Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2597/2023 20.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və LPO Cavabdeh1 ASC-yə qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh2 və LPO Cavabdeh1 ASC-dən müştərək qaydada 866 manat pulun və ödənilən dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 və X2 ilə birlikdə xx.xx.2015-ci ildə LPO Cavabdeh1 ASC-nin İmişli Filialından 5000 manat məbləğində kredit götürmüşlər. X2 və Cavabdeh2 zamin kimi yazılsalar da, pulu bərabər sayda bölmüşlər. İmişli Rayon Məhkəməsinin 2(036)-3799/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə onlardan müştərək qaydada 3411 manat 98 qəpik borc və 20 manat dövlət rüsumunun tutulub LPO Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Götürülən məbləği tərəflər banka ödəmiş və xx.xx.2023-cü il tarixdə bununla bağlı məktub almışlar. Həmin proses zamanı Cavabdeh2 təqsirindən ondan banka 866 manat artıq pul ödənilmişdir. Belə ki, Cavabdeh2 əvvəl banka kredit borcu olmuş və o da bunu gizlədib. Ona görə də 866 manat artıq tutulan məbləğ Cavabdeh2 köhnə borcuna tutulub. Cavabdehlər isə həmin məbləği qaytarmaqdan imtina edirlər.
3. İmişli Rayon Məhkəməsinin 2(036)-3799/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə İddiaçı, X2 və Cavabdeh2 müştərək qaydada 3411 manat 98 qəpik borc və 20 manat dövlət rüsumunun tutulub LPO Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir.
4. Məhkəmə aktı ilə aydın olur ki, LPO Cavabdeh1 ASC-nin İmişli filialının müdiri X5 və borclu İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8457 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı LPO Cavabdeh1 ASC-dən mənzil təmiir üçün xx.xx.2016-cı il tarixədək 12 ay müddətinə 28 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit götürmüşdür.
5. Həmçinin, LPO Cavabdeh1 ASC-nin İmişli filialının müdiri X5 ilə Cavabdeh2 və X2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6513 nömrəli zaminlik müqaviləsinə əsasən, zaminlər bank qarşısında borclu İddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsinə dair öhdəlik götürmüşlər.
6. LPO Cavabdeh1 ASC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, İddiaçı, X2 və Cavabdeh2 5000 manat məbləğində olan kredit borcu İmişli Rayon Məhkəməsinin 2(036)-3799/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən ödənilmişdir. X2, İddiaçı və Cavabdeh2 LPO Cavabdeh1 ASC qarşısında bank öhdəlikləri mövcud deyildir.
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 610 nömrəli arayışa əsasən, Cavabdeh2 əmək haqqından LPO Cavabdeh1 ASC-nin xeyrinə cəmi 1144 manat məbləğində pul tutulmuşdur.
8. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. Cavabdehlər Cavabdeh2 və LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
15. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
16. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
26. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən olur ki, LPO Cavabdeh1 ASC-nin İmişli filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8457 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı LPO Cavabdeh1 ASC-dən mənzil təmiri üçün xx.xx.2016-cı il tarixədək 12 ay müddətinə 28 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit götürmüşdür. Həmin vaxt LPO Cavabdeh1 ASC-nin İmişli filialı ilə Cavabdeh2 və X2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6513 nömrəli zaminlik müqaviləsinə əsasən zaminlər bank qarşısında borclu İddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsinə dair öhdəlik götürmüşlər. İmişli Rayon Məhkəməsinin 2(036)-3799/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə onlardan müştərək qaydada 3411 manat 98 qəpik borc və 20 manat dövlət rüsumunun tutulub LPO Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Məhkəmə akı ilə müəyyən edilmiş məbləği tərəflər banka ödəmişlər.
28. Məhkəmə qeyd edir ki, hər kəsin məhkəmədə iddia qaldırmaq, pozulmuş hüquq və azadlıqlıqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır.
29. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
31. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
32. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
33. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi öz təsdiqini tapmayıb, iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 və LPO Cavabdeh1 ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev