Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-259/2022 09.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlunа qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət edərək istifadəsində olan 13 ha torpaq sahəsində əkdiyi pambıq sahəsinin otarılmasına görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlundan vurulmuş maddi zərərin əvəzi olaraq 14805 manat, rəy verilməsi üçün ödənilmiş 280 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və izahatında göstərdi ki, o 13 ha torpaq sahəsi icarəyə götürmüş və "xxxx" MMC-nin Beyləqan filialı ilə müqavilə bağlayaraq xeyli miqdarda toxum və texnikadan istifadə etməklə həmin torpaq sahəsində pambıq əkmişdir. Cavabdehlər onun pambıq sahəsini öz mal-qaraları ilə otarmaqla ona xeyli miqdarda ziyan vurmuşlar. Vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət etmiş və həmin cəmiyyətin verdiyi rəyə əsasən ona 14805 manat məbləğində ziyan dəymişdir. Rəyin verilməsinə görə o, həmin MMC-yə 280 manat və iddia ərizəsinin verilməsinə görə 135 manat rüsum ödəmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını və cavabdehlərdən vurulmuş ziyana görə 14805 manat məbləğində pulun, 280 manat ekspert xərcinin və 135 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Qaragüvəndikli kəndində aqrar islahat aparılan zaman torpaqlar müxtəlif kateqoriyalara bölünərkən bir hissəsi də kənd əhalisinə örüş-otlaq sahəsi kimi istifadəyə verilmişdir. Həmin otlaq sahəsindən bələdiyyənin sədri X3 Hüseynova 18 ha torpaq sahəsi icarəyə vermişdir ki, həmin torpaqdan yəni örüş sahəsinin bir hissəsini X7 rayonu İmamverdilər kənd sakini İddiaçı pambıq əkmək üçün icarəyə vermişdir. Bu isə qanuna ziddir. Belə ki, örüş-otlaq sahəsinin əkin dövriyyəsinə keçməsi Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq sərəncamı ilə dəyişdirilə bilər. Lakin qeyd olunan şəxslər buna məhəl qoymadan qanunsuz icarə müqaviləsi tərtib etmişlər. Həmin əraziyə bir qrup kənd sakininin iştirakı ilə ƏMDX-nin əməkdaşlarının iştirakı ilə baxılaraq akt tərtib edilmişdir. İddiaçı tərəfindən pambıq əkilmiş sahəsi ümumi örüş otlaq sahəsidir. Kənd camaatının o, cümlədən onun mal-qarasının həmin sahədə daimi otarılması qanunidir. Onun şəxsi təsərrüfatında 5 baş mal-qara vardır ki, müxtəlif sayda kənd camaatının heyvanları ilə birlikdə otarılırlar. Onun mal-qarası digər kəndlilərin heyvanları kimi iddiaçının pambıq əkdiyi torpaq sahəsinə girmək ehtimalı vardır, lakin əgər heyvanlar əraziyə girmişdirsə də ərazi düşünülmüş şəkildə, yəni qəsdən otarılmamışdır. Nəzərə almaq lazımdır ki, heyvanlar insanlar kimi dil bilmir, onların şüuru yoxdur və hansı ərazini otlamasının qadağan olduğunu bilmirlər. Hətta onun heyvanları əraziyə girmişlərsə də qeyd olunan ərazi ümumi örüş otlaq sahəsidir, iddiaçı həmin ərazini təyinatdan kənar əkdikdə, yəni ümumi örüş sahəsinə pambıq əkəndə bu ehtimalları gözə almalı, torpaq sahəsindən təyinatı üzrə istifadə etməli və örüş otlaq sahəsinə pambıq əkməyin qanuna zidd olduğunu nəzərə almalı idi. Bundan əlavə iddiaçı həmin torpaq sahəsindən kifayət qədər pambıq yığmışdır. Onun məhkəməyə təqdim etdiyi ekspert rəyində göstərilən məbləğ inandırıcı deyildir. Odur ki, iddia tələbinin əsassız hesab olunmaqla rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 və X5 işin hallarına dair Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Аzərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İş materiallarında olan 16 may 2003-cü il tarixli 05 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, İmişli rayon Qaragüvəndikli kənd Bələdiyyəsi tərəfindən 18 ha torpaq sahəsi həmin kənd sakini X2 örüş üçün verilmişdir. İşdə olan 08 fevral 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X1 rayon Qaragüvəndikli kənd Bələdiyyəsi tərəfindən 16 may 2003-cü il tarixli 05 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında ona icarəyə verilmiş 18 ha örüş otlaq sahəsinin 13 ha hissəsini Beyləqan rayonunun İmamverdilər kənd sakini İddiaçı subicarəyə vermişdir. Həmin müqavilənin 1-ci bəndindən də göründüyü kimi torpaq sahəsinin təyinatı örüş otlaq sahəsi olduğu torpaq sahəsinin təyinatı qanunamüvafiq qaydada dəyişdirilmədən və heç bir sənədləşdirmə işləri aparılmadan qanunsuz olaraq pambıq əkini məqsədilə subicarəyə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə, təbiət qoruyucu istehsal texnologiyalarını tətbiq etməyə, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməməyə borcludurlar. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməklə torpaq və mülki qanunvericiliyin tələbləri pozulmaqla örüş otlaq sahəsində pambıq əkini aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan "xxxx" MMC-nin 29 oktyabr 2021-ci il tarixli 73 nömrəli rəyində qeyd olunmuşdur ki, İddiaçı icarəyə götürdüyü 13 ha torpaq sahəsində əkilmiş pambıq əkininin 9 ha hissəsinin otarılması nəticəsində ona 14805 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin özəl məhkəmə ekspertləri reyestrinə daxil edilməsi və ona özəl məhkəmə eksperti şəhadətnaməsi verilməsi müəyyən olunmadığından həmin MMC-nin təqdim etdiyi rəy özəl məhkəmə eksperti rəyi kimi qəbul edilə və məhkəmə icraatı çərçivəsində istifadə oluna bilməz. İşdən görünür ki, sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən, həmin hallar mövcud olmayan hallar kimi qiymətləndirilməli və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-259/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-259/2022
09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver