Məhkəmə qərarları › İş №2(036)-2575/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2575/2025

06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2575/2025 06.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçının avtomobilinə dəymiş ziyana görə 1584 manat məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçının idarə etdiyi "Mercedes Benz 240" markalı “**- KS-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1584 manat və 35.85 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1619.85 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir Zərdab yolunun Şıxbağı kəndi ərazisində özünə məxsus “Mersedes-Benz 240” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərkətdə olarkən qarışdan gələn Cavabdeh məxsus “Mersedes-Benz C 200” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə cavabdehin ötmə əməliyyatını düzgün həyata keçirməməsi səbəbindən yol-nəqliyyat hadisəsi baş vermiş, cavabdehin avtomobili yolun hərəkət istiqamətindəki bir neçə avtomobillə, həmçinin onun avtomobili ilə toqquşaraq ona maddi zərər vurmuşdur. Cavabdehin məsuliyyətsizliyi nəticəsində idarə etdiyi avtomobilə 6085 manat dəyərində maddi zərər vurulmuşdur. Nəticədə inzibati xəta törətmiş şəxs Cavabdeh Zərdab Rayon Məhkəməsinin 3(035)-180/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə vurulmuş ziyanı müəyyənləşdirmək və avtomobili təmir etdirmək məqsədilə Zərdab rayonunda fəaliyyət göstərən X3 məxsus avtomobil təmiri sexinə müraciət etdi. Avtomobilə baxış keçirildikdən sonra müəyyən olundu ki, avtomobilə 6085 manat dəyərində ziyan dəmişdir. Qeyd olunanlar müvafiq akt tərtib olunmaqla imzalanmış və avtomobilin fotoşəkilləri çəkilmişdir. Qeyd olunan həmin aktı və avtomobilə dair fotoşəkli ərizəyə əlavə edir. Bundan əlavə, hadisə üzrə PaşaSığora ASC tərəfindən ona 4501 manat ödənilmişdir. Lakin bu vəsait avtomobili təmir etmək üçün kifayət etmir. Yuxarıda da qeyd etdiyi kimi, cavabdehin məsuliyyətsizliyi nəticəsində avtomobilin tam təmiri üçün ümumilikdə 6085 manat vəsait lazımdır. Yəni hazırda sığorta ödənişindən sonra qalıq qalan vəsait yəni 1584 manat cavabdeh tərəfindən qarşılanmalıdır. Aradan bir neçə müddət vaxt keçsə də, cavabdeh vurduğu ziyanı ödəməkdən imtina edir. Belə ki, dəfələrlə cavabdehin istifadəsində olan mobil telefona zəng edərək vurduğu ziyanı ödəməsini ondan xahiş və tələb etsə də, o, həmin pulu ödəməkdən imtina edir. Artıq cavabdehin idarə eldiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobiliə vurduğu ziyanı könüllü olaraq qaytarmayacağı səbəbilə mülki mübahisə yaranmışdır. Hesab edir ki, cavabdehin vurduğu ziyanın yalnız məhkəmə qaydasında alınması məqsədəmüvafiqdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmənin əvvəlki iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək izahatında göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində vurulmuş zərərə görə iddiaçının tələb etdiyi məbləğ yüksəkdir. Belə ki, o iddiaçıya təklif etmişdir ki, avtomobilinin təmirində ona kömək etsin, lakin iddiaçı imtina etmişdir. Sığorta şirkəti iddiaçıya 4501 manat, başqa avtomobilin sahibinə 499 manat ödəniş etmişdir. Hesab edir ki, sığorta şirkəti iddiaçıya kifayət qədər məbləğ ödəmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 24.1.2-ci maddəsinə əsasən sığortalının və ya sığorta olunanın əvəzinə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri yığmaq və onları sığortalı ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıya təqdim etmək zərərçəkənin hüququdur; 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; 50.2 -ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Zərdab Rayon Məhkəməsinin 3(035)-180/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə aparılan iş üzrə icraata xitam verilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmiş, zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarla müəyyən olunur ki, 28 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuş və X1 əməlində İnzibati Xətalar Məcəlləsinin 328.2 və 333.3-cü maddələrinin tərkibi olduğundan onun barəsində inzibati icraat açılması üçün qərarın surəti Zərdab RPŞ-nin X7 Bölməsinə göndərilmişdir. İXP ******* saylı İnzibati Tənbeh vermə haqqında protokolla Cavabdeh barəsində İXM-nin 328.2 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

10. İşin müəyyən edilən halları ondan ibarətdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə idarə etdiyi özünə məxsus “Mercedes Benz C 200" markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir-Zərdab yolunun Şıxbağı kəndi ərazisində ötmə əməliyyatı icra edən zaman qarşıdan gələn iddiaçıya məxsus “Mercedes Benz 240” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmış və ara məsafəsi az olduğundan nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Mercedes Benz 240” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6085 manat ziyan dəymiş, həmin ziyanın 4501 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı hazırda sığorta ödənişindən sonra qalıq qalan vəsaiti- yəni 1584 manatı cavabdehdən tələb edir.

11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçının irəli sürdüyü faktiki hallar üzrə onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

12. Göründüyü kimi, “Mersedes-Benz C 200” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “Mersedes Benz 240” minik markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, iş üzrə araşdırma aparılmış, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu halda iddiaçı zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

13. Belə ki, mülki qanunvericiliyin müddəalarından aydın olur ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün törədilmiş əməl hüquqa zidd olmalı, əməl təqsirli olaraq törədilməli, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulmalı, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına əsasən şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

15. İddiaçının mülkiyyətinə dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı dəymiş zərəri- X4 tərəfindən tərtib edilmiş zərər aktı ilə müəyyən edilmiş 6085 manatın sığorta şirkəti tərəfindən qarşılanmayan 1584 manat hissəsinin ödənilməsini tələb edir, cavabdeh isə dəymiş ziyanın məbləğinin şişirdildiyini bildirir. Bu baxımdan mübahisənin düzgün həll edilməsi üçün yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə “Mersedes Benz 240” minik markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın məbləği xx.xx.2025-ci il tarixə 5485 manat müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

17. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Məhkəmə, "xxxx" MMC-nin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

19. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən müvafiq ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə inandırıcı və mötəbər sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi hazırkı iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin iddiaçının mülkiyyətinə dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.

20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Mersedes Benz 240” minik markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın məbləğinin X4 tərəfindən tərtib edilmiş zərər aktı ilə 6085 manat müəyyən edilməsinə, iddiaçı tərəfindən sığorta ödəməsi çıxıldıqdan sonra 1584 manat tələb edilməsinə baxmayaraq, dəymiş zərərin ekspert rəyi nəzərə alınmaqla 984 manat (5485 manat ekspert rəyi ilə müəyyən olunmuş zərər məbləği-4501 manat sığorta ödənişi=984 manat) məbləğində olması nəzərə alınmalı, iddia həmin hissəsində təmin edilməli, 984 manat məbləğində dəymiş zərər Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

16. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

18. İş materialında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 35.85 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

19. Mülki iş üzrə iddia ərizəsinin cavabdehə göndərilməsi, həmçinin tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar 3 ədəd sifarişli poçt göndərişi göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 5.4 manat təşkil edir.

20. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məlumat məktubundan görünür ki, müstəqil ekspert rəyi üzrə xidmət haqqı 400 manat təşkil edir.

21. Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 35.85 manat məbləğində dövlət rüsumunun 30 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 400 manat məbləğində ekspertiza xərcindən ibarət məhkəmə xərcinin 248 manat hissəsi Cavabdeh, 152 manat hissəsi İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməli, cavabdehə iddia ərizəsinin surətinin verilməsi, həmçinin tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar 5.4 manat məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya vurulmuş ziyana görə 984 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 30 manatından ibarət məhkəmə xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat məbləğində ekspertiza xərcindən ibarət məhkəmə xərcinin 248 manat hissəsi Cavabdeh, 152 manat hissəsi İddiaçı tutularaq "xxxx" MMC-nin VÖEN: **********, "xxxx" ASC, Kod: 505141, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, SWİFT kod: PAHAAZ22, AZ11PAHA35090AZNHC********** saylı hesabına köçürülsün. Cavabdeh 5.4 manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar