağazasının yanında özünə məxsus sexi vardır. O, Avropa qapılarının quraşdırılması işi ilə məşğuldur. Boş vaxtlarında isə Xəzərin qonşuluğunda olan mağazasına keçib onunla söhbətləşir. O, Xəzərin yanında olarkən İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Vüqar mütəmadi olaraq Xəzərdən xeyli sayda nisyə Avropa qapıları almışdır. Son bir neçə aydır ki, Xəzəri dəfələrlə əsəbi halda gördükdə bunun səbəbini soruşmuş, Xəzər isə cavabında Vüqarın aldığı qapıların pulundan 3467 manat borclu qaldığını, hər dəfə müxtəlif bəhanələrdə borcunu ödəməkdən yayındığını, sonda isə sonuncudan şikayət etməmək üçün onu hədələdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, onun Beyləqan şəhərində İddiaçı məxsus Avropa qapıları satışı mağazasının yanında özünə məxsus şüşə sexi vardır. O, mütəmadi olaraq Xəzərin mağazasında olarkən İmişli rayonun sakini Vüqar adlı şəxs Bəhrəmtəpə qəsəbəsində satmaq məqsədilə Xəzərdən mütəmadi olaraq xeyli sayda nisyə Avropa qapıları almışdır. Bir neçə aydır ki, Xəzər Vüqarın aldığı qapıların pulundan 3467 manat borclu qaldığını, hər dəfə müxtəlif bəhanələrdə borcunu ödəməkdən yayındığını, sonda isə sonuncudan şikayət etməmək üçün onu hədələdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 29-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3467 manat məbləğində pul və 54.67 manat dövlət rüsumu olmaqla, cəmi 3521,67 manat məbləğində pul tutulub İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3467 manat məbləğində pul və 54.67 manat dövlət rüsumu olmaqla, cəmi 3521,67 (üç min beş yüz iyirmi bir manat, altmış yeddi qəpik) manat məbləğində pul tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar