Məhkəmə qərarları › İş №2(036)-2557/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2557/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2557/2020 28.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada kredit müqaviləsi üzrə 1353.05 manat əsas borc, 468.25 manat faiz borcu, 756.63 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 202.35 manat borc, ümumilikdə 2780.28 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 8663 saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 28% olmaqla 12 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Zamin1 və Zamin2 zaminlik müqaviləsinə əsasən bank qarşısında Cavabdeh ilə eyni həcmli məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: xx.xx.2015-ci il tarixli 8663 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləəsasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 28% olmaqla12 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 6796 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdehlər Zamin1 və Zamin2 xx.xx.2015-ci il tarixli 8663 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərilərinə götürmüşlər. xx.xx.2020-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 8663 saylı kredit müqaviləsi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas 1353.05 manat əsas borc, 468.25 manat faiz borcu, 756.63 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 202.35 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər üzərilərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmişlər, onların iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 467-ci maddəsinə görə мəhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 756.63 manat məbləğində dəbbə pulunun onun maddi əziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. Lakin göründüyü kimi iddiaçı kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq kredit müqaviləsi üzrə əlavə faizlər hesablamaqla cavabdehdən 202.35 manat məbləğində faiz borcu tələb edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsaslanaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2müştərək qaydada xx.xx.2015-ci il tarixli 8663 saylı kredit müqaviləsi üzrə 1353.05 manat əsas borc, 468.25 manat faiz borcu, 100 manat cərimə borcu, 30 manat məbləğində dövlət rüsumu, cəmi 1951.30 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinəödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2müştərək qaydada xx.xx.2015-ci il tarixli 8663 saylı kredit müqaviləsi üzrə 1353.05 manat əsas borc, 468.25 manat faiz borcu, 100 manat cərimə borcu, 30 manat məbləğində dövlət rüsumu, cəmi 1951.30 (bir min doqquz yüz əlli bir manat, otuz qəpik) manatməbləğində pul tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar