Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-252/2025 30.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldığı 154 (bir yüz əlli dörd) manat məbləğində pulun, 30 (otuz) manat əldən çıxmış faydanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli - Bəhrəmtəpə yolu kənarında ona məxsus mağazada nəqliyyat vasitələrinə aid ehtiyat hissələrinin satışı ilə məşğuldur. Mağazanın yanında maşın ustası kimi işləyən X1 yanında 2024-cü ilin mart ayında Cavabdeh dükanında ondan 154 (bir yüz əlli dörd) manat dəyərində öz maşınına aid ehtiyat hissəsi götürmüş və borcunu mart ayının sonunda qaytaracağını demişdir. Mart ayının sonunda isə imkanı olmadığı üçün may ayında qaytaracağını bildirmişdir. Beləliklə, borcu qaytarmaqdan yayınmışdır. May ayında isə qardaşı ilə gəlib 4 ay əvvəl ondan aldığı akkumulyatoru işləmədiyi üçün qaytaracağını bildirmiş, lakin akkumlyatoru yoxlayanda işlədiyini görmüşdür. Borcunu istəyəndə isə verməyəcəyini bildirmişdir. Ötən müddət ərzində hələ də borcunu qaytarmamışdır. Həmçinin o, onun borcunu qaytarmaması nəticəsində gəlirindən də məhrum olmuşdur. Həmin borcunu ona vaxtında qaytarsaydı ən azı 30 (otuz) manat gəlir əldə edə bilərdi. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, İddiaçı kəndçisidir. Maşın ustası kimi onun mağazasının yanında fəaliyyət göstərir. O, usta kimi 1 traves, 2 çaşka və 3 şaraboy kimi maşın ehtiyyat hissələrini Cavabdeh maşınına bağlamışdır. Bunları iddiaçının işlətidyi mağazadan alınmışdır. İddiaçı və cavabdehin həmin məhsullarla bağlı hansı razılığa gəldiyini eşitməmişəm. Sonradan, təxminən 1-2 ay sonra iddiaçıdan onların pulunu ödəmədiyini eşitmişəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 575.1 Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı ona mağazanın yanında maşın ustası kimi işləyən X1 yanında 2024-cü ilin mart ayında Cavabdeh mağazada ondan 154 (bir yüz əlli dörd) manat dəyərində öz maşınına aid ehtiyat hissəsi götürdüyünü və pulunu mart ayının sonunda qaytaracağını, mart ayının sonunda isə imkanı olmadığı üçün may ayında qaytaracağını bildirdiyini, beləliklə, pulu ödəməkdən imtina etdiyini iddia edir. Eyni zamanda o, həmin pulun vaxtında veriləcəyi halda ən azı 30 (otuz) manat gəlir əldə edəcəyini iddia edir. İş materiallarında olan Azərbaycan Vətəndaşının AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuşdur. İş materiallarında olan İmişli RİHB-nın Qızılkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 468 nömrəli arayışdan görünür ki, Əmənov X3 rayonu, Qızılkənd kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Məhkəmə belə hesab edir ki, iddiaçı cavabdeh ilə aralarında hər hansı nisyə alqısatqı müqaviləsinin olması, Cavabdeh ondan 154 manat məbləğində maşın ehtiyat hissələrini alması və onların dəyərini razılaşdırılmış müddətdə ödəməməsi barədə məhkəmə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Belə ki, iddiaçının yeganə sübut kimi məhkəməyə təqdim etdiyi şahid X2 məhkəmə iclasında İddiaçı həmkəndli olduğunu, avtomobil ustası kimi maşın ehtiyyat hissələrini Cavabdeh maşınına bağladığını, həmin ehiyat hissələrini isə iddiaçının işlətdiyi mağazadan götürdüyün bildirsə də, iddiaçı və cavabdehin həmin məhsullarla bağlı hansı şərtlərlə razılığa gəldiyini görmədiyini, təxminən 1-2 ay sonra iddiaçıdan cavabdehin onların pulunu ödəmədiyini eşitdiyini bildirmişdir. Belə olan halda, iddiaçının yeganə sübut kimi məhkəməyə təqdim etdiyi həmkəndlisinin ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamadan şahid konkret hansı şərtlərlə müqaviləninin bağlanmasını görmədiyini bildirmişdir. İddiaçı hər hansı hüququnun pozulduğu sübut edə bilmədiyi üçün 30 (otuz) manat əldən çıxmış fayda hissəsində də iddia tələbi təmin edilə bilməz. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud